Məhkəmə qərarları › İş №2(022)-156/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-156/2025

08.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-156/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat və dövlət rüsumuna görə ödədiyi 60 manat pul vəsaittinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar şəhərində yaşayır. Cavabdehlə heç bir ədavət və düşmənçiliyi olmamışdır.Əkin sahəsində su problemi olduğundan bu işləri müasir suvarma ilə quraşdırma işi aparan şəxs kimi cavabdehi tapmışdır. 2023-cü ildə Cavabdeh ona bildirmişdir ki, bu işlərlə Vəzir adlı şəxs vasitəsi ilə həll edə bilər. O, Vəzir adlı şəxsi tanımamışdır. Şahin ona demişdir ki, su kanalından sahəsinə qədər ərazini ölçüb ona desin. O, da həmin sahəni ölçmüş və Şahinə bildirmişdir ki, məsafə 790 metrdir. Bir müddət sonra Şahin ona demişdir ki, bu işləri görmək üçün 9 min manatdan yuxarı pul lazım olacaq. Daha sonra bildirmişdir ki, işi tamam qurtarmaq üçün, yəni ümumi kanaldan sahəyə 790 metr boru vasitəsi ilə su gətirib tamamlamağa, bütün xərclər içərisində olmaqla 10100 manat lazımdır. O, da razı olduğunu bildirmişdir. Ümumilikdə, ilkin olaraq 5000 manat, sonra 3300 manat və daha sonra 1800 manat olmaqla o, cavabdehə 10100 manat pul vermişdir. Razılaşmaya görə cavabdeh 790 metr boru gətirib, ümumi su kanalından sahəyə suyu çəkməli idi. Lakin cəmi 600 metr boru gətirməklə qalan 190 metr gətirilməmiş və iş yarımçıq qalmışdır. Halbuki, cavabdehlə razılaşmaya görə cavabdehə ödədiyi 10100 manat pula bu işlər görülüb qurtarmalı idi. Hazırda 600 metr boru verildiyindən və bu işə görə pullar çıxılmaqla cavabdehin ona 3740 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən ya işinin görülüb qurtarmasını, ya da pulunun qaytarılmasını tələb etsə də, bu gün- sabaha salmaqla, yaxud Vəzirin bu işə görə məsuliyyət daşıdığını bildirir. Halbuki o, 10100 manatı cavabdehə vermişdir. Odur ki, o, məcburiyyət qarşısında qalıb Biləsuvar RPŞ-nə şikayət etmiş, Biləsuvar RPŞ- da araşdırma aparılarkən cavabdeh ondan 10100 manat pulu aldığını etiraf etməklə, 790 metr borudan 600 metr gətirdiyini və işlərin yarımçıq qaldığını etiraf etmişdir. Biləsuvar RPŞ-da 03 yanvar 2024-cü il tarixdə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, Cavabdeh borclu olduğu 3740 (üç min yeddi yüz qırx) manat və dövlət rüsumuna görə ödədiyi 60 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X1 «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, onun Biləsuvar rayonu Günəşli kəndi ərazisində əkin torpaq sahələri vardır. O, həmin sahələrə növbəli olaraq taxıl (arpa və buğda) və pambıq əkmişdir. Əkin sahələrində məhsuldarlığı yüksəltmək məqsədilə sahələrə suvarma sistemi çəkmək qərarına gəlmişdir. Bu səbəbdən suvarma sistemi çəkən şəxs axtarmağa başlamışdır. Belə ki, Biləsuvar şəhər sakini olan əvvəllər tanıdığı Arif adlı şəxs ona Vəzir adlı tanışının olduğunu və sonuncu ilə birlikdə suvarma sistemləri quraşdıra bildirdiklərini demişdir. Arif ona Vəzirin nömrəsini vermişdir. O, Vəzir adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı Vəzir adlı şəxs ona Bakı şəhərində yaşamasını, suvarma sistemlərinin quraşdırılmasını həyata keçirdiyini demişdir. Aralarında olan razılığa əsasən o özünə məxsus Biləsuvar rayonu Günəşli kəndində yerləşən əkin sahəsinə suvarma sistemi çəkdirmişdir. Onun əkin sahəsində çəkilmiş suvarma sistemini görən Biləsuvar şəhər sakini İddiaçı 2023-cü ilin avqust ayında ona yaxınlaşmışdır. Sonuncu öz əkin sanəsinə də bu sistemdən quraşdırılmasında ona köməklik etməyini xahiş etmişdir. O da ona Vəzir adlı şəxsi məsləhət görmüşdür. O, İddiaçı yanında Vəzir adlı şəxslə danışmışdır. Vəzir İddiaçı çəkiliş aparılacaq məsafəni ölçməsini tapşırmışdır. Sonuncu su kanalından öz yerinədək 790 metr məsafə olduğunu bildirmişdir Bundan sonra Vəzir Hüseynov onlarla razılaşıb və işi görəcəyini öz öhdəsinə götürmüşdür. 1 həftədən sonra Vəzir ona zəng edərək plastik turbaların hazır olmasını demiş və turbaların pulunu göndərməyi xahiş etmişdir. O da Üzeyirə turbaların hazır olmasını və Vəzirə pul göndərməli olduğunu demişdir. İddiaçıla Biləsuvar rayon Mərkəzi bazarın qarşısında görüşüb və sonuncu ona 5000 manat pul vermişdir. Həmin 5000 manat pulu o, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu Günəşli kəndində yerləşən “Günəşli” marketdə terminal vasitəsilə Vəzir Hüseynovun ona göndərdiyi “LEOBANK” kartına göndərmişdir. Həmin ödəniş qəbzini də özündə saxlamışdır. Bundan sonra Vəzir adlı şəxslə əlaqə saxlayan zaman sonuncu müxtəlif səbəblər gətirərək yaxın zaman ərzində bütün boruları göndərəcəyini və işi tamamlayacağını vəd etmişdir. Daha sonra Vəzir onunla əlaqə saxlayaraq boruların hazırlandığı zavodun malları buraxmamasını bildirmişdir. Bu səbəbdən pulun qalan hissəsini də göndərməyini xahiş etmişdir. O da 2023-cü ilin sentyabr ayında Üzeyirlə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Bol” marketin qarşısında görüşərək 3300 manat pul almışdır. Üzeyir daha sonra isə 1800 manat da pul vermişdir. O da Üzeyirin ona verdiyi 5100 manat pulu da Biləsuvar rayonu Günəşli kəndində yerləşən “Günəşli” marketdəki terminal vasitəsilə Vəzirə məxsus kart hesabına göndərmişdir. Bundan sonra Vəzir 600 metr boru və ütüləyici aparatları göndərmişdir. Lakin bundan sonra Vəzir adlı şəxs telefon zənglərinə cavab verməyərək boruların qalanını göndərməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı sifarişi əsasında onun torpaq sahəsinə 790 metr məsafədə suvarma sisteminin qurulması üçün tələb olunan mal-materialın alınaraq iddiaçıya verilməsi barədə onunla razılaşma əldə etdikdən sonra, Cavabdeh Bakı şəhərində yaşayan Vəzir adlı şəxsin həmin mal-materialın alınması üçün qabaqcadan iddiaçının mal-materialın dəyərini ödənilməli olduğunu ona bildirmiş, ona görə də qabaqcadan 5000 (beş min) manat, sonra 3300 (üç min üç yüz) manat, daha sonra isə 1800 (bir min səkkiz yüz) manat olmaqla İddiaçı cəmi 10100 (on min yüz) manat pul almışdır. Lakin razılaşdıqları dəyərdə, yəni 790 metr məsafədə suvarma sisteminin çəkilməsi üçün tələb olunun mal-material cavabdeh tərəfindən alınaraq iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı 190 metr ölçüdə mal-materialın dəyərinin ödənilməməsini əsas gətirməklə cavabdehdən 3740 (üç min yeddi yüz qırx) manat ödədiyi pulun qaytarılmasını tələb edir. Tərəflərin izahatlarından görünür ki, Cavabdeh iddiaçının sifarişi əsasında onun torpaq sahəsinə 790 metr məsafədə suvarma sisteminin çəkilməsi üçün tələb olunan malmaterialı alaraq iddiaçıya verilməsi vəzifəsini öz üzərinə götürmüş, ona görə də hissəhissə olmaqla iddiaçıdan cəmi 10100 manat pul almışdır. Lakin iddiaçının torpaq sahəsinə suvarma sisteminin çəkilməsi üçün tələb olunan mal-material 600 metr məsafə üçün iddiaçıya təhvil verilsə də, 190 metr mal-material iddiaçıya verilməmişdir. İşin qeyd olunan halları işin mübahisəsiz halları olmaqla tərəflər mübahisələndirməmişlər. Lakin Cavabdeh izahatından və Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı X1 «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh 600 metr ölçüdə mal-materialı gətirərək İddiaçı təhvil verdiyini, lakin 190 metr ölçüdə mal-materialın sonuncuya təhvil verilməsinin ondan asılı olmayan səbəbdən, yəni Vəzir adlı şəxsin onun telefon zənglərinə cavab verməməsi ilə əsaslandırmışdır. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş halları İddiaçı Cavabdehdan pul tələbinə dair iddiasının əsaslı olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının ondan pul tələbinə dair iddiasına etiraz etsə də, etirazını əsaslandıran məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar