Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-543/2024 11.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 13.500 manat pulun, o, cümlədən dövlət rüsumuna görə 131 manat, vəkillə bağladığı müqavilə əsasında köçürdüyü 500 manat pulun müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 doğma əmisi oğlu, Cavabdeh2 isə Elçinin arvadı, eyni zamanda onun sinif yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 onun mobil telefonuna zəng edərək Bakı şəhəri Ramana qəsəbəsində ev tikmək üçün torpaq sahəsi aldıqlarını, 5000 manat (beş min ) pulun çatmamasını və bunun üçün ona köməklik etməyi xahiş etmişdir. O, imkanı olmadığını bildirdikdə Sahilə təkrar-təkrar xahiş edərək bir həftəyə pulu qaytaracağına söz vermişdir. Sahilə sinif yoldaşı və əmisi oğlu Elçinin arvadı olduğuna görə razılaşmışdır. Sonra Sahilə telefon vasitəsi ilə ona kredit götürmək üçün Kapital Banka aid link atmış və o, həmin linkə girib Kapital Bankdan onlayn vasitəsi ilə 5000 manat kredit götürüb həmin pulu Sahilənin ona göndərdiyi 4169 7388 0029 2926 nömrəli kart hesabına atmışdır. 04/Vİİİ-2023-cü il tarixdə Sahilə vatsap vasitəsi ilə ona səs ataraq torpaq aldıqlarını, sənədləşmə işləri üçün 3400 manat (üç min dörd yüz manat) pula ehtiyacları olduğunu bildirmişdir. O, etiraz edərək imkanının olmadığını, müəllimə işləyərək aldığı 500 manat pulun özünə güclə çatdığını bildirmişdir. Daha sonra əmisi oğlu Cavabdeh1 ona zəng edərək aldıqları torpağı banka qoyub pulu ona qaytaracağına söz vermişdir. O, Sahilənin və Elçinin xahişlərini nəzərə alıb yenidən 3400 (üç min dörd yüz) manat əlavə kredit götürüb həmin pulu Sahilənin ona göndərdiyi 4169 7388 0029 2926 nömrəli kart hesabına göndərmişdir. 08 avqust 2023-cü il tarixdə Elçin ona zəng edərək aldığı torpaq sahəsini mişar daşı ilə hasarlamaq üçün 2600 (iki min altı yüz) manat pula zəruri ehtiyacı olduğunu və ona komək etməyi xahiş etmişdir. O, çıxılmaz vəziyyətə qalıb yenə də 2600 (iki min altı yüz) manat pulu Kapital Bankdan götürüb Sahilə tərəfindən vaxtı ilə ona göndərilən və yuxarıda göstərdiyi kart hesabına (4169 7388 0029 2926) həmin pulu göndərmişdir.11 avqust 2023-cü il tarixdə Elçin və Sahilə ona vatsap vasitəsi ilə bankdan şəkil ataraq krediti götürdüyünü, lakin kartın üzü güya cızıldığına görə pulu çıxarmağın mümkün olmadığını bildirmiş, həm də həftə sonu olduğu üçün bankın işləmədiyini, iş günlərində pulu çıxarıb ona göndərəcəklərini demişlər. 25 avqust 2023-cü il tarixdə Elçin ona zəng edərək bankdan pulu çıxarmaq mümkün olmadığını və aldığı torpağı dostunun adına keçirib satmaq istədiyini və bunun üçün əlavə pul lazım olduğunu bildirmişdir. O, Elçinə çox sərt cavab vermişdir, ona yalan danışdığını bildirmişdir, hətta Elçinin və Sahilənin onu aldadaraq müxtəlif bəhanələr gətirib dələduzluq etdikləri barədə şikayət edəcəyinə dair xəbərdar etmişdir. Elçinin isə cavabı belə olmuşdur: “Sən mənə pul göndərməsən götürdüyün bütün kreditləri sənə qaytara bilməyəcəyəm» və əlavə olaraq bildirmişdir ki, «bu sonuncu borc olacaq, 3100 (üç min yüz) manat köməklik elə bütün köçürdüyün pulların hamısını birdəfəlik qaytaracağıq”. O, artıq başa düşmüşdür ki, Elçin əmisi oğlu olsa da Sahilə ilə birləşib onu özlərindən asılı vəziyyətə salmışlar. Onun başqa çıxış yolu qalmadığından onların hər ikisinə yalvarmaq dərəcəsinə qalmış, məcbur olub 3100 (üç min yüz) manat kredit götürüb Elçinə kart vasitəsi ilə göndərmişdir. Beləliklə də o, xx/xx- 2023-cü il tarixdən xx/xx-2023-cü il tarixə kimi əmisi oğlu Cavabdeh1 və onun arvadı, həm də sinif yoldaşı olan Cavabdeh2 ümumilikdə 14.100 (on dörd min yüz) manat pul vermişdir.Onların hər ikisi hər dəfə müxtəlif bəhanələr gətirərək ondan pul almışlar. Sonda məlum olmuşdur ki, ümumiyyətlə onlar torpaq sahəsi almamışlar. Sonda məcbur olub şikayətlər verməyə başlamışdır. Şikayətləri hər dəfə RPŞ-nin təhqiqatçıları Nicat İbayev, Rəfayil Ağamalıyev, Bəhruz Muradov tərəfindən ayrı-ayrı vaxtlarda araşdırılmışdır. Elçindən və Sahilədən izahatlar alınmışdır. Onlar həqiqətən də ondan pul aldıqlarını etiraf etmiş və tezliklə ona olan borcu tam şəkildə ödəməyə söz vermişlər. İki dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür Hətta bir dəfə Biləsuvar Rayon Prokurorluğu tərəfindən 27/1- 2024-cü il tarixli qərarla təhqiqatçı Nicat İbayevin “cinayət işi başlanmasının rədd edilməsi haqqında 21/X-2023-CÜ il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmişdir. O, isə hər ay Elçinə zəng edərək yalvarmışdır ki, bankın aylıq kredit pulunu ödəsin, əks təqdirdə o, tamamilə müflis vəziyyətinə düşə bilər. Hətta onu da öyrənmişdir ki, Elçin qumar oynayırmış, ondan aldıqları pulları qumara sərf edirmiş, onlar torpaq sahəsi almamışlar. Sonradan güya Sahilə ilə onun borcu üstündə ər-arvadlıq münasibətləri pozulmuş, Sahilə ondan ayrılmışdır. Hal-hazırda Elçin bankın aylıq kreditini bir neçə ay ödədikdən sonra hazırda krediti ödəmir. Hazırda cavabdehlərin ona olan borcu 13.500 manatdır. Məhkəmə prosesi aylarla davam edərsə ödənilməyən aylıq kreditin məbləği də şübhəsiz ki, ümumi məbləğin üzərinə əlavə edilib artacaqdır. Kredit müqavilələri onunla bağlandığından yəqin ki, aylıq kreditləri o ödəməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 13.500 manat pulun, o, cümlədən dövlət rüsumuna görə 131 manat, vəkillə bağladığı müqavilə əsasında köçürdüyü 500 manat pulun müştərək qaydada alınıb ona ödənilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 13.500 manat pul tələbinə dair məhkəməyə müraciət etdiyini, lakin cavabdehlərlə aralarında olan razılaşmaya əsasən bankdan kredit götürüb cavabdehlərə verdiyi pula görə aylıq faizin cavabdehlər tərəfindən ödənilməli olduğu halda, Cavabdeh1 bir müddət (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) yəni 6 ay onun əvəzinə banka aylıq pul ödəsə də, sonradan aralarında baş vermiş narazılıq səbəbindən Cavabdeh1 banka ödənişlər etmədiyini, ona görə də banka olan faizlərin onun tərəfindən ödənilməsini əsas gətirməklə hazırda cavabdehlərin ona olan borcunun 14282 (13500+782=14282) manat təşkil etdiyini göstərmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil X2 iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, 2022-ci ilin iyul ayından 2023-cü ilin sentyabr ayına kimi Cavabdeh2 ilə qeyri-rəsmi nikaha daxil olub birgə yaşamışlar.O, Bakı şəhəri Ramana qəsəbəsində ev tikmək üçün torpaq sahəsi almaq istəmişdir.Ona görə də arvadı Sahilədən xahiş etmişdir ki, əmisi qızı İddiaçı 5000 manat borc olaraq pul istəsin. Bundan sonra Sahilə Fəridəyə zəng edərək 5000 manat pul istəmişdir. İddiaçı Kapital Bankdan götürdüyü 5000 manat pulu Sahilənin göndərdiyi ona məxsus kart hesabına köçürmüşdür. Daha sonra o, İddiaçı zəng edərək ehtiyacı olduğu üçün ona 2023-cü ilin avqust aylna kimi qaytarmaq şərti ilə 3400 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra İddiaçı ona yenidən 3400 manat pul vermişdir.Həmin pulu da İddiaçı onun kart hesabına köçürmüşdür.Daha sonra avqust ayında yenidən Fəridə Qafarovadan pula ehtiyacı olduğu üçün 2600 manat borc pulu ona məxsus kart hesabına köçürməklə almışdır.Daha sonra isə Fəridə Qafarovadan 3100 manat pul almışdır.Razılaşmaya əsasən o, Fəridənin Kapital bankdan götürdüyü krediti hər ay özü ödəməli idi. O, 6 ay banka borcu ödəmişdir.Hazırda onun Fəridə Qafarovaya cəmi 13.500 manat ödənilməmiş borcu qalmışdır.O, Fəridə Qafarovadan 14100 manat pul alsa da, hazırda cəmi 13500 manat borcu qalmışdır. Odur ki, iddianı 13500 manat pul tələbinə dair hissədə qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli, 27 yanvar 2024-cü ol tarixli və 27 fevral 2024-cü il tarixli qərarlardan görünür ki, Biləsuvar rayonunun İsmətli kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciəti əsasında əmisi oğlu Cavabdeh1 və onun arvadı X3 etibarından sui-istifadə edərək onun pulunu dələduzluq yolu ilə əldə etmələrinə dair Biləsuvar Rayon Polis Şöbəsidə müvafiq araşdırmalar aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 onunla qeyri-rəsmi nikahda olan Cavabdeh2 vasitəsi ilə İddiaçı Bakı şəhəri Ramana qəsəbəsində ev tikmək üçün torpaq sahəsi almaq və digər işlərin görülməsindən ötürü bir dəfə 5000 manat (beş min) pulu iddiaçı tərəfindən onun kart hesabına köçürülməklə almış, daha sonra Elçin Qafarov müxtəlif vaxtlarda İddiaçı onun kart hesabına köçürülməsi yolu ilə 3400 (üç min dörd yüz) manat, daha sonra 2600 (iki min altı yüz) manat və 3100 (üç min bir yüz) manat, cəmi 14100 (cəmi on dörd min yüz) manat pulunu iddiaçının Kapital banka olan kredit borcunun qaytarılması şərti ilə almış, lakin 6 (altı) ay kreditə görə banka ödənişlər etsə də, daha sonra iddiaçı ilə aralarıda baş vermiş narazılıqlar səbəbindən ödənişlər etməkdən imtina etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarından və İddiaçı müraciəti əsasında müvafiq araşdırmaların nəticələrinə dair iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Polis Şöbəsinin 21 oktyabr 2023-cü il tarixli, 27 yanvar 2024-cü il tarixli və 27 fevral 2024cü il tarixli qərarlarından görünür ki, Cavabdeh1 qeyri-rəsmi nikahda olan Cavabdeh2 vasitəsi ilə bir dəfə 5000 manat (beş min) pulu iddiaçı tərəfindən onun kart hesabına köçürməklə almış, daha sonra müxtəlif vaxlarda iddiaçı tərəfindən 3400 (üç min dörd yüz) manat, 2600 (iki min altı yüz) manat və 3100 (üç min bir yüz) manat, cəmi 14100 (cəmi on dörd min yüz) manat pulu onun kart hesabına köçürməklə Cavabdeh1 almış, qeyd olunan pul vəsaitinin qaytarılması öhdəliyini də Cavabdeh2 deyil, Cavabdeh1 öz öhdəsinə götürmüşüdr. Belə ki, iddiaçı ərizəsində və eyni zamanda izahatında Cavabdeh1 6 (altı) ay banka onun kredit borcu ilə bağlı ödənişlər etdiyini, lakin aralarında baş vermiş narazılıq səbəbindən Cavabdeh1 banka ödənişlər etməkdən imtina etdiyini, ona görə də əlverişsiz vəziyyətə düşərək banka kredit borcuna görə ödənişlər etmək məcburiyyətində qaldığını göstərmişdir. İşin yuxarıda qeyd olunan hallarını nə İddiaçı, nə də Cavabdeh1 mübahisələndirməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırda İddiaçı banka kredit borcu və həmin borca görə bundan sonra da faizlər ödəmək məcburiyyətində qalması Cavabdeh1 ilə bank arasında öhdəliyin icrası ilə bağlı olmamışdır. İş materiallarından da görünür ki, Cavabdeh1 ilə Kapital Bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud deyildir. Lakin bununla belə cavabdehin hərəkətrinin gözlənilən məqsədə uyğun olmaması nəticəsində iddiaçının kredit borcunun qaytarılması məcburiyyətində qalması onun cavabdehə qarşı pul tələbinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 13.500 manat pul, vəkilin hüquqi xidmətinə görə 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131 manat pul alınaraq İddiaçı verilməli, iddia qala hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 13.500 (on üç min beş yüz) manat pul, hüquqi xidmətə görə 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131 (yüz otuz bir) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(022)-543/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-543/2024
11.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver