Məhkəmə qərarları › İş №2(022)-515/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-515/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-515/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əligüşad oğlunun iştirakı ilə, «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.564 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 manat 03 qəpik, cərimə qismində 230 manat, cəmi 2.184 manat 03 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.564 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 manat 03 qəpik, cərimə qismində 230 manat, cəmi 2.184 manat 03 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh1 11 yanvar 2022-ci il tarixdə «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə uyğun olaraq, illik 30 faiz dərəcəsi ilə hesablanmaqla 12 ay müddətində əsas borcla birlikdə faiz borcunu da tam qaytarmaq şərti ilə, 1.750 manat kredit götürmüş və eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına məsuliyyəti üzərinə götürmüşdür. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ayın 11-də 170 manat 60 qəpik məbləğində ödəniş aparmalı olsa da, Cavabdeh1 yalnız iki ay ödənişləri icra etmiş və 2022-ci ilin fevral ayında 171 manat, mart ayında isə 100 manat ödəniş həyata keçirmişdir ki, qeyd edilən vəsaitlərin bir qismi əsas borca, qalan hissəsi isə faiz borcuna silinmişdir. Həmin vaxtdan Cavabdeh1 müqavilə üzrə heç bir ödəniş aparmamışdır. Beləliklə, Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, əsas kredit borcunu və faiz borclarını vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə, Cavabdeh1 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2023cü il tarixə ödənilməmiş əsas borc qismində 1.564 manat, 11 yanvar 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 manat 03 qəpik, cərimə qismində 230 manat, cəmi 2.184 manat 03 qəpik məbləğində borcu yaranmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borcunun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxslər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsi üçün 42 manat məbləğində əlavə xərc çəkmişdir. Sonda, Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 30 faiz olmaqla, 12 ay müddətinə, kredit müqaviləsinə əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 1.750 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli xəzinə-məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətindən 1.750 manat məbləğində nağd pul vəsaitini almışdır. Mülki işdə olan «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilmiş 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2023-cü il tarixə iddiaçıya olan borcu, əsas borc qismində 1.564 manat, faiz borcu qismində 390 manat 03 qəpik, cərimə qismində 230 manat təşkil etmişdir. İşdə olan 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə onun iddiaçıya 11 yanvar 2023-cü il tarixə əsas borc qismində 1.564 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 manat 03 qəpik, cərimə qismində 230 manat, cəmi 2.184 manat 03 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 1.564 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 manat 03 qəpik və cərimə qismində 230 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 42 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «Aqro kredit ittifaqı» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.564 (bir min beş yüz altmış dörd) manat, 11 yanvar 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 390 (üç yüz doxsan) manat 03 (üç) qəpik, cərimə qismində 230 (iki yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat, cəmi 2.226 (iki min iki yüz iyirmi altı) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Nümayəndə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar