Məhkəmə qərarları › İş №2(022)-1297/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1297/2024

28.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1297/2024 28.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Firdudin oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2020-ci il tarixdən tanışlığı vardır. Belə ki, Cavabdeh əkin sahələrində işləmək istəyən qadınlardan ibarət briqada yaratmış və həmin işçilər üçün əkin sahələrində (kartof, pambıq, çiyələk və sair) işlə təmin edilməsini təşkil edir. Həmin vaxtlarda İddiaçı Cavabdeh briqadasında işçi kimi əkin sahələrində işləməyə getmişdir. 2023-cü il tarixdə cavabdeh Əliyev X1 şəhəri, H.Əliyev küçəsində yerləşən 5 mərtəbəli yaşayış evində ailəsi ilə birlikdə kirayə qalmışdır. Mərhum arvadı işdən qayıtdıqdan sonra evin işığını yandırarkən evdə qaz sızması olduğundan həmin binada güclü partlayış baş vermiş və arvadı hadisə yerində ölmüşdür və iki övladı ağır xəsarətlər almışdır. Bu hadisədən sonra may ayının əvvəlində Cavabdeh İddiaçı 1000 manat məbləğində borc pul istımiş və uşaqlarının müalicəsi üçün vacib olduğunu bildirmişdir. İddiaçı həm bir iş yoldaşı kimi, həm də hadisəyə görə anlayış göstərdiyindən, 2023-cü ilin may ayının sonlarında İddiaçı ona 1000 manat məbləğində Cavabdeh işə başlayandan sonra qayatarmağ şərti ilə borc pul vermişdir. Cavabdeh 10 gün sonra İddiaçı borca pul istəmiş və əvvəlki aldığı pulun uşaqların dərmanlarına çatmadığını bildirmiş, İddiaçı bu səbəbdən ona 700 manat borc vermişdir. Cavabdeh 2023-cü ilin iyun ayının sonlarında 300 manat, 500 manat, cəmi 1300 manat pul almışdır. 2023-cü ilin iyul ayında yenə 300, 200, 300, 200 manat olmaqla toplamda 1000 manat borc pul almışdır. Beləliklə, Cavabdeh İddiaçı 4300 manat borcu yaranmış və Cavabdeh həmin borcu sona kimi ödəyəcəyi barədə söz vermişdir. Belə ki, Cavabdeh uşaqların analarının vəfat etdiyi üçün dövlət tərəfindən ona pul veriləcəyini və həmin pulu İddiaçı verəcəyini söz vermiş, lakin sözünə əməl etməmişdir. İddiaçı 4300 tələb etmiş, Cavabdeh qaytaracağı barədə vCavabdehəd vermiş, lakin qaytarmamışdır. İddiaçı Cavabdeh ona verilən vədlərin yalan olduğunu gördükdən sonra Biləsuvar Rayon Polis Şöbəsinə şikayət vermişdir. Şikayət ərizəsi Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırılmış, Cavabdeh izahat verərək borclu olmasını etiraf etmişdir. Araşdırmanın nəticəsi olaraq İddiaçı 21 avqust 2024-cü il tarixli, 3-13-69/2M-22559/11/94 saylı məktubla cavab verilərək, borcla bağlı yaranmış mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. İddiaçı 2 övladının olduğunu, ərinin vəfat etdiyini, ailənin yeganə qazanc mənbəyi kimi özü olduğunu və əkin sahələrində məhsul toplamaqla, becərməklə və sair işlərlə günəmüzdlü işləməklə uşaqlarını saxladığını bildirmişdir. İddiaçı həmin pulu çətin vəziyyətlər üçün saxlamışdır. Cavabdeh bu hərəktləri ilə İddiaçı maddi və mənəvi zərə vurmuşdur. Aralarındakı pul borcu ilə bağlı razılaşma olan vaxtlarda Cavabdeh bu haqda həmin vəsaiti 2023-cü ilin sonuna kimi qaytaracağına söz vermişdir. Cavabdeh bu hərəkətləri arxasında əsassız varlanmaq məqsədi olması artıq aşkar olmuşdur. Cavabdeh İddiaçı vəsaiti hesabına özünə məxsus problemləri həll etmiş və bu səbəbdən bu hərəkətlər əsassız varlanma kimi qiymətləndirilmişdir. İddiaçı Cavabdeh qarşı iddia qaldırmaqdan ötəri vəkil xidmətindən istifadə etmək Biləsuvar Rayon Vəkil Bürosuna müraciət etmiş və 200 manat pul vəsaiti ödəmişdir. Bundan başqa 65 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. İddiaçının tələbi: İddiaçı Cavabdeh Firdudin oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firdudin oğlundan 4300 manat əsas borc, vəkil xərci üçün ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 65 manat olmaqla, cəmi 4565 manat məbləğində pul vəsaitinin Cavabdeh Firdudin oğlundan alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Firdudin oğlu tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, iddia tələbini müdafiə edərək, Cavabdeh ondan 4300 manat məbləğində borc pulu aldığını, lakin bu günə kimi qaytarmadığını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında, iddia tələbini müdafiə edərək müxtəlif vaxtlarda Cavabdeh İddiaçı, ümumilikdə, 4300 manat məbləğində pul vəsaitini borc olaraq aldığını, həmin borcu geri qaytaracağı barədə Cavabdeh İddiaçı vədlər verdiyini, lakin heç bir ödəniş edilmədiyini bildirmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, İddiaçı, ümumilikdə, 1800 manat məbləğində borc aldığını və həmin borcu iyul ayında tam olaraq geri qaytardığını və iddia tələbində göstərilən 4300 manat məbləğində pul vəsaitinin onun tərəfindən borc olaraq alınmadığını bildirmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məkəmə iclasında şahid qismində çıxış edən Şahid2 izahatında, İddiaçı onun gəlini olduğunu, Cavabdeh həmkəndli kimi tanıdığını, onun yay aylarında müxtəlif vaxtlarda, onlara məxsus evə gələrək, məbləğini dəqiq bilmədiyi miqdarda İddiaçı borc pul aldığını və geri qaytaracağı barədə söz verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid3 izahatında, İddiaçı övladı olduğunu, Cavabdeh və onu övladı tərəfindən müxtəlif vaxtlarda onlara məxsus evə gələrək, hissə-hissə borc pul almış və qaytaracağını bildirmişdr. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid4 izahatında, İddiaçı qardaşı olduğunu, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı hissə-hissə borc aldığını, hətta iddaçı İddiaçı ona zəng vuraraq ondan 300 manatı Cavabdeh verilməsi üçün aldındığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid1 izahatında, Biləsuvar rayonunda özünə məxsus ərzaq dükanı olduğunu, Cavabdeh daimi müştərisi kimi tanıdığını, Cavabdeh ona məxsus dükanda İddiaçı 200 manat pul verməklə tərəflərin öz aralarında borcu bitirmək barədə razılığa gəldiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Polis Şöbəsindən İddiaçı şikayət ərizəsinə cavab olaraq İddiaçı ünvanlanmış 21 avqust 2024-cü il tarixli, 3-13-69/2-M-2255911/24 saylı məktuba əsasən, edilən müraciətlə əlaqədar araşdırma aparılmış, tərəflər arasında borcla bağlı yaranmış mübahisənin mülki xarakterli olduğundan, araşdırılması səlahiyyətinin məhkəməyə aid olduğunu, bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunduğu bildirilmişdir. İddiaçı Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatında, Cavabdeh iş yoldaşı kimi tanıdığını, ailəvi problemləri ilə bağlı Cavabdeh ondan borc pul istədiyini və ona etibar etdiyi üçün ona borc pul verdiyini, lakin Cavabdeh həmin borcu qaytarmadığını bildirmişdir. Cavabdeh Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatında, İddiaçı iş yoldaşı kimi tanıdığını, ailə vəziyyəti ilə əlaqədar ondan borca pul götürdüyünü və həmin pulu ona qaytaracağını bildirmişdir. ********** nömrəli 13 sentyabr 2024-cü il tarixli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən 65 manat məhkəmədə iddia qaldırılmağı üçün dövlət rüsumu ödənilmişdir. BPM**********53 nömrəli 26 avqust 2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün Biləsuvar Rayon Vəkil Bürosuna 200 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, şahid ifadələrini, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Firdudin oğluna 4300 manat borc pul vermiş vermiş, borcun 200 manat hissəsinin geri qaytarılması sübuta yetirilmişdir. Cavabdeh Firdudin oğlu tərəfindən geri qalan 4100 manat pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Firdudin oğlundan 4100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat məbləğinin 60 manat hissəsi, İddiaçı tərəfindən vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün Biləsuvar Rayon Vəkil Bürosuna 200 manat məbləğində edilmiş pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Firdudin oğlundan 4100 manat əsas borc, vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə görə 200 manat, dövlət rüsumu kimi ödənilmiş 60 manat olmaqla, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar