Məhkəmə qərarları › İş №2(022)-344/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-344/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-344/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc öhdəliyini qərəzli icra etməməyə görə əlavə fazilərin tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnaməsi ilə Cavabdeh 10485 (on min dörd yüz səksən beş) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilib. Cavabdeh tərəfindən Biləsuvar Rayon Məhkəməsinin müvafiq qətnaməsindən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayət təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdı. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi icra edilməsi üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə 06 yanvar 2015-ci il tarixində icra vərəqi verilmişdi. Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnaməsi Cavabdeh tərəfindən qərəzli olaraq icra edilmədiyinə görə onun haqqında Biləsuvar Rayon Məhkəməsinin 29 avqust 2016-ci il tarixli, l(022)-122/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Cavabdeh azadlıdan məhrumetmə cəzasını çəkib bitirdikdən sonra da məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnaməsi cavabdeh tərəfindən icra edilmədiyinə, borc öhdəliyini gecikdirdiyinə görə onun yenidən hesablanması, üzərinə faizlərin gəlməsi üçün iddiaçı Biləsuvar Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə iddianı əsaslı hesab edərək 10 dekabr 2019cu il tarixli, 2(022)-1071/2019 saylı qətnaməsi ilə cavabdehdən öhdəliyini gecikdirdiyi 5 il müddət üçün əlavə olaraq 2350 manat pulun tutulmasını qət etdi. Cavabdeh Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)- 1071/2019 saylı qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət versə də, onun şikayəti təmin edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)- 1071/2019 saylı qətnaməsi cavabdeh tərəfindən icra edilərək 2350 manat pul iddiaçıya ödənilmişdir. Lakin Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnaməsi bu zamana qədər cavabdeh tərəfindən qərəzli olaraq, maddi imkanı olduğuna baxmayaraq icra edilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1071/2019 saylı qətnaməsinin qəbulundan sonra keçən 5 il müddətinə də cavabdehin öhdəliyini icra etmədiyi (əsas məbləğ) 9350 manat pulun üzərinə hər il üçün 5 % hesablanmalıdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnaməsi qərəzli olaraq icra edilmədiyinə görə 2019-cu ilin dekabr ayından keçən 5 il üçün, hər ili 5%, ümumi 25% olmaqla 05 dekabr 2014-cü il tarixli, 2(022)-133/2014 saylı qətnamədə qət edilmiş əsas məbləğin üzərinə 2337 (iki min üç yüz otuz yeddi) manat faiz və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu, cəmi 2381 (iki min üç yüz səksən bir) manat hesablanaraq, cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh bu zamana qədər ona məxsus pul vəsaitini qanunsuz saxlayaraq ondan maddi fayda götürmüş, onun maddi zərərə məruz qalmasına səbəb olmuşdur. Buna görə də, o, hesab edir ki, cavabdehin ona olan borcu yenidən hesablanmalı və buna uyğun məhkəmə tərəfindən müvafiq qətnamə qəbul edilməlidir. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş və Cavabdeh əsəs borca görə 9350 (doqquz min üç yüz əlli) manat və gecikdirilmiş vaxta görə 935 (doqquz yüz otuz beş) manat, cəmi 10285 (on min iki yüz səksən beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2015-ci il tarixli 2(106)-579/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)- 133/2014 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsin 20 may 2015-ci il tarixli 2( 106)-579/2015 saylı qətnaməsi ilə təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 06 yanvar 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsi icra olunması üçün Biləsuvar rayon icra və Probasiya şöbəsinə yönəldilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1071/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pul vəsaitinin saxlanmasından yaranmış faiz borcu qismində 2343,99 (iki min üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2 (102) -5565/2021 saylı qərarının sürətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2 (106)-241/2021 saylı qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1071/2019 saylı qətnaməsi qüvvədə saxlanılmış və göstərilənləri nəzərə alaraq Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli 5-39-2/2-27-2025 saylı arayışından görübür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 08 may 2025-ci il tarixli 228683/2018 saylı arayışından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı icra sənədi üzrə borclu Cavabdeh İddiaçı olan borcundan Biləsuvar rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə tələbkara heç bir ödəniş etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenun Qərarına əsasən: Mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş və Cavabdeh əsəs borca görə 9350 (doqquz min üç yüz əlli) manat və gecikdirilmiş vaxta görə 935 (doqquz yüz otuz beş) manat, cəmi 10285 (on min iki yüz səksən beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsi icra edilmədiyi üçün, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1071/2019 saylı qətnaməsinin ilə, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pul vəsaitinin saxlanmasından yaranmış faiz borcu qismində 2343,99 (iki min üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi cavabdehin 5 il ərzində öhdəliyini icra etməməsini sənədlər əsasında sübut etmiş, cavabdeh isə iddiaçının tələbinə qarşı heç bir etiraz irəli sürməmiş, o cümlədən məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli 2(022)-133/2014 saylı qətnaməsinə əsasən Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş əsas borca görə 9350 manat məbləğdə pul vəsaitindən İddiaçı heç bir ödəniş edilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(022)-1071/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən ödənilməsi gecikdiriln 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pul vəsaitinin saxlanmasından yaranmış faiz borcu qismində 2343,99 (iki min üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 9350 manat məbləğdə pul vəsaitinin saxlanılmasından yaranmış faiz borcu qismində iddiaçı tərəfindən irəli sürülmüş 2337 (iki min üç yüz otuz yeddi) manat məbləğdə pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 2337 (iki min üç yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar