Məhkəmə qərarları › İş №2(022)-187/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-187/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-187/2024 13.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı Əliguşad oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Əliguşad oğlunun Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X1 Fərrux Hikmət oğluna qarşı ödənilməmiş borcun əvəzi qismində 2.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əliguşad oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun tanışıdır və həmin şəxslə münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh dəfələrlə onun Biləsuvar şəhərində yerləşən mağazasından həm nağd, həm də nisyə şəkildə alver etmiş, borc almış və onun borcunu vaxtında və tam şəkildə qaytarmışdır. Sonuncu dəfə 22 oktyabr 2021-ci il tarixdə cavabdeh ondan ailəsində baş tutacaq xeyir işi ilə əlaqədar 5.000 manat məbləğində borc istəmişdir. O, Cavabdeh həmin məbləğdə pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə cavabdehə borc kimi vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh ona olan borcunu ailəsində baş verən xeyir iş qurtardıqdan sonra qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan cəmi 2.500 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borcun əvəzi qismində 2.500 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, o, İddiaçı həmyerlisi kimi tanıyır və həmin şəxslə münasibətləri həmişə normal olmuşdur. 22 oktyabr 2021-ci il tarixdə o, iddiaçının yanına gedərək, sonuncudan 5.000 manat məbləğində borc pul istəmişdir. İddiaçı ona həmin pul vəsaitini qısa müddətdə qaytarmaq şərtilə borc vermiş və o, öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, sonuncuya təqdim etmişdir. O, həmin qəbzdə iddiaçıya olan borcunu ailəsində baş verən qaytaracağını vəd etsə də, maddi imkanı olmadığına görə iddiaçıya olan borcunu tam şəkildə və vaxtında qaytara bilməmişdir. Hazırda onun İddiaçı olan borcundan ödənilməmiş 2.500 manat borcu qalmışdır. Buna görə də o, hazırda iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı Əliguşad oğlundan 22 oktyabr 2021-ci il tarixdə 5.000 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu xeyir işi qurtardıqdan sonra tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli yazılı qəbzin onun tərəfindən yazılıb imzalandığını və həmin tarixdə iddiaçıdan 5.000 manat məbləğində borc aldığını etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 22 oktyabr 2021-ci il tarixdə iddiaçıdan 5.000 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Sonradan cavabdeh həmin vəsaitin cəmi 2.500 manat məbləğində hissəsini iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 22 oktyabr 2021-cü il tarixdə iddiaçıdan müqavilə əsası olmadan aldığı və əsassız varlanma obyekti hesab olunan 5.000 manat məbləğində pul vəsaitinin ödənilməmiş hissəsi qismində 2.500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı Əliguşad oğlunun iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 2.500 (iki min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 45 (qırx beş) manat, cəmi 2.545 (iki min beş yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı Əliguşad oğlunun xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar