Məhkəmə qərarları › İş №2(022)-334/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-334/2024

14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-334/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərilmişdir ki, o, İmişli şəhərində ailə üzvüləri ilə birlikdə yaşayır. Cavabdehi bacanağı Bəhruz vasitəsi ilə tanımışdır. Belə ki, o bacanağı ilə onlara gəlmiş və həmin zaman onunla tanış olmuşdur. Bundan sonra o, hər dəfə Bakı şəhərinə gedəndə cavabdehlə görüşürdü. Görüşlərinin birində cavabdeh ona bildirmişdir ki, Bakı şəhərində tikinti sektorunda yaxşı pul var, lakin maddi imkanı zəif olduğu üçün iş görə bilmir. O, cavabdehə demişdir ki, onun bu işlərdən başı çıxmır, cavabdeh isə ona demişdir ki, “sən pul tap ver, mən iş görüm”. O, cavabdehə demişdir ki, onun əlində pul yoxdur, amma pulu qaytara biləcəksə Kapitalbankdan kredit götürüb versin. Cavabdeh ondan xahiş etmişdir ki, bankdan pul götürüb ona versin, o hər ay kreditin ödənişlərini özü edəcəkdir. Bundan sonra o, Kapitalbankın İmişli filialından 28 mart 2019-cu il tarixində 15 ay müddətinə 6000 manat kredit götürmüş və cavabdehə vermişdir. Cavabdeh həmin kredit üzrə ayda 500 manat olmaqla 6 ay ödəniş etmişdir. 2019-cu ilin oktyabr ayında cavabdeh ona bildirmişdir ki, işlər yaxşı gedir və daha çox iş görə bilməsi üçün əlavə pul lazımdır. O, pulu olmadığını bildirmişdir. Cavabdeh pul taparaq ona verməsini, 10 gün müddətinə qaytaracağını bildirmişdir. Bundan sonra o, yaxın qohumundan 2500 manat borc pul alaraq cavabdehə vermiş, 10 gün tamam olandan sonra o, cavabdehdən pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. Bundan sonra o, məcbur olub həmin borc olaraq aldığı pulu və banka qalıq qalan pulu özü ödəmişdir. Hazırda cavabdeh ona 7000 manat pul borcludur və hər dəfə bir bəhanə gətirərək həmin borcu qaytarmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Sonda iddiaçı Cavabdeh 7000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(022)-541/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı 7000 manat pul tələbi ilə iddia qaldırmış və məhkəməyə ərizə təqdim edərək cavabdehlə barışdıqlarını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə geri qaytarılmasını xahiş etmişdir. Buna görə də iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh qarşı 7000 manat pul tələbinə dair 2(022)-541/2021 saylı mülki işdə olan İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə barışdığını, mübahisəni məhkəmədən kənar öz aralarında həll etdiklərini və bu səbəbdən ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh borc olaraq 7000 manat pul verdiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı 7000 (yeddi min) manat pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar