Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-17/2025 26.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ondan əvvəlcə 31 iyul 2023cü il tarixdə 2000 manat alaraq pulu 07 avqust 2023-cü il tarixdə, 15 sentyabr 2023-cü il tarixdə 5000 manat alaraq həmin pulu bir həftəyə qaytarmağa söz vermişdir. Lakin, həmin müddətlər bitəndən sonra dəfələrlə pulun tələb etsəd də cavabdeh onun pulunu qaytarmamış, borcu qaytarmaqdan imtina etmişdir. Daha sonra 29 mart 2024-cü il tarixdə nümayəndəsi tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək 7000 manat pulu geri qaytarmasını təklif edilmiş, yenə də cavabdeh borcu qaytarmaqdan yayınmışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, Cavabdeh 7000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçıdan mübahisə predmeti olan pul məbləğini götürdüyünü bildirsə də, həmin borcu qaytardığını qeyd etmişdir. Cavabdeh 26 fevral 2025-ci il tarixdə poçt-telrqram vasitəsi ilə məhkəməyə mürtaciət edərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyinə görə məhkəmənin baxış iclasını başqa vaxta təyin olunmasını xahiş etmişdir. Lakin, cavabdehin vəsatətinin təmin olunması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilməmiş, iclasa gəlməməyin səbəblərini üzürsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Şahid qismində çıxış edən X1 məhkəmənin 16 avqust 2024-cü il tarixli iclasında bildirmişdir ki, həqiqətən də X4 Qubadovdan 7000 manat borc pul almış və borcu qaytarmışdır. Lakin 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh təkrarən İddiaçı bir dəfə 5000, ikinci dəfə 2000 olmaqla borc aldığı və həmin borcu qaytarmadığını N.M.Məmmədova sonradan məlum olduğunu qeyd edərək, məhkəmə iclasında cavabdehin əvvəlki borc məbləği ilə bağlı izahat verdiyini göstərmiş, mübahisə predmeti ilə bağlı borcdan xəbəri olmadığını, başqalarından aldığı məlumata görə həmin məbləğin cavabdeh tərəfindən qaytarılmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat pul götürdüyünü, 31 iyul 2023-xx.xx.2023-cü il tarixdə qaytaracağını qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş 15 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1 həftəyə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində borc pul almışdır. 29 mart 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 10 gün müddətinə mübahisə predmeti olan pul vəsaitinin qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 7000 (yeddi min) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğində pul vəsaiti almışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı faktı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçıdan mübahisə predmeti olan pul məbləğini götürmüşdür. Həmin izahatda cavabdeh göstərmişdir ki, sözü gedən məbləği artıq iddiaçıya qaytarmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələb üzrə 7000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi iş materiallarında olan qəbzlər, iddia tərəfinin izahatı, şahid izahatı, eləcə də cavabdehin etirafı ilə təsdiq olunur. Lakin həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılması Cavabdeh tərəfindən istinad edilən hal kimi irəli sürülsə də, sübuta yetirilməmişdir. Əksinə sübut təqdim ediləcəyi bildirilməklə, prosessual hüquqlarından sui-istifadə edilərək təyin olunmuş məhkəmə iclasları lüzumsuz uzadılmışdır. Mülki iş materiallarından da göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 7000 manat borc pul vermiş vermişdir. Cavabdeh borc aldığını etiraf etsə də, onun tərəfindən 7000 manat pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-17/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-17/2025
26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver