Məhkəmə qərarları › İş №2(022)-1612/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1612/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1612/2024 25.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi” barədə iddia ərizəsi “AzDoc” elektron informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarı: 13-cü bəndinə əsasən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin iddia tələbi hissəsində ödənilmiş 81,73 (səksən bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması istənilməsi qeyd edilsə də, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının məzmunundan görünür ki, qanunverici bütün iddia ərizələrində qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini və təsdiq edən sənədin əlavə edilməsini şərt kimi irəli sürmüş, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, hakimin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olmasını nəzərdə tutmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, “AzDoc” elektron intormasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddia ərizəsinin tələb hissəsində 81,73 (səksən bir manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tələb edilməsinin qeyd edilməsi dövlət rüsumunun ödənilməsi kimi hesab edilə bilməz. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş siyahıda 09 iyun 2021-ci il tarixli, BPM**********82 müqavilənin, ölüm haqqında şəhadətnamənin, vərəsəlik hüququ haqqında şəhadənamənin surəti kimi başlıqlar qeyd edilsə də, yalnız iki vərəqədən ibarət maliyyə arayışı məhkəməyə təqdim olunmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Müıki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D I: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar