Məhkəmə qərarları › İş №2(022)-1296/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1296/2024

04.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1296/2024 04.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “03 Oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli aktın əsasında hesablanmış 783,50 manat məbləğində cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun iki ünvanda torpaq sahəsi vardır. İddiaçı Biləsuvar şəhəri, Ş.Mustafayev ünvanında evləri vardır. Digər ev ünvan 1 ildə köhnə olduğundan sökülmüşdür və həmin tarixdən orada ev yoxdur sadəcə yardımçı tikililər vardır. Həmin həyət İddiaçı adınadır, lakin elektirik enerjisinin verilməsi ilə bağlı sayğac mərhum əri X5 adına sənədləşdirilmişdir. X8 11 fevral 2013-cü il tarixdə vəfat etmişdir. 28 dekabr 2023-cü il tarixdə həmin ünvana quraşdırılmış sayğac dəyişdirilərək SMART sayğac quraşdırılmışdır. Həmin ünvanda yaşayış olmamasına baxmayaraq İddiaçı ara bir həmin həyətə baş çəkdiyni və bəzən gecə vaxtlarında işıqdan istifadə etdiyini bildirmişdir. Buna görə İddiaçı həmin SMART sayğacın kartına pul yükləmişdir. Sonradan ona məlum olmuşdur ki, karta yüklənmiş vəsait silinmişdir. Bunun səbəbini aydınlaşdıranda ona köhnə sayğaca görə cərimə yazıldığını və ona görə pulun silindiyi bildirilmişdir. İddiaçı cərimənin səbəbini öyrənmək üşün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Orada ona "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərindən nümayəndələri tərəfindən yoxlama keçirildiyi və 03 oktyabr 2023-cü il tarixli akt tərtib edildiyi bildirilmişdir. Həmin aktdan görünür ki, sayğac keçən elektirik enerjisini qeyd etmir. Həmin sayğac açılaraq yoxlama üçün laboratoriyaya göndərilmişdir. İddiaçı həmin yoxlama rəyini tələb etmiş, lakin,həmin rəyin idarədə olmadığı bildirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin Bakıdan gəldiklərinə görə həmin rəyin orada olmalı olduğu bildirilmişdir. Buna baxmayaraq özlərinə məxsus sistemdən cərimənin məbləğini və eyni zamanda laboratoriya rəyini tapmışdırlar. Həmin rəydə sayğac daxili qüsur nəticəsində işləmədiyi və sayğacın istismara yararsız olduğu göstərilmişdir. İddiaçı Mirzəyeva X1 baxış keçirilməsi haqda məlumatı olmadığını və baxış keçirilən vaxt ona xəbərdarlıq edilmədiyini bildirmişdir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən video və foto çəkilişlərinə baxış keçirilməsini istəmiş lakin onlar heç bir video və foto çəkiliş olmadığı bildirilmişdir. İddia ərizəsiə əlavə etdilmiş sənədlərin kserosurətlərini İddiaçıı müraciətindən sonra təqdim edilmişdir. İddiaçı qeyd edilmiş həmin ünvanda heç bir yaşayışın olmadığını, sayğacın 2005-2006-cı illərdə ilk dəfə abonentlərə quraşdırılmış sayğac olduğunu, həmin sayğacın artıq 18-19 ildir ki, istismarda olduğunu və istismar müddətini 3 ildir ki keçdiyini və SMART sayğacda İddiaçı mərhum əri X5 abonent kimi qeydə alınaraq, həmin sayğacın qoyularkən onların iştirakının təmin olunmadığı bildirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli NDM 034493 nömrəli aktın ləğv edilməli və həmin akt əsasında hesablanmış 783,5 manat məbləğində cərimə hesabımdan silinməli olduğunu hesab edir. İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbiq edilmiş 03 Oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli aktın ləğv edilməsi və 783,50 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini qəbul etməyərək, iş üzrə maddi sübut kimi bir ədəd CD diskin qəbul edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tərtib edilmiş aktın etibarsız olduğunu, həmin aktın onun iştirakı olmadan tərtib olunduğunu bildirərək, hesablanmış cərimə borcunun silinməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərişiq" Açıq Səhmdar Cəmiyyəti 04 dekabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xidməti zərurətlə əlaqədar təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Lələyev.M və Quliyev.C tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli aktın surətindən görünür ki, onlar abonent İddiaçı əri X7 məxsus abonent kodu **********05996 olan ünvanda istehlak edilən elektrik enerjisi uçotu və “X2 Qaydaları”na riayət olunmasının yoxlanılması məqsədilə sayğaca baxış keçirmişlər. Baxış saat 08:24-də icra olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacı sayğac dövrəsindən keçən yükü qeyd emir. Elektrik sayğacının yenisi ilə əvəz olunması, sayğaca laborotoriya şəraitində rəy verilməsi qərara alınmışdır. Abonentə aid saldo məlumatlarından görünür ki, abonentdən NDM seriyalı 034493 nömrəli akt əsasında hesablanmış 783,50 manat borcun ödənilməsi tələb olunmuşdur. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 13 sentyabr 2024-cü il tarxili, 5-391/2584/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Mirzəyeva X4 şəhəri, Ş.Mustafayev küçəsi, ev 25 ünvanında yaşayır. 13 sentyabr 2024-cü il tarixli, 05/Q-656/69 saylı ölüm haqqında arayışa əsasən, sayğacın abonent kodunun adına olan şəxs X8 11 fevral 2013-cü il tarixdə ölmüşdür. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş CD formatlı diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı 03 oktyabr 2023-cü il tarixdə sayğaca baxış keçirilən vaxt onun iştirakı təmin olunmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın: 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X2 edən istehlakçıdır; 1.4-cü bəndinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir; 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır; 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin təlvöD« Enerjinəzarət« İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktın bir nüsxəsi abonentə (barəsində akt tərtib edilmiş şəxsə) təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarından göründüyü kimi, sayğacın istismara yararsız olması və bunun nəticəsində zərər vurulmasının İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 Oktyabr 2023cü il tarixli, NDM 034493 nömrəli akta və həmin aktın tərtib edilməsi üçün əsas olmuş hallara dair məhkəməyə baxış keçirilməsi ilə əlaqədar CD formatlı görüntüdən başqa hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olduğu təqdirdə isə, iddiaçıya 03 oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli akt əsasında hesablanmış 783,50 (yeddi yüz səksən üç manat əlli qəpik) manat borc əsassızdır və hazırki şərtlər daxilində ondan tələb edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında X8 adına olan **********05996 saylı abunə koduna 03 oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli akt əsasında hesablanmış 783,50 (yeddi yüz səksən üç manat əlli qəpik) manat elektrik enerjisi borcu silinməlidir. Məhkəmə xərcləri. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında X8 adına olan **********05996 saylı abunə koduna tərtib olunmuş 03 oktyabr 2023-cü il tarixli, NDM 034493 nömrəli əsasında hesablanmış 783,50 (yeddi yüz səksən üç manat əlli qəpik) manat borc silinsin . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar