Məhkəmə qərarları › İş №2(022)-1470/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1470/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1470/2023 14.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 01 dekabr 2019-cu il tarixli, 244 saylı “2020-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.399 manat, cərimə qismində 279 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat, cəmi 1.715 manat, məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 15 noyabr 2023-cü il tarixdə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 01 dekabr 2019-cu il tarixli, 244 saylı “2020-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.399 manat, cərimə qismində 279 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat, cəmi 1.715 manat, məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 15 noyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “2020-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 01 dekabr 2019-cu il tarixli, 244 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh 04 hektar torpaq sahəsində pambıq əkməyi, həmin torpaq sahəsində hər hektardan 25 sentnerdən az olmamaqla pambıq istehsal etməyi, istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş «Xam pambığın yığılması və tədarükü üzrə təlimat»ın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitu tərəfindən hazırlanmış və «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar filialında saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə, müqavilədə qeyd olunmuş - İ növ pambığn 1 tonu 650 manat, İİ növ pambığın 1 tonu 630 manat, İİİ növ pambığın 1 tonu 590 manat və İV növ pambığın 1 tonu 550 manat - qiymətlərlə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 dekabr 2019-cu il tarixli, 244 saylı müqavilə üzrə 03 iyun 2021-ci il tarixli üzləşmə aktından və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh ümumlikdə 2.766 manat 50 qəpik məbləğində avans verilmiş, Cavabdeh tərəfindən «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə cəmi 1.307 manat 50 qəpik məbləğində 4.757 kiloqram xam şəkildə pambıq təhvil verilmişdir. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə nağd qaydada 2.667 manat 71 qəpik, kartla vasitəsilə isə 633 manat 50 qəpik ödəniş etmiş, lakin sonuncunun ödənilməmiş 1399 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh 01 yanvar 2021ci il tarixə iddiaçıya olan 2.706 manat 50 qəpik borcundan 1.307 manat 50 qəpik məbləğində ödəniş etmişdir və Cavabdeh hazırda «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə borcu 1.399 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 279 manat təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 28 manata qədər azaldılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 01 dekabr 2019-cu il tarixli, 244 saylı “2020-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 1.399 manat, cərimə qismində 28 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 06 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284- 5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 01 dekabr 2019-cu il tarixli, 244 saylı “2020-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.399 (bir min üç yüz doxsan doqquz) manat, cərimə qismində 28 (iyirmi səkkiz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 31 (otuz bir) manat, cəmi 1.458 (bir min dörd yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutulsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar