Məhkəmə qərarları › İş №2(022)-164/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-164/2025

16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-164/2025 16.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında olan 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 26.207 ABŞ dolları məbləğində kredit götürmüş və onlar həmin kredit müqaviləsinin icra edilməsi üzrə zamin qismində çıxış etmişdir. Onlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 09 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə borcunu ödəmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı qətnaməsinə əsasən onlar həmin kredit müqaviləsi üzrə tələb edilən 26.207 ABŞ dolları məbləğində borcun İddiaçı1 pensiyasından 01 mart 2020-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək dövr ərzində, ümumilikdə 6.823 manat 20 qəpik və İddiaçı2 əmək haqqından isə 20 avqust 2020-ci il tarixdən 24 iyul 2023-cü il tarixədək olan dövr ərzində 5.407 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xeyrinə ödənilmişdir. Cavabdeh onlara olan borcunu ödəməsi barədə dəfələrlə şifahi xəbərdarlıq etməklərinə baxmayaraq Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş və onlardan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş ümumilikdə 12.230 manat 20 qəpik məbləğində pul vəsaitini ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə aralarındakı notariat qaydada tərtib edilmiş borc müqaviləsi olmasa da, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan pul vəsaitini ələ keçirərək əsassız olaraq varlanmışdır. İddiaçının tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilmiş vəsaitin əvəzi qismində 6823 manat 20 qəpik və 5407 manat 07 qəpik pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçıların tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, Cavabdeh iddia ərizəsində qeyd etdikləri pul vəsaitinin tutularaq onlara ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılardan İddiaçı2 izahatında cavabdehin ona olan 5404.07 manat borcundan 1907 manat hissəsini məhkəmə icraatı dövründə ödədiyini, hal-hazırda 3500 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh 08 yanvar 2025-ci il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında çıxışı zamanı İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd edilən borcunun olduğunu etiraf etmiş və məhkəmədən vaxt istəyərək 2025-ci ilin mart ayına qədər borcunu tam ödəyəcəyini xahiş etmişdir. Cavabdehin şifahi vəsatətinin məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq Cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 26.207 ABŞ dolları məbləğində kredit götürmüş, İddiaçı1 və İddiaçı2 həmin kredit müqaviləsinin icra edilməsi üzrə zamin qismində çıxış etmişdir. Onlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 09 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 3-17-1/Ə-250006/2024 saylı arayışından görünür ki, İddiaçı1 əmək pensiyasından Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı icra sənədinə əsasən 01 mart 2020-ci il tarixdən 31 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6823.20 manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 dekabr 2024-cü il tarixli, 5-39-10/2-629/24 saylı arayışından görünür ki, X1 rayonu Günəşli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 2i üzrə nümayəndəliyinin 05 noyabr 2024-cü il tarixli, 5-39-11/2-472/24 saylı arayışından görünür ki, İddiaçı2 əmək haqqından Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı icra sənədinə əsasən 20 avqust 2020-ci il tarixdən 24 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5407 manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. ünvan 2i üzrə nümayəndəliyinin 05 noyabr 2024-cü il tarixli, 5-39-11/2- 473/1/24saylı arayışından görünür ki, X1 rayonu Ağayrı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçılar ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan onlara aid olan pul vəsaitini əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında olan 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 26.207 ABŞ dolları məbləğində kredit götürmüş və onlar həmin kredit müqaviləsinin icra edilməsi üzrə zamin qismində çıxış etmişdir. Onlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 09 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh həmin müqavilə üzrə borcunu ödəmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)- 2036/2017 saylı qətnaməsinə əsasən onlar həmin kredit müqaviləsi üzrə tələb edilən 26.207 ABŞ dolları məbləğində borcun İddiaçı1 pensiyasından 01 mart 2020-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək dövr ərzində, ümumilikdə 6.823 manat 20 qəpik və İddiaçı2 əmək haqqından isə 20 avqust 2020-ci il tarixdən 24 iyul 2023-cü il tarixədək olan dövr ərzində 5.407 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xeyrinə ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları və tədqiq olunmuş sübutlar, eləcə də tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, İddiaçı1 əmək pensiyasından Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı icra sənədinə əsasən 01 mart 2020-ci il tarixdən 31 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6823.20 manat və İddiaçı2 əmək haqqından Biləsuvar Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(022)-2036/2017 saylı icra sənədinə əsasən 20 avqust 2020-ci il tarixdən 24 iyul 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5407 manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Cavabdeh məhkəmədə hazırkı mülki işə baxılan dövrdə iddiaçılardan İddiaçı2 olan borcundan 1907 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6823.20 (altı min səkkiz yüz iyirmi üçmanat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı1 və 3500 (üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 126 manat 69 qəpik dövlət rüsumunun əvəzi olaraq 121 manat hissəsi cavabdehdən tutularaq iddiaçlara ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 6823.20 (altı min səkkiz yüz iyirmi üçmanat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı1 və 3500 (üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat pul məbləği cavabdehdən tutularaq iddiaçılara ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar