Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-345/2024 23.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X4, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat borcun və ödənilmiş dövlət rüsumuna görə 135 (yüz otuz beş) manat, cəmi 15135 (on beş min yüz otuz beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X6 iddia tələbini müdafiə edərək məhkəmə iclasında göstərmişdir ki, iddiaçı Cavabdeh ilə uzun müddət tanış olmuş və tikinti işlərində birlikdə çalışmışlar.Aralarında dostluq münasibətləri olmuşdur.2022-ci ildə cavabdeh deməsinə görə AR Xəzər Gəmiçiliyinin ŞİPPNG şirkətində 3-cü dərəcəli mexanik vəzifəsində işlədiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə söhbət əsnasında yaxın zamanlarda X5 Biləsuvarda filalının açılacağını və orada işçilərə ayda ən aşağı 2100-2200 manat əmək haqqı veriləcəyini, həmin filaalın rəhbərliyi ilə əlaqəsi olduğunu və iddiaçını və atasını ora işə düzəldə biləcəyini söyləmişdir. Qeyd etdiyi kimi iddiaçı, onun atası və Elman 15 il birlikdə tikinti işlərində birlikdə çalışdıqları və bir süfrədə çörək yedikləri üçün ona inanmışdır. Cavabdeh işə düzəlmək üçün əvvəlcə qiyməti 750 manat olan covidə qarşı alman markalı vaksinin vurulmasının vacib olduğunu və bundan sonra həkim müayinələrindən keçib sənədlər toplamaq lazım olduğunu bildirmişdir. Onlar onun göstərişlərini qəbul etmişlər. Sonradan müxtəlif vaxtlarda cavabdeh iddiaçıdan və atasından görəcəyi işlərdən ötəri pul istəmişdir. Cavabdehə müxtəlif vaxtlarda hissə hissə olmaqla 32592 manat pul vermişdir. Lakin cavabdeh nə onu və nə də atasını dediyi işə düzəltməmişdir.İddiaçı ondan vermiş olduğu pulları tələb etmiş, cavabdeh həmin puldan 13489 manat hissəsini geri qaytarmış, qalan məbləği isə yalançı vədlər verməklə qaytarmamışdır.Belə olan halda münasibətləri tamamailə pisləşmişdir. Ona görə də iddiaçı bu haqda Biləsuvar rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayəti polis şöbəsində araşdırlmış və Cavabdeh polis şöbəsində izahat verərək bildirmişdir ki, İddiaçı hazırda 15.000 manat borcu vardır və həmin borcu hər ay 1000 manat olmaqla ödəyəcəyi haqda yazılı iltizam vermişdir. Həmin etirafedici izahatlara əsasən Biləsuvar rayon polis şöbəsinin baş müstəntiqi polis mayoru Bəhruz Muradov tərəfindən qəbul edilmiş 22 may 2023- cü il tarixli və Biləsuvar rayon polis şöbəsinin İB-in müstəntiqi polis baş leytenantı Nicat İbayev tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarlarda Cavabdeh ona 15000 manat borclu olması öz təsdiqini tapması göstərilmişdir. Lakin bu vaxta kimi cavabdeh iddiaçıya olan borcundan ödəməmiş və hazırda da 15.000 (on beş min) manat borcu vardır. Cavabdehə vermiş olduğu pulların bir hissəsini yaxın adamlarından borc kimi almışdır. Bir hissəsini isə mülkiyyətində olan avtomoibilini sataraq Cavabdeh vermişdir.Onun vədlərinin yalan olması səbəbindən iddiaçı borc aldığı şəxslərin borclarını qaytarmaq üçün öz evini satmalı olmuşdur.Cavabdeh bütün bu hərəkərləri ilə iddiaçıya zərər vurmuşdur. Ona görə də iddiaçı Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu qaytarmasını tələb edir. Sonda iddiaçının nümayəndəsi Cavabdeh 15.000 (on beş min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə isə 135 (yüz otuz beş) manat, cəmi 15135 (on beş min yüz otuz beş) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, cavabdehin iddiaçıya 15000 (on beş min) manat deyil, cəmi 6700 manat borclu olduğunu göstərmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçı və cavabdehin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borlcu olduğunu və həmin borcunu 2023cü ilin iyul ayından başlayaraq hər ay 1000 manat olmaqla ödəyəcəyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X1 HK- 1/722 saylı yoxlama materialı üzrə 04 dekabr 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, araşdırma zamanı İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh onun atası Fəqani ilə birlikdə usta işləyir. Ona görə də onu atasına görə tanımışdır. Təxminən 2022-ci ili mart ayının əvvəllərində Elman ona zəng edib Ələt terminalında quruda işə düzəltmək təklifini etmişdir. Bildirmişdir ki, işə qəbul üçün 2000 manat pul lazım olacaqmış. Lakin onu özünə yaxın bildiyi üçün 700 manata həll edəcəyini demişdir. O da razılaşmışdır. Qeyd etmişdir ki, ali təhsillidir, Gəncə Texnologiya unversitetini bitirmişdir. Bundan sonra o, Elmanla Bakı şəhərinə getmişlər. Orada elektron qaydada sənədlərini qeydiyyatdan keçirmişlər. Daha sonra o özəl xəstəxanaların birindən xüsusi müayinələrdən keçmişdir. Elman ona demişdir ki, “işə 22 aprel 2022-ci ildə başlayacaqsan”. O, həmin vaxt Elmana işlə bağlı heç bir məbləğdə pul verməmişdir. Amma iş dəzəldiyi halda bir aylıq maaşını ona verəcəyini düşünmüşdür. Lakin Elmana deməmişdir. Elmanın deməsinə görə onun maaşı 2100 manat olacaqdır. Bir neçə gün sonra Elman ona mis alveri ilə məşğul olmağı təklif etmişdir. Buna görə ondan ilk dəfə 1800 manat pul istəmişdir. O da razılaşmış və vermişdir. Sonradan yenə də demişdir ki, “mis çoxdur, əlavə 4000 manat pul lazımdır”. O da onun kartına 4040 manat pul köçürmüşdür. Lakin heç bir xəbər çıxmamışdır. Qeyd olunan vaxtlarda onun VAZ-21015 markalı **-BH-*** qeydiyyat nişanlı şəxsi avtomobili olmuşdur. Elman ona demişdir ki, "maşını dəyişək, sənə Nissan Tida markalı avtomobili verəcəkmiş. Onlar birlikdə işlər görəcəkmişlər. Həmin avtomobil xaricdən gəlir, onun gömrük rüsümü 4965 manatdır. Sən rüsümü ödə avtomobili götür”. O da Elmanın sözlərinə inanıb öz avtomobilini təcili olaraq 4900 manata satıb, həmin pulun 4100 manatını Elmana vermişdir. Elman həmin vaxtda atası ilə Türkiyəyə işlə bağlı getmişdir. Ona görə də ona 10 günlük etibarnamə vermişdir ki, avtomobil xaricdən gələndə gedib götürsün. Lakin hər gün Elman ona bir bəhanə ilə demişdir ki, “avtomobil limandadır. Mən xəbər edəndə gedib götürərsən”. Bu yolla 10 gün keçmiş və etibarnamənin müddəti bitmişdir. Elman və atası Türkiyədə olanda, Elman ona zəng edərək demişdir ki, “burada mənə iki ədəd metallom gəmi veriblər, onu Azərbaycana gətirmək üçün 2000 ABŞ dolları lazımdır". O da bank vasitəsilə 2030 ABŞ dolları onun hesabına göndərmişdir. Bir neçə gün keçdikdən sonra Elman ona zəng edib demişdir ki, “burada Rusiyada oxuyan tələbələrə illik təhsil haqqı ödəmək lazımdır. Sən həmin pulu ödə. Mənə pul gələcək mən sabah sənə verərəm. Təcilidir”. O da rusiyada olan dostuna zəng edib ondan xahiş etmişdir. Həmin şəxs də 9000 ABŞ dolları Elmanın dediyi hesaba köçürmüşdür. Qeyd etmisdir ki, Elman 18 aprel 2022-ci ildə Türkiyəyə getmiş və 2023-cü ilin yanvar ayında gəmi ilə Azərbaycana qayıtmışdır. Bütün qeyd etdiyi danışıqların əksəriyyəti Elman Türkiyədə olan vaxt baş vermişdir. O, ümumilkidə Elmana 32952 manat pul vermiş, həmin pulun 9940 manatını burada, yəni Biləsuvarda vermişdir. Qalan pulları isə Elmanın verdiyi kart hesabına Türkiyədə olan zaman köçürmüşdür. İş alınmadığı üçün Elman ona həmin puldan 13489 manatını qaytarmış, hazırda isə Elmanın ona 19463 manat verəcəyi vardır. O, Cavabdeh mis alveri üçün ona verdiyi pulların qəbzlərini təqdim etmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2018-ci ilin yanvar ayından AR X3 ŞİPPNG şirkətində 3-cü mexanik vəzifəsində işləyir. Onun psixi problemləri yoxdur. Heç bir dispanserdə qeydiyyatda deyildir. Evlidir, iki övladı vardır. Barəsində şikayət etmiş Məmmədov Fəqani və onun oğlu İddiaçı tanıyır. Belə ki, o əvvəllər onlarla birlikdə ustalıq etmişdir. Onların onun barəsində qeyd etdikləri şikayətlə tanış olmuş, qeyd etdikləri yalan və böhtandır. O, işə düzəltmək üçün onlardan heç bir məbləğdə pul və sənəd almamışdır. O, metal alveri ilə məşğul olmuşdur. Həmin vaxt Fəqan demişdir ki, “mənim işim yoxdur. Ailəmi dolandıra bilmirəm. Mənə də kömək elə mən də səninlə işləyim”. O da razılaşmışdır. Sonra da Fəqan və oğlu Azər ona ümumilikdə təxminən 13800 manat pul vermişdir. Lakin sonradan o həmin pulları onlara nəğd və hesablarına köçürməklə qaytarmışdır. Onu da bildirmişdir ki, qeyd edilən vaxtlarda o, Fəqanla Türkiyədə olmuş, Azər həmin vaxt atasına göndərdiyi pulu da onun hesabına yazmışdır. Ümumiyyətlə Azərin dediyi vaxtlarda o Türkiyədə olmuş, Azərdən mis alverinə görə pul istəmiş, Azər də onun kart hesabına göndərmişdir. O da əldə olunan qazancından Azərə vermişdir. Azərin ona verdiyi həmin puldan 4900 ABŞ dollarını Türkiyədə olan zaman atası Fəqana nəğd şəkildə vermiş, özü ilə Azərbaycana gələndə gətirmişdir. Bunu sorğu verib yoxlatdırada bilərsiz. İzahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı Ələt terminalında quruda işə düzəltmək üçün sənədlərinin surətlərini almamış, həkim komissiyasmdan keçirməmiş, vaksinaiya adı ilə 700 manat pul almış və işə düzəldikdə 2000 manat pul verəcəklərini demişdir. İddiaçı etibarnaməni adına gələn avtomobili götürüb sürmək üçün vermişdir. İddiaçı təqdim etdiyi qəbzlərdə göstərilən kart hesabları ona aid deyildir. Həmin kartları istənilən vaxt yoxlaya bilərsiz. O, öz adına olan bütün bank kartlarından çıxarışları da təqdim edir. Bununla da həmin qəbzlərdə göstərilən pulların onun hesabına köçmədiyini müəyyən etmək olar. İddiaçı təqdim etdiyi qəbzlər onun özünün başqalarına olan borcuna görə ödədiyi pulların qəbzləridir. Onun hazırda Azərə təxminən 15000 manat borcu vardır. Onu da hər ay imkanı olduqca ödəyəcəkdir. O, Azər və atası Fəqandan işə düzəltmək üçün pul almamışdır. Onlar borclarını almaq üçün ondan belə bir məzmunda şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X1 HK-1/722 saylı yoxlama materialı üzrə Cavabdeh izahatı və 04 dekabr 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borclu olduğunu və həmin borcunu 2023-cü ilin iyul ayından başlayaraq hər ay 1000 manat olmaqla ödəyəcəyini göstərmişdir. Bundan əlavə, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borclu olduğunu və həmin borcunu 2023-cü ilin iyul ayından başlayaraq hər ay 1000 manat olmaqla ödəyəcəyini göstərmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini, cavabdehin iddiaçıya 15000 (on beş min) manat deyil, cəmi 6700 manat borclu olduğunu göstərsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğin 15000 manat deyil, 6700 manat təşkil etməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (yüz otuz beş) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul və ödənilmiş dövlət rüsumuna gərə 135 (yüz otuz beş) manat, cəmi 15135 (on beş min yüz otuz beş) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(022)-345/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-345/2024
23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver