Məhkəmə qərarları › İş №2(022)-267/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-267/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-267/2023 04.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əligüşad oğlunun iştirakı ilə, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 3.988 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 manat 05 qəpik, cərimə qismində 363 manat, cəmi 4.869 manat 05 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 3.988 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 manat 05 qəpik, cərimə qismində 363 manat, cəmi 4.869 manat 05 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh2 12 aprel 2022-ci il tarixdə «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə uyğun olaraq, illik 30 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətində əsas borcla birlikdə faiz borcunu da tam qaytarmaq şərti ilə, 4.400 manat kredit götürmüş və eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürmüşdür. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən sonuncu hər ayın 12-də 306 manat 55 qəğik məbləğində ödəniş aparmalı olsa da, Cavabdeh2 yalnız iki ay ödənişləri icra etmiş və 2022-ci ilin may ayında 307 manat, iyun ayında isə 320 manat məbləğində ödəniş həyata keçirmişdir. Sonrakı tarixlərdə isə Cavabdeh2 heç bir ödəniş icra etməmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, əsas kredit borcunu və faiz borclarını vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə, Cavabdeh2 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 3.988 manat, 18 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 manat 05 qəpik, cərimə qismində 363 manat, cəmi 4.869 manat 05 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsi üçün 69 manat məbləğində əlavə xərc çəkmişdir. Sonda, Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 24 yanvar 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 12 aprel 2022-ci il tarixdə «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə uyğun olaraq, həmin müəssisədən nağd şəkildə kredit götürmüş, lakin maddi vəziyyətində yaranmış çətinliklər və xəstəliyi ilə əlaqədar ilk iki ayın ödənişini etsə də, sonrakı ayların ödənişini icra edə bilməmişdir. Hazırda o, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinə olan borcunu ödəməkdən imtina etmir və maddi imkanı olduqda həmin borcunu ödəyəcəkdir. Lakin «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti onu 363 manat məbləğində cərimə etmiş və o, bu cərimə miqdarını hədsiz yüksək hesab edir. Belə ki, Cavabdeh2 müraciətində himayəsində üç övladı olmasını və maddi vəziyyətinin aşağı olmasını nəzərə alaraq məhkəmədən həmin cərimənin ləğv edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 30 faiz olmaqla, 18 ay müddətinə, kredit müqaviləsinə əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 4.400 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 12 aprel 2020-ci il tarixli xəzinə-məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh2 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətindən 4.400 manat məbləğində nağd pul vəsaitini almışdır. Mülki işdə olan «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilmiş 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə iddiaçıya olan borcu, əsas borc qismində 3.988 manat, faiz borcu qismində 518 manat 05 qəpik, cərimə qismində 363 manat təşkil etmişdir. İşdə olan 12 aprel 2022-ci il tarixli, 17 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 oğlunun «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə onun iddiaçıya 18 noyabr 2022-ci il tarixə əsas borc qismində 3.988 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 manat 05 qəpik, cərimə qismində 363 manat, cəmi 4.869 manat 05 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin hallarını və kreditorun əmlak mənafelərini, o cümlədən ödənilmiş kreditin məbləğini, iddiaçının və cavabdehin əmlak mənafelərini, habelə kredit öhdəliklərinin uzun müddət ərzində icra olunmadığını nəzərə alaraq hesab edir ki, 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə hesablanmış cəmi 363 manat məbləğində cərimə pulu tənasübsüz surətdə yüksək məbləğ sayılmalı və həmin məbləğ azaldılaraq cavabdehlərdən cərimə qismində 200 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə 18 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 3.988 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 manat 05 qəpik və cərimə qismində 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 12 aprel 2022-ci il tarixli, 17 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.988 (üç min doqquz yüz səksən səkkiz) manat, 18 noyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 518 (beş yüz on səkkiz) manat 05 (beş) qəpik, cərimə pulu qismində 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat, cəmi 4.766 (dörd min yeddi yüz altmış altı) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Nümayəndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar