Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1386/2025 04.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 11.800 (on bir min səkkiz yüz) manat, vəkilə hüquqi xidmətə görə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 130 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Bəydili kəndində yaşayır. X1 14 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Vərəsəlik üzrə atasının vərəsəsi odur. X9 vəfat etməmişdən əvvəl, yəni 03 iyun 2024-cü ildə həmkəndliləri Cavabdeh 11.800 manat dəyərində 9 baş iribuynuzlu heyvanı nisyə vermişdir. Cavabdeh nisyə aldığı 11.800 manat dəyərində mal-qaranın pulunu 30 sentyabr 2024-cü il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı aralarında notaril qaydada müqavilə də imzalanmışdır.Lakin atası 14 avqust 2024-cü il tarixdə ağır xəstəlikdən vəfat etmişdir. Atasının vəfatından sonra cavabdehə dəfələrlə borclu olduğu pulu ödəməsini təklif etsə də, bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X5 izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən 03 iyun 2024-cü il tarixdə notarial qaydada imzalanmış ərizədən görünür ki, o, Biləsuvar rayonu Bəydili kəndində yaşayan X3 9 baş iribuynuzlu heyvanları 11800 (on bir min səkkiz yüz) manata aldığını, borcunu xx.xx.2024-cü il tarixə kimi tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon 1 saylı notariat ofisinin 23 iyul 2025ci il tarixli 1075 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum X1ndan miras qalmış əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır.İddiaçı mərhum X4 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum X1 03 iyun 2024-cü il tarixdə Cavabdeh ilə aralarında əldə edilmiş razılaşmaya əsasən X3 9 baş iri buynuzlu heyvanları 11800 (on bir min səkkiz yüz) manata nisyə almış, borcunu xx.xx.2024-cü il tarixə kimi tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin razılaşmaya uyğun olaraq X6 Cavabdeh 11.800 manata 9 baş iribuynuzlu heyvanları nisyə versə də, cavabdeh həmin borcun qaytarılması şərtinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının iddia tələbinə qarşı etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 11.800 (on bir min səkkiz) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11.800 (on bir min səkkiz) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1386/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1386/2025
04.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver