Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-346/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh nisyə aldığı mala görə 17 mart 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 610 manat, dəbbə borcuna görə 279 manat, 17 iyun 2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 1500 manat, dəbbə borcuna görə 200 manat, hər iki müqavilə üzrə əsas borca görə 2110 manat, dəbbə borclarına görə cəmi 479 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının 17-də cavabdeh onunla malın nisyə alqı-satqısına dair müqavilə bağlamaqla iddiaçıdan 710 manat dəyərində HONOR X 8A markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 100 manat ödəmiş və qalan pulu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh 2023-cü ilin iyun ayının 17-də yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla ondan 1500 manat dəyərində Super Max 12000 markalı kondisioneri nisyə almışdır. Müqavilənin şərtinə görə cavabdeh borcu 12 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh malların qalan pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 % dəbbə pul ödəməli idi. Hazırda cavabdeh ilkin müqavilə üzrə 15 aydır ki, yəni 450 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 610 manat, 0,1 faizi 61 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 279 manat təşkil edir. Cavabdehlə aralarında olan kondisionerin alqı-satqı müqaviləyə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh kondisionerin alqı-satqı müqaviləsi 5 aydır ki, yəni 150 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1500 manat, 0,1 faizi 1 manat 50 qəpik edir. Hazırda cavabdehin müqavilə üzrə gecikdərməyə görə borcu 200 manat təşkil edir. Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi, M.Fizuli küçəsi, ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il 5-39-1/2-2059/2023 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 17 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 710 manat dəyərində Honor X 8a markalı mobil cihazı (ilkin ödəniş 100 manat) 12 ay müddətinə hər ay 52 manat ödəmək şərti ilə və 17 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 1500 manat dəyərində SuperMax 12000 markalı kondisioneri 12 ay müddətinə hər ay 125 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış «borc müqaviləsi» kimi qeyd edilmiş yazılı sənəddən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən məişət avdanlıqlarının satışı mağazasından dəyəri 1300 manat olan kondisioneri ilkin ödəniş 100 manat ödəməklə 12 ay müddətinə borca götürdüyünü, borclu qaldığı 1200 manat borcunu isə 12 ay müddətinə ayda 100 manat ödəməklə bağlı məsuliyyət daşıdığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyəi öhdəsinə gütürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 17 mart 2022-ci il tarixli müqavilə üzrə 610 manat və 17 iyun 2023-cü il tarixli müqavilə üzrə 1200 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 17 mart 2022-ci il tarixli müqavilə üzrə 610 (altı yüz on) manat və 17 iyun 2023-cü il tarixli müqavilə üzrə 1200 (min iki yüz) manat, cəmi 1810 (bir min səkkiz yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-346/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-346/2024
25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver