Məhkəmə qərarları › İş №2(022)-457/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-457/2025

06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-457/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5070 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə mülkiyyətində olan FORD FUSİON markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşını 18500 manata satılmasına Cavabdeh ilə razılaşmışlar. Əlavə olaraq aralarında olan razılaşmaya əsasən Cavabdeh avtomaşının qeydiyyat nişanı olan ** TS *** nömrəsi üçün 5000 manat məbləğində ona pul ödəməli idi, yəni ümumi olaraq Cavabdeh ona 23500 manat pul ödəməli idi. Ancaq həmin puldan 18500 manatını ödəmiş, qalan 5000 manat pulu isə beş ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də Cavabdeh beş ay müddətinə baş etibarnamə vermişdir. Ancaq sonradan ona məlum olmuşdur ki, həmin etibarnamə əsasında FORD FUSİON markalı ** TS *** dövlə qeydiyyat nişanlı avtomaşın başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla bağlı dəfələrlə Cavabdeh qalan pulun ödənilməsini tələb etsə də, bununla bağlı xəbərdarlıq göndərsə də Cavabdeh tərəfindən onun pulu ödənilməmişdir. Sonda iddiaçı Cavabdeh 5000 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5070 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün ipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2-ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinin tələbinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb olunan daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan məntəqəsinə təqdim edir. Həmin məntəqə nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası»na uyğun olaraq aparılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olan FORD FUSİON markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşını qanunvericiliyin yuxarıda qeyd olunan tələbələrinə əməl etməklə, yəni alqı-satqı müqaviləsi bağlamadan baş etibarnamə əsasında cavabdehin sahibliyinə vermişdir. İddiaçı tələbində mülkiyyətində olan FORD FUSİON markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşının 18500 manata alqı-satqısı barədə Cavabdeh ilə razılaşma əldə etdiyini, həmin avtomaşının 10TS099 dövlət qeydiyyat nişanına görə cavabdehin əlavə olaraq ona 5000 manat, cəmi 23500 manat pul ödəməli olduğu halda, lakin cavabdehin razılaşmaya əməl etmədiyini, ona avtomaşına görə 18500 manat ödəsə də, qalan 5000 manat pulu ona ödəməkdən imtina etdiyini göstərmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək İddiaçı mülkiyyətində olan FORD FUSİON markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomaşının 18500 manata alqı-satqısı barədə iddiaçı ilə razılaşdıqlarını və həmin razılaşmaya uyğun olaraq iddiaçıya 18500 manat pul ödədiyini göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh avto maşının qeydiyyat nişanı olan ** TS *** nömrəsi üçün ona 5000 manat əlavə olaraq pul verməli olduğunu göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5070 manat pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar