Məhkəmə qərarları › İş №2(022)-314/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-314/2024

14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-314/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyana görə 2000 manat və mənəvi ziyana görə 3000 manat, cəmi 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rusumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, o, Biləsuvar rayonu Nərimankənd kəndində ailəsi ilə bərabər yaşayır və 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla İİ qrup əlilidir. Onun qardaşı Cavabdeh1 cindarlıqla məşqul olan Niyaməddin adlı şəxslə birləşərək yalan işlərlə məşqul olmaqla onun ailəsinə dava salaraq boşanma həddinə gətirib çıxarmışlar. Belə ki, Niyaməddin adlı şəxs, yəni molla və cindarlıqla məşqul olan şəxs kimi onun qardaşı ilə birləşərək güya onun yaşadığı evin ərazisində, yəni həyətində 4 ədəd duanın basdırılmasını, iki duanın isə kəndin qəbristanlığında olmasını bildirmiş və həmin caduların çıxarılmasının 200 manata başa gəldiyini bildirmiş və onun ailəsi bununla razılaşaraq həmin altı cadunun çıxarılmasına hər biri üçün 200 manat olmaqla cəmi 1400 manat ödəmiş etmiş və həmin caduları çıxardaraq çəklişlərini də etmişlər. Həttda Niyaməddin adlı şəxs orada qardaşına bildirmişdir ki, onun rəhmətə gedən oğlunu Əjdər və anası cadu etməklə öldürmüşlər. Ancaq anası çox yaşlı qadındır, hərəkətini itirmiş, yataq xəstəsi olduğu üçün heç bir yerə gedib bu əməlin sahibi ola bilməz. Onun qardaşı və molla əlbir olaraq bu əməlləri törədmişlər və onun ailə və uşaqlarını ona qarşı qaldıraraq ailəsinin dağılmasına səbəb olmuşlar.Bu söhbətdən sonra o, qardaşı ilə bərabər Niyaməddinin yaşadığı Təyyarə meydanında yerləşən evinə gedərək bu söhbətlərə aydınlıq gətirmək üçün Niyaməddinin evində bir otaqdan ibarət otaqda oturaraq bu söhbətlərə aydınlıq gətirmək üçün Niyaməddindən “siz qardaşıma demisiniz ki, onun oğlu mənim və anamın cadu etməsi üzündən vəfat etmişdir, bunun nə qədər doğru olmasınına aydınlın gətirsin». Niyaməddin öz nöbəsində qardaşının yanında qurana baxaraq İlqarın oğlunu onun və anasının öldürməsini bildirmişdir. Lakin bildirir ki, onun qardaşı İlqarın oğlu Bakıda işləmiş və orada da yoldaşının əmisi oğlu ilə bərabər yaşamışdır və hamamda yuyunarkən qaz sızmasından boğularaq dünyasını dəyişmişdir. O, zəhmətlə təssərüfatını artırmağa nail olmuşdur, lakin qardaşı ilə molla birləşib onu şərləməklə mal-qarasını satdıraraq pullarını mənimsəmiş, bununla da ona ziyan vurmuşlar. O, bütün bunlarla bağlı aidiyyəti orqanlara ona qarşı ədalətsizlik etmələri barədə bildirsə də, hələ də həmin şəxslər barəsində lazımı tədbirlər görülməmişdir. Həmin hərəkətlər nəticəsində ona 5000 manat dəyərində maddi və mənəvi ziyan dəymişdir. Bundan sonra o, qardaşı İlqar və molla Niyaməddinin barəsində Biləsuvar rayon Polis Şöbəsinə şikayət etmiş və onun şikayəti Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytinatı X1 icraatında olmuş, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət oluna bilər. İlqar və Niyaməddinin fikri ona ziyan vurmaq, şərəf və ləyaqətini cəmiyyətdə alçaltmaq olmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək əsassız olduğunu, ona görə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçı və cavabdehin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Biləsuvar rayon Nərimankənd kənd sakini İddiaçı DİN-nə qardaşı Cavabdeh1 ona şər-böhtan atması, Niyaməddin adlı şəxsin fala baxmaq adı ilə oğlu Röyal Quluzadənin pulunu almasına dair müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, -Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materiallarında olan Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 03 yanvar 2024-cü il tarixli cinayət işnin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, Cavabdeh1 izahat verərək göstərmişdir ki, oğlu 3 il bundan əvvəl Bakı şəhərində olan zaman qaz boğulmasından vəfat etmişdir. Bu hadisədən sonra oğlunun vəfat etməsi ilə bağlı qohumlarının cadu etməsindən şübhələnmiş və nəticədə qohumlarını müqəddəs kitab olan qurana əl basdırmışdır. Onun da yaxın qohumları qurana əl basaraq onun oğlunun ölümündə onların əlinin olmamasını bildirmişlər. Onun qardaşı Əjdər və yaxın qohumları barədə heç bir şikayəti və iddiası yoxdur Qohumlarının onun ailəsinə cadu etməsi ilə bağlı o, qardaşı Əjdər ilə birlikdə təxminən 2 ay bundan əvvəl rayon ərazisində olan Niyaməddin adlı mollanın evinə getmiş, Niyaməddingildə olan zaman qardaşı Əjdər qurana əl basaraq onun oğlunun ölümündə əlinin olmamasını bildirmişdir. Onun oğlunun ölümündə qohumlarının əlinin olması fikiri onun özündə yaranmışdır. Oğlunun ölümü ilə bağlı o, qardaşı Əjdərə konkret olaraq onun əlinin olmasını, yaxud cadu- dua etməsini deməmişdir. Bu məsələ ilə bağlı o, nədənsə şübhələnmiş və Niyaməddin adlı mollanın evində qurana əl basdırmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, o, İddiaçı tanımır, Əjdər ilə onun arasında hər hansı bir munasıbət olmamışdır. Biləsuvar rayon Nərimankənd kənd sakini Cavabdeh1 rayon sakini kimi tanıyır, münasibətləri vardır. Onun barəsində İddiaçı etdiyi şikayət tam yalan və böhtandır. O, İlqara bu məzmunda sözlər deməmişdir. Təxminən 2023-cü ilin sentyabr ayında İlqar və Əjdər iki qardaş onun evinə gəlmiş, hər iki şəxsin onun evinə gəlişində məqsədi Əjdərin ailədaxili narazılıqları olmuşdur. İddiaçı oğlu Royalın evlərində olan mal-heyvanları sataraq ona verməsi və onunla iş görməsini bildirmişdir. Həmin vaxt o, Əjdərə elə bir halların olmamasını, onun Royaldan hər hansı bir məbləğdə pul almamasını bildirmişdir. Polisdə araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, İddiaçı onun atasıdır, müharibə iştirakçısıdır, əsəb problemləri vardır, əvvəllər ailədaxili münasibətləri normal olmuşdur, sonradan atası Əjdər onları narahäf ötməyə, döyüb incitməyə, təhqir etməyə başladığından o, qardaşı və anası ilə birlikdə yaşadıqları Biləsuvar rayon Nərimankəndindən çıxaraq yaşamaq üçün Bakı şəhərinə getmiş və hazırda o, qardaşı və anası ilə Bakı şəhərində kirayədə yaşayırlar. O, hər hansı bir molla yanına gedərək həyətlərindən cadu dua çıxarmamış, hər hansı bir mollaya pul verməmiş və evlərində olan heyvanları satmamışdır. Barələrində olunan şikayət tam yalan və böhtandır. Onların yaşadığı evdə heyvanları olmuşdur, həmin heyvanlara onlar baxmış və qulluq etmişlər. Lakin həmin heyvanları atası Əjdər satmış və pullarını xərcləmişdir. Onun əmisi oğlunun ölümü ilə bağlı onun, ailə üzvlərinin və hər hansı bir qohumlarının heç bir əli yoxdur, heç bir əlaqəsi yoxdur. Əmisi oğlu 2020-ci il tarixdə Bakı şəhərində qaz boğulmasından vəfat etmişdir, onun ölümündə kimsə cadu və dua etməmişdir. Bu məzmunda olunan şikayətlər tam yalan və böhtandır. İddia tələbindən göründüyü kimi iddiaçı tələbinin əsası kimi qardaşı və eyni zamanda iş üzrə Cavabdeh1 oğlunun ölümündə ondan şübhələndiyi üçün Cavabdeh2 ilə əlbir olaraq cadu dua çıxaramaq adı altında şəxsi təsərrüfatında olan mal-qaranı satdırması və həmin pulların Cavabdeh2 verilməsi nətəcəsində 2000 manat maddi zərərə məruz qalması, qeyd olunan səbəbdən onun ailə üzvləri ilə münasibətlərinin pozulması və nəticə etibarı ilə 3000 manat mənəvi zərər çəkməsinə dair istinad etdiyi hallar nə cavabdehin izahatı və nə də iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilən halları nəzər alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar