Məhkəmə qərarları › İş №2(022)-216/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-216/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-216/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində borcun və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödədiyi 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 8-10 il bundan qabaq Cavabdeh çox yaxşı münasibəti olan Sergeyin xahişi ilə 1700 (bir min yeddi yüz) manat məbləğində borc pul vermişdir. Cavabdehin dediyinə görə borc götürdüyü məbləğin 1200 manatını bankda qalıq borcu olan məbləği bağlayaraq yeni kreditin götürülməsinə, qalan 500 manatı isə yaxın dostu olan zabit yoldaşının probleminin həllinə sərf etməli idi. Razılaşmaya görə cavabdeh bankdan yeni götürəcək kreditdən ondan borc götürdüyü məbləği qaytaracağına söz vermiş, lakin indiyə qədər borc qaytarılmayıb. Onun Cavabdeh ilə uzun müddət ərzində danışmalarının nəticəsi olaraq cavabdeh ona poçt vasitəsilə borcdan 300 manat qaytarması olub.Belə ki, 2017-2018 və 2019-cu illərdə 4 dəfə olmaqla, 50 manat, 2020-ci ildə əlavə olaraq cəmi 100 manat pul qaytarmışdır.Hazırda cavabdeh ona 1400 manat borclu qalmışdır. 2021-ci ildən isə cavabdeh zənglərinə belə cavab vermir. Cavabdeh müxtəlif bəhanələr gətirərək üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.Odur ki, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində borcu və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödədiyi 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini, ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddaçı İddiaçı ona qarşı 1400 (bir min dörd yüz) manat məbləğində iddia tələbi irəli sürərək həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 34 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. Həmin iddia tələbi 2012-ci il tarixdə aralarında olmuş şifahi borc müqaviləsi üzrə verilmişdir. Həmin vaxt o, hərbçi olmuş və tanışı vasitəsilə iddiaçıdan (2012-ci ilin sentyabr ayında) 1100 (bir min bir yüz) manat faiz ödəmək şərti ilə borc almışdır. Aralarında olan razılaşmaya əsasən o, borcu faizləri ilə birlikdə altı aydan sonra, yəni 2013-cü ilin mart ayında, hər ay əlavə faiz olaraq 110 manat hesablanmaqla cəmi 1700 manat qaytarmalı idi. Onun maaş kartı uzun müddət iddiaçıda olmuş və iddiaçı oradan borcunu faizi ilə birlikdə hissə-hissə çıxarmışdır. Sonuncu dəfə o, iddiaçıya son faiz olaraq 2020-ci ildə hissə-hissə 300 manat qaytarmış və bununla da faiz borcu bağlanmışdır. Belə ki, 2013-ci ilin 31 mart tarixindən bu iş üzrə iddia müddətinin axımı başlamışdır. Əgər iddiaçı borcun altı il əvvəl verildiyini bildirirsə bununla bağlı müvafiq sənəd və ya sübut təqdim etməlidir. Bu halda belə mülki iş üzrə iddia müddəti buraxılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 7, ev 2, mənzil 4-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ona pul lazım olduğuna görə Elçindən faiz ödəmək şərti ilə 2012-ci il tarixdə 1100 manat borc olaraq pul aldğını, son dəfə 2020-ci il tarixdə faiz olaraq hissə-hissə 300 manat pul qaytardığını, hazırda iddiaçıya borcunun olmadığını, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları ilə işin mübahisə doğurmayan halı olaraq iddiaçının 2012-ci il tarixdə borc olaraq cavabdehə pul verməsi təsdiq olunsa da, iddiaçı 1700 manat cavabdehə borc olaraq verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan 1700 manat deyil, 1100 manat faiz ödəmək şərti ilə borc aldığını, lakin həmin borcu qaytardığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin qeyd olunan halları Cavabdeh İddiaçı 1100 (bir min yüz) manat borc olaraq alması və həmin borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Lakin iddiaçının qeyd etdiyi kimi 2020-ci il tarixdə ona cavabdeh tərəfindən 300 manat pulun ödənilməsinə dair gətirdiyi dəlillər əsaslı hesab edilməklə iddianın təmin edilməsinə dair nəticəyə gəlməyə əsas vermir. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizə verməklə iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının ondan borc verdiyi pulun qaytarılması tələbinə qarşı öhdəliyin icrasından imtina edərkən borc münasibətinin 2012-ci il tarixdə yaranmasını, lakin həmin müddətin başa çatmasına baxmayaraq iddiaçının üç il ərzində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməli olduğu halda, müraciət etmədiyini, bununla da iddia müddətini üzürsüz səbəbdən ötürməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirimiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Məhkəmə belə hesab edir ki, qeyd olunan maddi hüquq normalarının işin müəyyən edilmiş faktiki hallarına tətbiqi iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzər alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1400 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 1400 manat pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar