Məhkəmə qərarları › İş №2(022)-135/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-135/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-135/2023 09.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı qızının, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 10 sentyabr 2013-cü il tarixdə anadan olmuş X2 və 28 iyun 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1149/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşağa görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 15 noyabr 2022-ci il tarixdə Şükürova X4 Calal Bilal oğluna qarşı 10 sentyabr 2013cü il tarixdə anadan olmuş X2 və 28 iyun 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1149/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşağa görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı M.N.Şükürova məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o və Cavabdeh arasında 07 may 2013-cü il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır. Həmin nikahdan onların X6 və X7 adlı iki uşağı doğulmuşdur. Onların nikahı 06 avqust 2019-cu il tarixdə pozulmuşdur. O, Biləsuvar Rayon Məhkəməsinə cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası qismən təmin edilərək, cavabdehdən onun xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Biləsuvar Rayon Məhkəməsinin qərarının qəbul edildiyi 17 avqust 2018-ci il tarixdən uzun zaman keçmiş və bu müddətdə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artmış, qiymətlər yüksəlmişdir. O, artıq cari aliment məbləği ilə uşaqların xərclərini qarşılaya bilmir. Halbuki, cavabdeh 1-ci dərəcə əlil kimi hər ay 470 manat məbləğində pensiya almaqla yanaşı fərdi əməklə də məşğul olur və hər ay kifayət qədər yüksək qazanc əldə edir. Cavabdeh təxminən 4 il ərzində aliment ödəmədiyinə görə təxminən 6000 manat məbləğində aliment borcu yaranmışdır. Buna görə də hər ay Cavabdeh pensiyasından aliment qismində 160 manatla yanaşı, cavabdehin qalıq aliment borcundan 75 manat olmaqla, hər ay cəmi 235 manat məbləğində pul vəsaiti tutulur. Bu isə uşaqların saxlanması üçün kifayət etmir. Çünki, Azərbaycanda 2023-cü ildə bir uşağın minumum yaşayış xərci 220 manat təşkil edir. Yaşayış xərclərindən əlavə uşaqların təhsil xərclərinə də hər ay kifayət qədər yüksək məbləğdə pul xərcləyir. Belə ki, uşaqlar orta məktəbdə oxusalar da, müəllimlər hər ay xeyli sayda test və sair tədris vəsaiti aldırmaqla yanaşı, o, özü savadsız olduğuna görə uşaqların ev tapşırıqlarının həll etməkdə onlara kömək edə bilmədiyi üçün repetitor tutmağa məcbur olur. O isə heç yerdə işləmədiyinə görə valideynlərinin maddi yardımı hesabına dolanır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Buna görə də həmin uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Sonda, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədə iddianı qəbul etməyərək, göstərdi ki, Cavabdeh onun qardaşıdır. Cavabdeh əvvəllər müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmət zamanı aldığı travma ilə əlaqədar ruhi xəstəliyə tutulmuşdur və hazırda paranoid şizofreniya diaqnozlu psixi xəstəlikdən əziyyət çəkir. Cavabdeh 1-ci dərəcə əlil kimi hər ay 470 manat məbləğində pensiya alsa da, həmin pensiyanın 235 manat məbləğində hissəsi cavabdehin aliment borcuna görə tutulur. Qalan 235 manat məbləğində hissəsi isə cavabdehin özünün maddi tələbatlarını qarşılamır. Buna görə də Cavabdeh xərclərini o və valideynləri ödəyir. Çünki, müalicə xərclərinin mövcudluğu ilə yanaşı Cavabdeh hər gün ən azı 3 qutu siqaret çəkir ki, 235 manat məbləğində pul vəsaiti cavabdehin həmin siqaret puluna kifayət etmir. Bundan başqa, cavabdeh digər xəstəliklərdən əziyyət çəkir. Cavabdeh heç yerdə işləmədiyinə və pensiya almadığına görə xeyli məbləğdə aliment borcu yığılmışdır. Buna görə də o, hazırki vəziyyət aliment məbləğinin artırılmasına razı deyil və hesab edir ki, həmin aliment borcu tam ödənildikdən sonra cavabdehdən tutulan aliment məbləği artırıla bilər. Çünki, cavabdehin qulluğa ehtiyacı olduğuna görə yenə də evlənməlidir ki, yeni arvadı onun qayğısına qalsın. Sonda, Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 322971 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 06 avqust 2019-cu il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra M.M.Yunsurova Şükürova soyadını qəbul etmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 01 noyabr 2022ci il tarixli, 156357 nömrəli arayışdan görünür ki, X6 10 sentyabr 2013-cü il tarixdə anadan olmuşdur. Doğum haqqında akt qeydində H.C.Yunsurlunun anası qismində İddiaçı, atası qismində Cavabdeh adı qeyd edilmişdir. Mülki iş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli, 802252 nömrəli arayışdan görünür ki, X7 28 iyun 2016cı il tarixdə anadan olmuşdur. Doğum haqqında akt qeydində E.Cavabdeh anası qismində İddiaçı, atası qismində Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(022)-1149/2018 saylı qətnaməsindən görünür ki, M.M.Yunsurovanın iddiası qismən təmin edilərək 10 sentyabr 2013-cü ildə anadan olmuş X2 və 28 iyun 2016-cı ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarış edilmiş əllillik haqqında arayışdan görünür ki, Cavabdeh şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halına görə birinci dərəcəli əlillik təyin edilmişdir və həmin şəxs “paranoid şizofreniya, dərin psixi qüsur halı, görmə və eşitmə hallüsinasiyaları, özünə xidmətin pozulması, digər davranış və emosiya pozğunluqları, intihar cəhdləri ilə” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1149/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların hər birinin saxlanması üçün hər ay 120 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,35 misli miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 30 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(022)-1149/2018 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. 10 sentyabr 2013-cü il tarixdə anadan olmuş X2 və 28 iyun 2016-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,35 (sıfır tam yüzdə otuz beş) misli miqdarında, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar