Məhkəmə qərarları › İş №2(022)-23/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-23/2025

23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-23/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2356 manat məbləğində maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, xüsusi mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 07 may 2024-cü il tarixdə o, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində yaşayan qohumunun evinə qonaq getmişdir. Avtomobilini qonaq getdiyi evin darvazasının qarşısında yoldan kənar yerdə saxlamışdır. Təxminən saat 17:30 radələrində avtomobil toqquşmasının bərk səsi gəlmişdir. O və ev sahibi bu səsə küçəyə çıxmış və görmüşdür ki, “Vaz- 21061 minik” markalı avtomobil onun darvazanın yanında saxladığı avtomobilini vurmuşdur. Qəza törədən şəxs sonradan adını bildiyi Cavabdeh avtomobilini saxlamadan sürətlə hadisə yerindən qaçıb getmişdir. İddiaçı bu haqda adiyyatı üzrə polis şöbəsinə məlumat vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar polis tərəfindən araşdırma başlanılmışdır. Hadisəni törədərək oradan qaçmış Cavabdeh polis əməkdaşları tərəfindən axtarış nəticəsində yeri müəyyən edilərək saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Həmin vaxt Cavabdeh sərxoş vəziyyətdə olmuşdur. O, bu hadisənin onun tərəfindən törədilməsini etiraf etmişdir. Biləsuvar Rayon Polis Şöbəsində Cavabdeh barəsində 10 may 2024-cü il tarixli, İXP6241967 nömrəli inzibati xəta haqında protokol tərtib edilmişdir. Sonradan isə həmin protokola əsasən 10 may 2024-cü il tarixli TP6470987 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh 07 may 2024-cü il tarixdə saat 17:30 radələrində Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi ərazisində “Vaz-21061 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol nəqliyyat hadisəsi yerindən yayınması və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol hərəkəti qaydalarını pozmuşdur. Nəticədə Cəfərov X6 Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin Qərara əsasən Cavabdeh 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh idarə etdiyi **-KJ-*** dövlət qeydiyyat nişanlı, “Vaz-21061 minik” avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sürət həddini aşmaqla iddiaçının avtomobilini yolun kənarında dayanmış vəziyyətdə olarkən vurmuş və hadisə yerindən qaçmışdır. Baş vermiş hadisə nəticəsində mülkiyyətində oian avtomobilə ilkin hesablamalara görə 2356 manat məbləğində zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan avtomobilə dəymiş ziyanla bağlı o, dərhal avtomobilimi sığortaiadığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vermişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta məbləğini "xxxx" Açıq Səhmdar Cəmiyyəti zərərvuran tərəfin sığortası olmadığından ödəməkdən imtina etmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xüsusi mülkiyyətində olan avtomobilə 2356 (iki min üç yüz ılli altı) manat məbləğində zərər dəymişdir. Həmin zərəri iddiaçı cavabdehdən tələb etmiş, lakin cavabdeh dəymiş zərəri ödəməmişdir. İddiaçının tələbi: İddiaçı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurmuş olduğu 2356 (iki min üç yüz əlli altı) manat məbləğində zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı hər hansı etiraz və ya yazılı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması, 2356 (iki min üç yüz əlli altı) manat məbləğində zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun dəymiş ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin 11 sentyabr 2024-cü il tarixli hazırlıq iclasında izahat verərək iddiaçının xüsusi mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlər qeydiyyat nişanlı avtomobilə ziyan vurduğunu etiraf etmiş, lakin iddia tələbi üzrə vurulmuş zərərin məbləğini qəbul etmədiyini bildirərək, iş üzrə şifahi verdiyi vəsatət əsasında, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 may 2025-ci il tarixli iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 izahatında bildirmişdir ki, evdə olduğu zaman səs eşitmişdir. Çölə çıxan vaxt İddiaçı avtomobilinin vurulduğunu görmüşdür. Bu zaman Anarın maşınını saxladığını, az sonra çıxıb getdiyini bildirmişdir. Hadisə baş verən zaman İddiaçı avtomobilinin qonşusunun darvazasının yanında saxladığını bildirmişdir. X3 izahatında bildirmişdir ki, İddiaçı onlara qonaq gəlmişdir. Evdə olan zaman yüksəkdən səs eşitmişdir. Çölə çıxanda Anarın hadisə yerindən qaçdığını gördüyünü və bu barədə dərhal polisə məlumat verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar rayon icra hakimiyyəti başçısının Biləsuvar şəhər inziabti ərazi üzrə nümayəndəliyindən verilmiş 11 iyun 2024-cü il tarixli, 5-39-112-1715/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Hüseynov X4 şəhəri, Azadlıq küçəsi, ev 24 ünvanında yaşayır. X1 (VÖEN **********) verdiyi arayışdan görünür ki, “VAZ-2107 minik” markalı, **- CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2356 (iki min üç yüz əlli altı) manat təşkil edir. AD seriyalı 925979 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2107 minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. AF seriyalı 129329 nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı BC kateqoriya üzrə sürücülük hüququna malikdir. İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsinə əsasən 100 (yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı məxsus “VAZ-2107 minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurulmuşdur. 11 iyun 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 44 (qırx dörd) manat dövlət rüsumu ödənilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Biləsuvar Rayon Məhkəməsinə 06 may 2025-ci il tarixdə daxil olmuş, 02 aprel 2025-ci il tarixli 3-16-16/2-9/8346-8/2904/2024 saylı məlumatından görünür ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində xüsusi bilik tələb etmədiyindən rəy verilməkdən imtina edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş CD daşıyıcıdakı görüntülərdən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “VAZ-2107 minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin və şahidlərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsindən irəli gələn öhdəlik münasibətləri üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xüsusi mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən ziyan vurulmuşdur. Cavabdeh məhkəmənin 11 sentyabr 2024-cü il tarixli hazırlıq iclasında izahat verərək iddiaçının xüsusi mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlər qeydiyyat nişanlı avtomobilə ziyan vurduğunu etiraf etmiş, lakin iddia tələbi üzrə vurulmuş zərərin məbləğini qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı zərərin vurulması faktını etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktı etiraf etməsi qəbul olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələb üzrə Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan “VAZ-21774 minik” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2356 (iki min üç yüz əlli altı) manat məbləğində ziyan vurulması faktı, iş materiallarında olan X1 (VÖEN **********) verdiyi arayış və iddiaçının izahatı ilə təsdiq olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh 2356 (iki min üç yüz əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 2356 (iki min üç yüz əlli altı) manat məbləğində pul vəsaiti və 44 (qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar