Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1325/2024 27.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “777,60 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar şəhərində yaşayır. Əvvəllər Biləsuvar şəhər, H.Əliyev küçəsində olan 5 mərtəbəli binanın 18 saylı mənzilində yaşamışdır. Bina 24 aprel 2023-cü il tarixdə baş vermiş partlayış nəticəsində uçmuşdur. Sonradan İddiaçı başqa ünvana köçmüşdür. Yaxın günlərdə Qaz İdarəsinin işçiləri İddiaçı bina partlamamışdan əvvəl, yəni 23 yanvar 2023-cü il tarixdə İddiaçı həmin binadakı sayğacına baxıldığını və sayğacın ekranının qopmasının və gövdəsini əzilməsinin müəyyən edildiyini bildirmişdir. Bu səbəbdən İddiaçı 777,60 manat cərimə edilmişdir. İddiaçı onun tərəfindən heç vaxt qaz sayğacına müdaxilə olunmadığını, istifadə müddəti keçmiş qaz sayğacının qaz idarəsinin işçiləri tərəfindən onun iştirakı olmadan çıxarıldığını, sayğaca müdaxilə barədə hımin vaxt İddiaçı heç bir məlumat verilmədiyini və tərtib olunmuş aktda hımin müdaxilənin qeyd olunmadığını bildirmişdir. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə dəfələrlə cəriməyə dair bildirişin verilməsi üçün müraciət etsə də, ona imtina cavabı verilmişdir. Qaz sayğacını qaz idarəsinin işçiləri aparmış və sonradan İddiaçı sayğaca kənar müdaxilə olunması halının təyin edilmiş ekspertiza tərəfindən müəyyən edildiyini bildirmişdir. İddiaçı tərəfindən sayğaca müdaxilə olunması müəyyən edilməmişdir. İddiaçı tərtib olunmuş aktla bağlı dəfələrlə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdiyini və ona cərimə ilə bağlı hər hansı sənədin verilmədiyini bildirmiş və cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən sənədlərin əslinin alınaraq işə əlavə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “777,60 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində debitor borcun qanunsuz hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən İddiaçı iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz və ya sənəd təqdim edilməmişdir İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 777,60 manat məbləğində debitor borcun qanunsuz hesab edilərək silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı “sayğac ekranı qopub, gövdəsi əzilib” səbəbinə görə götürülmüşdür. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın kənar təsir nəticəsində “sayğacın hesablama mexanizminin plastmas qapağı fiziki təsir nəticəsində sındırılması” faktı aşkar edilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 fevral 2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x12x90=6480 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. **********00080 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 777 manat 60 qəpik təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, 28 fevral 2024-cü il tarixdə qaz sayğacına vizual baxış keçirildiyi vaxt “sayğacın kənar fiziki təsir nəticəsində hesablama mexanizminin plastmas qapağının sınması” faktı aşkar olunduğundan akt tərtib edilərək abunəçiyə qaz itkisi ilə bağlı 777,60 manat məbləğində cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********0080 abonent kodlu istehlakçıdır və qazdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış sayğac əsasında istifadə etmişdir. 23 yanvar 2023-cü il tarixdə qaz sayğacının hesablama mexanizminin qapağının sınaraq qopduğu və əzildiyi üçün qaz istismarı sahəsinin əməkdaşları tərəfindən xətdən açılmışdır. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının “sayğacın hesablama mexanizminin fiziki təsir nəticəsində sınması” səbəbindən götürüldüyü göstərilmişdir. Lakin həmin tarixdən təxminən 1 il sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 avqust 2023 fevral 2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın kənar müdaxiləsi nəticəsində hesablama mexanizminin qapağının sınması və qaz sayğacının istifadəyə yararsız olması müəyyən edilmiş və 29 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 777 manat 60 qəpik məbləğində cərimə tətbiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid sayğacda olan qüsura görə İddiaçı məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda İddiaçı sayğacın yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz İddiaçı hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində İddiaçı təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında İddiaçı əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən “Azəriqaz” İstehsalat Birliyinin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, “Azəriqaz” İstehsalat Birliyi dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərində olması nəzərə alınmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş İddiaçı tərəfindən də həmin qaz sayğacının həqiqətən də 23 yanvar 2023-cü il tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən dəyişdirilərək, yenisi ilə əvəz edildiyi və bununla bağlı 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın tərtib edildiyi öz təsdiqini tapsa da, iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 29 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” hesabat müddətinin 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6480 m3 qaz itkisinin olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 5 mərtəbə bina, mənzil 18 ünvanına dair abonent kodu **********0080 olan İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat atlmış qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 5 mərtəbə bina, mənzil 18 ünvanına dair abonent kodu **********0080 olan İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat atlmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1325/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1325/2024
27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver