Məhkəmə qərarları › İş №2(022)-1546/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1546/2025

18.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1546/2025 18.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamə üzrə iddiaçıya borc qismində hesablanmış 172 manat 80 qəpik məbləğində pul vəsaitinin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və dəymiş ziyana görə hesablanmış 172 manat 80 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamə üzrə iddiaçıya borc qismində hesablanmış 172 manat 80 qəpik məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən özünəməxsus fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. O, ötən müddət ərzində həmin evdə təbii qazdan istifadə etmiş və abonent kimi öz vəzifələrini yerinə yetirməklə qazdan istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. Onun istifadəsində olan qaz sayğacı həmin evə gedən qaz borusuna quraşdırılmışdır. 13 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşları ona məxsus evə gələn qaz xəttinə quraşdırılmış qaz sayğacını əvəzləmə məqsədilə sökmüş və yerinə yeni sayğac quraşdırmışlar. Həmin tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən ******* nömrəli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilmiş və həmin aktda qaz sayğacının qazı sayğacının növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə çıxarıldığı qeyd edilmişdir. Lakin həmin bir müddət sonra qaz istismarı sahəsinin əməkdaşları ona qaz sayğacına müdaxilə etdiyinə görə cərimə ödəməli olması barədə məlumat vermişlər. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 31 mart 2023-cü il tarixli aktında sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edildiyi qeyd edilsə də, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktda isə belə bir hal müəyyən edilməmişdir. Həmçinin həmin aktda sayğaca baxış keçirildiyi, lakin hər hansı kənar təsir izlərinin aşkar edilmədiyi də qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 31 mart 2023cü il tarixli rəyi əsasında onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Əgər o, köhnə sayğacın iş prinsipinə mane olan hər hansı müdaxilə etmiş olsaydı, sayğacın plombu qırılmalı idi və 13 oktyabr 2022-ci il tarixdə həmin qaz sayğacı qoşulduğu xətdən çıxarıldığı zaman həmin qüsuru qaz istismarı sahəsinin əməkdaşları və o, dərhal aşkar edərdilər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli akta əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ona 172 manat 80 qəpik məbləğində cərimə hesablanmışdır. O, ona hesablanmış cərimənin əsassız olduğunu hesab edir. Buna görə də həmin cərimənin silinməsi məqsədi ilə məhkəmdə iddia qaldırmışdır. Sonda, İddiaçı iddianın təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamə üzrə iddiaçıya borc qismində hesablanmış 172 manat 80 qəpik məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Biləsuavr rayonu, Ağayrı kəndində yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı «növbəti dövlət yoxlamasına göndərildiyinə görə» götürülmüşdür. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2023cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-2073-1 nömrəli rəyinə əsasən yoxlama zamanı ******* zavod nömrəli, “SOCAR” tipli, “G-4” markalı sayğacda xətalar təyin edilə bilməmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində kənar təsir izlərinin aşkar edilmədiyi və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə 31 mart 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 2073-1 nömrəli aktının surətindən görünür ki, yoxlama zamanı ******* zavod nömrəli, “Socar” tipli, “G-4” markalı sayğacda xətalar təyin edilə bilməmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində kənar təsir izlərinin aşkar edilmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamə»nin surətindən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Mülki işdə olan **********03110 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 172 manat 80 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 01 avqust 2015-ci il tarixli, 13575/0815 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Mülki işdə olan X1 İstismarı İdarəsinin 06 oktyabr 2025-ci il tarixli, 14-2-2-10/2- 1520/2025 nömrəli məktubundan görünür ki, Biləsuvar rayonu, Ağayrı kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xətti üzərində quraşdırılmış “Elster” tipli, “G-4” markalı, ******* zavod nömrəli qaz sayğacı 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı ilə xətdən açılaraq, növbəti dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-2073-1 nömrəli aktının nömrəli aktında öz əksini tapmışdır. “Elster” tipli, “G-4” markalı, ******* zavod nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazı qeyd etmir, sayğac istismara yararsızdır barədə rəy verilmiş, həmin sayğac məhv olmaya verilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********03110 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən özünəməxsus fərdi yaşayış evində quraşdırılmış sayğac əsasında istifadə etmişdir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşları tərəfindən 13 oktyabr 2022-ci il tarixdə qaz sayğacı, hər hansı gözlə görünən qüsur qeyd edilmədən xətdən açılmışdır. Belə ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının “növbəti dövlət yoxlamasına göndərildiyinə görə” götürüldüyü göstərilmişdir. Lakin həmin tarixdən 5 ay 18 gün sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh 31 mart 2023-cü il tarixli, MSK-14-2-2/3-5-2073-1 nömrəli rəyi əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, ******* zavod nömrəli sayğacda xətalar təyin edilə bilməmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində kənar təsir izlərinin aşkar edilmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmiş və İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 172 manat 80 qəpik məbləğində cərimə tətbiq edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin hissənin birinci cümləsinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 21 may 2002-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməllər də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının növbəti yoxlamaya göndərilməsi səbəbi ilə 13 oktyabr 2022-ci il tarixdə açılaraq, götürdüyünü və həmin sayğacın Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktın surətini, həmin tarixdən 5 ay 18 gün sonra – 31 mart 2023-cü il tarixdə qəbul edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli aktın surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, sadəcə həmin qaz sayğacının məhv edilməsi barədə məhkəməyə məlumat vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktı əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamə üzrə qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 172 manat 80 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2023cü il tarixli, ******* nömrəli aktı əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 mart 2023-cü il tarixli tələbnamə üzrə qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 172 (bir yüz yetmiş yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar