Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-48/2025 30.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Bakı şəhərində yaşayır. Cavabdeh ilə uzun illər bir-birilərini tanımış və bir-birinə inamları olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin dekabr ayında Cavabdeh 4500 manatlıq nisyə kabel satmışdır. Şərtlərinə görə qısa zamanda kabelin pulu ödənməli imiş. Sonradan cavabdeh ona zəng edərək işçilərin pulunu ödəmək üçün 900 manat borc pul istəmişdir. Ödəmə terminalı vasitəsi ilə cavabdehə 900 manat pul göndərmişdir. 2024cü ilin avqust ayında aralarındakı mübahisə Nizami Rayon Polis Şöbəsində araşdırılmış və Cavabdeh 4500 manat və əlavə olaraq 900 manat pul aldığını etiraf etmişdir. İddiaçı Cavabdeh ilə aralarındakı notariat qaydada tərtib edilmiş borc müqaviləsi olmasa da, Cavabdeh İddiaçı mülkiyyətində olan pul vəsaitini ələ keçirərək əsassız varlanmışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat elektrik kabelinə görə ödəməli olduğu pulun, 900 manat ödədiyi borc pul məbləğinin, 70 manat ödənilmiş dövlət rüsumunun cəmi 5470 manat pulun, məhkəmə qərarı qəbul olunub icra olunana qədər hər il üçün 5 faiz olmaqla əldən çıxmış faydanın hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh borcu olan 4500 manat elektrik kabelinə görə ödəməli olduğu pulun, 900 manat ödədiyi borc pul məbləğinin, 70 manat ödənilmiş dövlət rüsumunun cəmi 5470 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhərində yaşayır və işləyir. Bu səbəbdən məhkəmə iclasının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə, cavabdehin hazırda başqa şəhərdə olduğunu, buna görə də məhkəmə iclasında şəxsən iştirak etməsinin mümkün olmadığını nəzərə alaraq, işin hərtərəfli, tam və obyektiv baxılmasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-2.1.1-ci maddəsinə əsasən “Whatsapp” mobil tətbiqindən istifadə edilməklə keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh bildirmişdir ki, həqiqətən də iddiaçıya 4500 manat məbləğində borcu var və qısa zamanda həmin məbləği ödəyəcəkdir. Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Nizami Rayon Polis Şöbəsi tərəfindən İddiaçı müraciətinə cavab kimi ünvanlanmış 05 avqust 2024-cü il tarixli, 3-13-52-1/2M-8695 saylı məktuba əsasən, Nizami RPŞ tərəfindən müvafiq araşdırmalar aparılmış, toplanmış materialda cinayət və inzibati tərkib aşkar olunmamış, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin araşdırma materialı üzrə Cavabdeh 04 avqust 2024-cü il tarixli izahatında, İddiaçı ehtiyacı olduğu üçün 4500 manat pul aldığını, həmin puldan 1000 manat İddiaçı qaytardığını və hazırda ona qalan borcunu yaxın vaxtlarda qaytaracağını qeyd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2023-cü ilin dekabr ayında Cavabdeh 4500 manatlıq nisyə kabel satmışdır. Məhkəmə baxışında işin faktiki halları və tədqiq olunmuş sübutlar, eləcə də Cavabdeh izahatı əsasında müəyyən edilmişdir ki, Cavabdeh əsassız varlanma nəticəsində 4500 (dörd min beş yüz) manat pul vəsaitini əldə etmiş və bu fakt məhkəmə araşdırılması zamanı sübuta yetirilmişdir. İddia ərizəsində göstərilmiş 900 manat ödədiyi borc pul məbləği məhkəmə qərarı qəbul olunub icra olunana qədər hər il üçün 5 faiz olmaqla əldən çıxmış faydanın hesablanıb ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi üzrə həmin məbləğin cavabdehə verilməsində sübutetmə yükünün iddiaçının üzərində olması nəzərə alınmaqla, İddiaçı tərəfindən müvafiq borc məbləğinin cavabdehə verilməsini, eyni zamanda yaranmış vəziyyətdə əldən çıxmış faydanın nədən ibarət olması və məbləğini təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğinin 57 (əlli yeddi) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğinin 57 (əlli yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-48/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-48/2025
30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver