Məhkəmə qərarları › İş №2(022)-325/2025

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-325/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-325/2025 06.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.030 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.030 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, əvvəllər Cavabdeh öz həmyerlisi kimi tanımış və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. 29 noyabr 2021-ci il tarixdə Cavabdeh onun yanına gələrək, ondan xeyir işi ilə əlaqədar, qısa zaman ərzində qaytarmaq şərti ilə, 2.500 manat məbləğində pul vəsaitini borc istəmişdir. Buna görə də o, həmin tarixdə 2.500 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan cəmi 470 manat ödəniş etmiş, borcunun qalan hissəsini ödəmədiyinə görə o, 2024-cü ilin aprel ayında təkrarən cavabdehlə görüşmüş və ondan pulunu geri istəmişdir. Cavabdeh isə uşağının xəstə olduğunu və buna görə də borcunu dərhal qaytara bilmədiyini bildirmiş və borcunu 2024-cü ilin dekabr ayınadək ödəyib bitiricəyini vəd etmişdir. Həmin vaxt Cavabdeh da borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həm qəbzdə də cavabdeh ondan aldığı pulu 27 dekabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan qalıq qalmış 2.030 manat hal-hazıradək ona qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 43 manat 40 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 2.030 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adından tərtib edilmiş 08 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 29 noyabr 2021-ci il tarixdə 2.500 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunun ödənilməmiş 2.030 manat məbləğində hissəsini 27 dekabr 2024-cü il tarixə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.3-cü maddəsinə görə hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materillarından görünür ki, 08 yanvar 2025-ci il tarixli və 06 fevral 2025-ci il tarixli bildirişlərlə 06 fevral 2025-ci il tarixə, saat 15:00-a və 25 fevral 2025-ci il tarixə, saat 15:30a təyin olunmuş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri göndərilmiş, lakin cavabdeh həmin bildirişlərlə birlikdə göndərilmiş iddia ərizəsini aldıqdan 20 gün sonra iddia tələbinə dair özünün yazılı etirazını məhkəməyə bildirməmiş və bu barədə məhkəməyə heç bir sübut və ya mülahizə təqdim etməmişdir. Buna görə də mülki işin məhkəmədə baxılmağa hazırlanması cavabdehin iştirakı olmadan həyata keçirilmiş və məhkəmə baxış iclası 06 mart 2025-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 29 noyabr 2021-ci il tarixdə iddiaçıdan 2.500 manat məbləğində pul vəsaitini borc almış və 08 aprel 2024-cü il tarixdə iddiaçıya həmin borcun 2.030 manat hissəsinin ödənilməmiş qalmasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh nəinki həmin qalıq borcun və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, ödənilməmiş borcun əvəzi qismində 2.030 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 40 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 2.030 (iki min otuz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 (qırx üç) manat 40 (qırx) qəpik, cəmi 2.073 (iki min yetmiş üç) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar