Məhkəmə qərarları › İş №2(022)-170/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-170/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-170/2024 13.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 2.790 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin borc qismində 2.790 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Cavabdeh əvvəllər tanımamış, yalnız bir tanışı vasitəsi ilə həmin şəxslə tanış olmuşdur. Belə ki, 2022-ci ilin iyul ayında orta məktəbdə müəllim işləyən bir tanışı onun yanına T.B.Abbaszadə ilə birlikdə gələrək, sonuncuya pul lazım olduğunu bildirmişdir. O, cavabdeh ilə söhbət etdiyi zaman həmin şəxs ona oğlunun xəstə olduğunu və müalicə xərclərini qarşılamaq üçün 3.500 manat pul lazım olduğunu bildirərək, ondan həmin məbləğdə borc istəmişdir. O, T.B.Abbaszadənin vəziyyətini başa düşmüş və buna görə də qısa müddət ərzində qaytarması şərti ilə 3.500 manat məbləğində pul vəsaitini cavabdehə borc vermişdir. T.B.Abbaszadə borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh ona olan borcunu 04 oktyabr 2022-ci il tarixə kimi qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, T.B.Abbaszadə ona olan borcundan cəmi hissə-hissə 510 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Belə ki, cavabdeh borcunu 2022-ci ilin oktyabr ayınadək ödəyib qurtaracağını vəd etməsinə baxmayaraq, 2023-cü ilin aprel ayında onun yanına gələrək, ona hissə-hissə, hər ay 100 manat ödəniş etməyə icazə verməsini xahiş etmişdir. O, cavabdehdən borcunu geri almaq naminə həmin şəxsin bu şərtinə də razılıq versə də, T.B.Abbaszadə yenə də ona heç bir ödəniş etməmişdir. Buna görə də o, borcun qaytarılmasında kömək etməsi üçün T.B.Abbaszadəni onun yanına gətirmiş şəxsə müraciət etmiş, həmin şəxs də öz növbəsində cavabdehə görə 200 manat ödəniş etmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün əlavə xərc çəkərək 47 manat 90 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı həmçinin bildirdi ki, o, cavabdehin hesabına varlanmaq niyyəti olmuş olsa da idi, həmin şəxsin faktiki ödəmiş olduğu 510 manat və ya ümumi tanışlarının cavabdehin hesabına ödədiyi 200 manat məbləğində pul vəsaitini aldığını etiraf etməz və qəbzdə yazılan 3.500 manat məbləğində pul vəsaitini tam həcmdə tələb edərdi. Lakin o, cavabdehdən yalnız borc pulunu ödəməsini tələb edir və ona artıq heç bir vəsait lazım deyil. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 2.790 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək, bildirdi ki, maddi ehtiyacı olduğuna görə o, 2022-ci ilin iyul ayında, Allahverdi adlı müəllim tanışı ilə birlikdə İddiaçı yaxınlaşaraq, həmin şəxsdən borc istəmişdir. Həmin vaxt iddiaçı ona hazırda dəqiq xatırlamadığı bir məbləğdə, ya 1.500 manat, ya da 2.000 manat məbləğində borc vermiş və o, həmin borcunu 2022-ci ilin oktyabr ayınadək qaytaracağını vəd etmişdir. O, həmin vaxt öz xətti ilə borca dair yazılı qəbz tərtib edərək, iddiaçıya vermişdir və iddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarında olan qəbz məhz onun öz xətti ilə yazıb imzaladığı həmin qəbzdir. O, iddiaçıdan faktiki 3.500 manat məbləğində borc almasa da, məhz İddiaçı təkidi ilə, yazılı qəbzdə həmin şəxsdən 3.500 manat məbləğində pul vəsaiti aldığını və iddiaçıya 3.500 manat məbləğində pul vəsaiti ödəyəcəyini qeyd etmişdir. Onun iddiaçıdan 3.500 manat deyil, daha az məbləğdə pul vəsaiti aldığını təsdiq edəcək hər hansı şahid və ya başqa sübutu yoxdur. O, iddiaçıya təxminən 500 manat ödəniş etdikdən sonra maddi vəziyyəti pisləşmişdir. Belə ki, o, arvadından boşandığı üçün ondan hər ay 400 manat aliment tutulur. Bundan başqa, o, kommersiya banklarına da borcludur. Buna görə də maddi vəziyyəti iddiaçıya olan borcunu ödəməyə imkan vermir. Onun hesablamalarına görə onun hazırda iddiaçıya cəmi 2000 manat borcu vardır və o, hissə-hissə şəklində həmin borcunu ödəməyə razıdır. Sonda, Cavabdeh iddianın qismən, yəni cəmi 2.000 manat məbləğində pul vəsaitinin ondan tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adından tərtib edilmiş 04 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, T.B.Abbaszadə İddiaçı 04 iyul 2022-ci il tarixdə 3.500 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş və həmin borcunu 04 oktyabr 2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh iş materiallarında olan 04 iyul 2022-ci il tarixli yazılı qəbzin onun tərəfindən yazılıb imzalandığını etiraf etsə də, iddiaçıdan faktiki olaraq 3.500 manat deyil, daha az məbləğdə pul vəsaiti aldığını, lakin iddiaçıdan 3.500 manat deyil, daha az məbləğdə pul vəsaiti aldığını təsdiq edəcək hər hansı şahid və ya başqa sübutu olmadığını bildirdi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 04 iyul 2022-ci tarixdə iddiaçıdan 3.500 manat məbləğində pul vəsaitini almış və həmin tarixdə iddiaçıya 3.500 manat məbləğində borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması faktını etiraf etmişdir. İddiaçı isə iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında borc kimi verilmiş 3.500 manat məbləğində pul vəsaitinin 710 manat məbləğində hissəsinin artıq ona qaytarıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 04 iyul 2022-cü il tarixdə iddiaçıdan müqavilə əsası olmadan aldığı və əsassız varlanma obyekti hesab olunan 3500 manat məbləğində pul vəsaitinin ödənilməmiş hissəsi qismində 2.790 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 manat 90 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 2.790 (iki min yeddi yüz doxsan) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 (qırx yeddi) manat 90 (doxsan) qəpik, cəmi 2.837 (iki min səkkiz yüz otuz yeddi) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar