Məhkəmə qərarları › İş №2(022)-260/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-260/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-260/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 190 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 28 dekabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 03 avqust 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 665 manat, cərimə qismində 70 manat və 03 avqust 2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 595 manat, cərimə qismində 60 manat, cəmi 1.390 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-260/2023 saylı qərardadı ilə iddia ərizəsinə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyi və buna görə də iş üzrə əlavə araşdırmanın aparılması zərurəti yarandığına görə İddiaçı Cavabdeh qarşı 03 avqust 2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 665 manat, cərimə qismində 70 manat, və 03 avqust 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 595 manat, cərimə qismində 60 manat, cəmi 1.390 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh ödənilməmiş əsas borcun 1.070 manat və cərimə borcunun 130 manat məbləğində hissəsini ödədiyini bildirmiş və ödənilməmiş əsas borcun əvəzi qismində 190 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə azaldılmış iddia tələbini müdafiə edərək, göstərdi ki, o, Biləsuvar şəhərində yerləşən “Yuvam Mobilya” adlı mağazada məişət texnikasının və mobil telefonların satışı ilə məşğul olur. Həmyerlisi Cavabdeh 03 avqust 2021-ci il tarixdə ondan 1.475 manat dəyərində “Samsung” markalı soyuducunu 50 manat ilkin ödəniş etməklə, hər ayın üçü 95 manat məbləğində ödəniş etmək şərti ilə,15 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cəmi 760 manat ödəniş etmiş və qalıq qalmış 665 manat məbləğində borcunu qaytarmamış və cavabdehə cərimə qismində 70 manat məbləğində borc hesabanmışdır. Həmin müqavilə üzrə Cavabdeh ondan digər 1.325 manat dəyərində “Samsung” markalı paltaryuyan məhsulunu 50 manat ilkin ödəniş etməklə, hər ayın üçü 85 manat məbləğində ödəniş etmək şərti ilə,15 ay müddətinə nisyə şəkildə almışdır. Lakin öz öhdəliklərini cavabdeh tam şəkildə icra etməmiş və alınan məhsulun ümümi dəyərinin yalnız 680 manat məbləğində olan hissəsini ödəyə bilmiş, qalıq borc qismində ona 595 manat məbləğində borcu qalmışdır. Bundan başqa, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə 60 manat məbləğində cərimə borcu hesablanmışdır. Beləliklə, həmin alqı-satqı müqaviləsi üzrə cavabdehin ona olan borcu ödənilməmiş əsas borc qismində cəmi 1.260, cərimə qismində isə cəmi 130 manat təşkil etmişdir. O, borcunun ödənilməsini dəfələrlə Cavabdeh tələb etsə də, sonuncu ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh ona ödənilməmiş əsas borcun 1.070 manat və cərimə borcunun 130 manat məbləğində hissəsini, yəni cəmi 1.200 manat məbləğində pul ödəmişdir. Cavabdeh ona qalıq borcu hal-hazırda 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində cəmi 190 manat təşkil edir. Sonda, İddiaçı azaldılmış iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 avqust 2021-ci il tarixdə “Yuvam Mobilya” mağazasından 1.325 manat dəyərində “Samsung” markalı paltaryuyanı ilkin ödəniş olaraq 50 manat ödəməklə, hər ay 85 manat ödəniş etmək şərti ilə, 15 ay müddətinə və 1.475 manat dəyərində “Samsung” markalı soyuducunu 50 manat ilkin ödəniş etməklə, hər ay 95 manat məbləğində ödəniş etmək şərti ilə,15 ay müddətinə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Mülki işdə olan İddiaçı Cavabdeh borcu barədə maliyyə arayışlarından görünür ki, Cavabdeh 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müqavilə üzrə borcu ödənilməmiş əsas borc qismində 190 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 190 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 03 avqust 2021-ci il tarixli, YK0001629 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 190 (bir yüz doxsan) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, cəmi 223 (iki yüz iyirmi üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar