Məhkəmə qərarları › İş №2(022)-46/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-46/2023

26.10.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-46/2023 26.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinə dair ərizəsinə (Maraqlı şəxs1) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X6 ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X14 ilə rəsmi nikaha girməklə ailə qurmuş və həmin nikahdan 9 övladları olmuşdur. Onun oğlu Maraqlı şəxs2 xx xxxxxx 1975-ci ildə Cəlilabad rayonu Alar kəndində anadan olmuşdur. Maraqlı şəxs2 orta təhsilini Biləsuvar rayon Zəhmətabad kənd orta məktəbində almışdır. O, 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. 1995-ci ildə hərbi xidmətdən evə buraxılmış və bir neçə il müxtəlif işlərdə fəhlə kimi işləmişdir. Maraqlı şəxs2 2000-ci ildə Qazaxıstan Respublikasına işləməyə getmişdir. O, arabir ailə üzvləri ilə əlaqə saxlasa da, 2002-ci ildən etibarən heç bir əlaqə yoxdur. Maraqlı şəxs2 axtarışı ilə bağlı Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, ancaq hazırkı vaxta kimi heç bir məlumat yoxdur. Bundan başqa, ərizəçinin bacısı X7 televiziyaya müraciət etmiş, orada iştirak edib Maraqlı şəxs2 şəklini göstərib onu axtardığını bildirmişdir. Hazırda ondan hər hansı xəbər yoxdur və axtarışlar davam edir. Maraqlı şəxs2 əvvəllər əlaqə saxladığı şəxslərdən də onun haqqında heç bir məlumat əldə edə bilməmişlər. Respublikada aparılan Aqrar İslahat nəticəsində onlara ailə üzvləri və eləcə də, oğlu Maraqlı şəxs2 daxil olmaqla həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyətlərinə verilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əkilib becərilir. Dövlət tərəfindən də əkinlərə subsidiyalar verilir. Bu subsidiyaları almaq üçün torpaq sahəsində payı olan bütün şəxslərin şəxsiyyət vəsiqələri tələb olunur. Təqdim edilmədiyi halda, subsidiya ödənişi üçün sənədlər qəbul edilmir və onlar bu hüquqdan məhrum olurlar.Odur ki, xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Maraqlı şəxs1 05 avqust 2022-ci il tarixli arayışından görünür ki, X14 və X4 09 oktyabr 1975-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə “Əliyev” və arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nın Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-5/2-638/2023 saylı arayışından görünür ki, Zəhmətabad kənd sakini Maraqlı şəxs2 ərazidə yaşamır,valideynlərinin dediyinə görə 1995-ci il tarixdən Qazaxıstan Respublikasına getmiş və geri qayıtmamışdır. İş materiallarında olan İİİ-JQ № 479732 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, ata adı qrafasında X14, ana adı qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X14 və ailə üzvləri olan:-X18, X19, X15, X6, X9, X10, X11, X8, X20 və Maraqlı şəxs2 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il, Biləsuvar rayon Zəhmərabad kəndində xüsusi mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı 2.3307 hektar torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, Qazaxıstan Respublikasının səlahiyyətli məhkəməsinə Biləsuvar Rayon Məhkəməsi tərəfindən məhkəmə tapşırığı göndərilmişdir. İş materiallarında olan Astana şəhər Yesil rayon məhkəməsinin sorğuya cavab olaraq Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatından görünür ki, sərhəd xidmətinin informasiya sisteminin məlumatına əsasən 2002-ci il yanvarın 1-dən 2023-cü il aprel ayının 23-dək müddətdə vətəndaş Maraqlı şəxs2 (xx.xx.1975-ci il təvəllüdlü) Qazaxıstan Respublikasının Dövlət sərhədini keçməsi faktları müəyyən edilməmişdir. İş materiallarında olan və Astana şəhər Yesil rayon məhkəməsinin sorğuya cavab olaraq Astana şəhəri Vətəndaşlıq Qeydiyyatı İdarəsinin şöbəsinin məlumatdan görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü vətəndaş Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmçinin Qazaxıstan Respublikasında onun sağ olub-olmaması, eləcə də yaşayış yeri barədə məlumatın olmadığı bildirilir. Yoxlama 25 aprel 2023-cü il tarixinədək “ZAQS” qeydiyyat idarısinin informasiya sistemi vasitəsi ilə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 40.1-ci maddəsinin tələbinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. MM-in 40.3-cü maddəsinə görə xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.2-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinin tələbinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə görə ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə əsasən həyata keçirilməlidir. Həmin Məcəllənin 76.2-ci və 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları iş üzrə sübut hesab olunur və iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını, habelə digər halları araşdıraraq hesab edir ki, ərizəçi X2 ərizəsi təmin olunmalı, xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş elan edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar