Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-461/2024 25.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, o, şəhid ailəsi üzvü və müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Cavabdeh 10 yanvar 2022-ci il tarixdə onun etibarından sui-istifadə edərək, 1 il müddətinə, yəni 20 yanvar 2023-cü il tarixədək qaytarmaq şərti ilə, ondan 30.000 manat məbləğində borc pul almışdır. Həmin müddət tamam olduqdan sonra o, Cavabdeh borc vereidyi pulu qaytarmasını tələb etmişdir, lakin cavabdeh ona borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, borcun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. O inanır ki, məhkəmə Cavabdeh ondan borc aldığı 30.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır. Sonda, İddiaçı cavabdehdən 30.000 manat məbləğində borc pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 24 iyun 2024-cü il tarixdə “Vahid Məhkəmə Portalı” vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, müharibə veteranı, şəhid ailəsi üvü və xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılması baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı ödənilməmiş borcun əvəzi qismində Cavabdeh 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, ona verilməsini xahiş etmiş, iddiasının faktiki əsası kimi isə borc müqaviləsinə, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normalarına istinad etmişdir. İş materiallarında olan Cavabdeh adından tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 10 yanvar 2022-ci il tarixdə 30.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə 1 il müddətinə - 10 yanvar 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına görə isə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadının 15 və 16-cı bəndlərinə əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə isə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına görə əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 20 avqust 2022-ci il tarixli Qərarına əsasən Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına görə arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.İbrahimovanın şikayəti üzrə” 12 aprel 2024-cü il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə görə hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Beləliklə, Azərbaycan Respublikası mülki qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi mülki hüquq münasibətləri qanunla müəyyən olunmuş konkret hallar istisna olmaqla, tərəflər arasında arasında bağlanmış müqavilə əsasında yaranır, dəyişir və ya xitam olunur. Belə müqavilə iki və ya daha çox şəxs arasında bağlanmalı, onun tərəfləri yetkinlik yaşına çatmış anlaqlı və yaxud fəaliyyətli qabiliyyətli şəxs olmalıdır. Bununla yanaşı, mülki hüquq münasibətinin iştirakçılarının müstəqil iradə ifadəsi yalnız qanunla müəyyən olunmuş formada bağlanmış müqavilələrdə öz təcəssümünü tapmalıdır. Borc müqaviləsinin qanunla yazılı və şifahi qaydada bağlanması nəzərdə tutulsa da, borc müqaviləsinin predmeti 3.000 manatdan çox olduğu halda isə belə müqavilənin yazılı qaydada bağlanması mülki qanuvericilikdə imperativ şərt kimi müəyyən olunmuşdur. Müqavilənin formasına dair qanunvericiliyin tələbinə əməl olunmaması özlüyündə müqavilənin etibarsızlığına və heç bir hüquqi nəticə yaratmamasına səbəb olur. Əks halda, yəni qanunla tələb olunan formaya əməl olunmadan bağlanmış müqavilənin hüquqi nəticələr yaratması hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Mülki iş materiallarından isə görünür ki, İddiaçı ödənilməmiş borcun əvəzi qismində Cavabdeh 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, ona verilməsini xahiş etmiş, iddiasının faktiki əsası kimi isə borc müqaviləsinə, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normalarına istinad etsə də, məhkəməyə iddia tələbini dəstəkləyən sübut kimi yalnız cavabdeh tərəfindən 10 yanvar 2022-ci il tarixdə tərtib edilmiş qəbzi təqdim etmiş, yəni tərəflər arasında bağlanmış yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 10 yanvar 2022-cci il tarixli qəbz, müqavilənin Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə müəyyən edilmiş formasına və tələblərinə uyğun olmadığına görə müqavilə hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı qəbz tərəflər arasında 30.000 manat pul vəsaitinə dair yazılı borc müqaviləsi qismində qəbul edilə bilməz və iddiaçının məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2, 407.2 və 406.3-cü maddəsinə uyğun bağlanmış yazılı borc müqaviləsini təqdim etdiyi halda, həmin qəbzə müqavilə üzrə, müqavilənin predmeti olan borc pul vəsaitinin real olaraq borcluya təhvil verilməsini təsdiq edən sübut kimi həmin sənədə istinad etmək imkanı verərdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadının 13-cü bəndinə görə məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçərəyə qarşı iş üzrə» 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Knvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Broniovski Polşaya qarşı iş üzrə» Qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinə riayət edilib-edilmədiyini qiymətləndirərkən Məhkəmə sözügedən müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bu qiymət təkcə müvafiq kompensasiya şərtlərini deyil (əgər söhbət mülkiyyətin müsadirəsindən gedirsə), həm də tərəflərin davranışını, o cümlədən dövlətin tətbiq etdiyi vasitələri və onların necə tətbiq edilməsini özündə ehtiva edə bilər. Bu kontekstdə vurğulamaq lazımdır ki, qeyri-müəyyənlik (istər qanunverici, istərsə də inzibati və ya hakimiyyət orqanlarının praktiki fəaliyyətindəki qeyrimüəyyənlik) dövlətin davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan amildir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından da göründüyü kimi, İddiaçı cavabdehdən borc müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində tələb etdiyi pul vəsaitinin məbləği 3.000 manatdan çox olmasına baxmayaraq, həmin şəxs məhkəməyə tərəflər arasında 30.000 manat məbləğində borcun verilməsinə dair yazılı bağlanmalı olan müqavilə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 89.1-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəfər arasında mülki qanunvericiliklə müəyyən edilmiş formaya uyğun bağlanmış yazılı borc müqaviləsi olmadığı üçün İddiaçı iddia tələbində göstərdiyi, etibarsız əqd üzrə borc müqaviləsinin predmeti qismində 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı, 084029 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə və iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 30.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-461/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-461/2024
25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver