Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-131/2024 23.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı X1 Khalilin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Khalilin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 Khalil Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 11900 (on bir min doqquz yüz) manat qalıq borcun, 11900 (on bir min doqquz yüz) manat məbləğində qalıq borca bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində (17 ay müddətində - 30 iyun 2022-ci il tarixdən qətnamənin çıxarılacağı dinədək) ödənilməli olan, illik 10 və 10.5 faizlə hesablanmış 1745.24 (bir min yeddi yüz qırx beş manat 24 qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin (11900 - 1745.24 + 400 = 14045.24), həmçinin iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 132.14 (bir yüz otuz iki manat 14 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı X1 Khalilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 Khalilin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı Khaled Abouzeiddən 2018-ci ilin iyun ayına kimi ödəyərək yekunlaşdırmalı olduğu 12000 ABŞ dolları (20400 manat) borc pul almışdır. Cavabdeh öhdəliyi icra etməmiş, həmin məbləği qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, 2021-ci ilin fevral ayına qədər cavabdeh tərəfindən həmin borcun cəmi 3500 ABŞ dolları (5950 manat) məbləğində hissəsi iddiaçıya verilmişdir. Qalan 8500 ABŞ dolları (8500 x 1.7=14450.00 (on dörd min dörd yüz əlli) manat) məbləğin ödənilməməsinə görə iddiaçının təkidi, eləcə də cavabdehin ona əlavə vaxt verilməsinə dair xahişi ilə onların arasında xx.xx.2022-ci il tarixdə yazılı sadə müqavilə bağlanmış və Cavabdeh 8500 ABŞ dolları (14450 manat) məbləğində borcu 30 iyun 2022-ci il tarixinədək ödənilməsi barədə öhdəlik götürmüşdür.Cavabdeh qeyd olunan 14450 manat borcundan heç bir məbləğ qaytarmamış, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı 2023-cü ilin avqust ayında polisə müraciət etmiş, polis məsələ barədə araşdırma apararkən cavabdeh 2023-cü ilin sentyabr ayında 2550 manat (1500 ABŞ dolları) ödəniş etmiş və ondan sonra borcunun qalan 7000 (yeddi min) ABŞ dolları (11900 (on bir min doqquz yüz) manat) hissəsini isə hal-hazıradək iddiaçıya geri qaytarmayaraq öz öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq iddiaçı dəfələrlə cavabdehlə görüşərək və ya ona telefon zəngləri edərək ondan borcunun ödənilməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bütün bu faktlar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində aparılan araşdırma zamanı öz sübutunu tapmışdır.Cavabdehlə iddiaçı arasında bütün bu məsələlərə, cavabdeh tərəfindən iddiaçıdan borcun istənilməsi və iddiaçının cavabdehə borc verməsinə dair məlumatlar "Whatsapp" proqramı vasitəsilə aparılmış yazı və səs mesajlarında da qeyd olunmuşdur. Həmin yazışmaları və səs yazıları ingiliscədir, lakin hər bir halda məhkəmə zamanı təqdim edilə bilər. Sonuncu dəfə 07 noyabr 2023-cü il tarixli məktubla borcun ödənilməsinin təmin edilməsi üçün cavabdehə pretenziya göndərilmiş (həm poçtla, həm də cavabdehin WhatsApp hesabına), lakin bu günə qədər cavabdehdən iddiaçıya heç bir geri dönüş edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin borc almaq istəyi reallaşdırılaraq istədiyi məbləğ ona təqdim edilmiş, onun tərəfindən isə həmin məbləğ qəbul edilməklə aralarında borc müqaviləsi (sadə yazılı əqd) bağlanmışdır.Sonda X1 Khalilin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli «borcun ödənilməsi müqaviləsi»ndə göstərilmişdir ki, « a. 2017-ci ilin iyun ayında Cavabdeh Khaled Abouzeiddən 2018-ci ilin iyun ayına kimi yekunlaşdırmalı olduğu 12000 ABŞ dolları (on iki min ABŞ dolları) borc götürmüşdür. 2022-ci ilin fevral ayına qədər Cavabdeh cəmi 3500 (üç imin beş yüz ABŞ dolları) ödəmişdir. 8500 ABŞ dolları (səkkiz min beş yüz ABŞ dolları) ödənilməmiş borc olaraq qalan məbləğdir. b. Cavabdeh 8500 ABŞ dolları ((səkkiz min beş yüz ABŞ dolları) məbləğində ödənilməmiş borcunu 30 iyun 2022-ci il tarixinədək yekunlaşdırmağa razıdır» İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan və həmin arayışa əlavə edilmiş Cavabdeh izahatından görünür ki, Cavabdeh Abouzeid Khaledlə 2017-ci ildən birgə fəaliyyət göstərməklə hər biri 12000 ABŞ dolları, ümumilikdə 24000 ABŞ dollara Mersedes VİANO aldıqlarını, turist sərnişinləri daşıyaraq qazanc əldə etdiklərini, öz qazanclarını tam olaraq bərabər böldüklərini, sonradan yol-nəqliyyat hadisəsi törətdiyi üçün avtomobili girova saldığını, lakin girovu ödəyə bilmədiyi üçün şirkətin əlindən aldığını və bu səbəbdən A. Khaledlə borcunun ona 12000 (on iki min) ABŞ dolları təşkil etməsi barədə razılığa gəldiklərini göstərmişdir. Cavabdeh izahatında daha sonra göstərmişdir ki, borcundan 5000 (beş min) ABŞ dollarını hissə-hissə ödəsə də, sonradan pandemiya düşdüyündən qalan borcu ödəyə bilməmişdir. Lakin hal-hazırda bildirir ki, A. Khaledə həmin borcu tamamlamaqdan ötrü hər ay 300 AZN verməyə söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı 11900 (on bir min doqquz yüz) manat pulun ona vaxtında qaytarılmamasını əsas gətirməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində (17 ay müddətində - 30 iyun 2022-ci il tarixdən qətnamənin çıxarılacağı dinədək) ödənilməli olan, illik 10 və 10.5 faizlə hesablanmış 1745.24 (bir min yeddi yüz qırx beş manat 24 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında göstərilmişdir ki, …MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumu yekun olaraq qeyd olunan qərarında göstərmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur». Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən iddiaçı onun pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməli olduğu halda etməmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçının 11900 manat pul tələbinə dair hissədə iddia əsaslı olsa da, 11900 (on bir min doqquz yüz) manat məbləğində qalıq borca bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində (17 ay müddətində - 30 iyun 2022-ci il tarixdən qətnamənin çıxarılacağı dinədək) ödənilməli olan, illik 10 və 10.5 faizlə hesablanmış 1745.24 (bir min yeddi yüz qırx beş manat 24 qəpik) manat məbləğində pul tələbinə dair hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11900 (on bir min doqquz yüz) manat pul, xidmət haqqı olaraq ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 (yüz otuz iki) manat 14 (on dörd) qəpik məbləğində pul alınaraq iddiaçı X1 Khalilə verilməli, iddia qala hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 11900 (on bir min doqquz yüz) manat pul, xidmət haqqı olaraq ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 132 (yüz otuz iki) manat 14 (on dörd) qəpik pul alınaraq iddiaçı X1 Khalilə verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(022)-131/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-131/2024
23.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver