Məhkəmə qərarları › İş №2(022)-586/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-586/2023

11.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-586/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2860 manat pulun və 49 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. 2011-ci ildə cavabdehin yaxın qohumu həmkəndlisi Eyvaz Şıxəliyev ona bildirmişdir ki, Cavabdeh mərhum əri -X2 adına olan 4.32 ha pay torpaq sahəsini pula zəruri ehtiyacı olduğundan ailəsinin bütün üzvlərinin razılığı ilə satmaq istəyir və ona təklif etmişdir ki, əgər almaq istəyirsə ala bilər, onlar sakit və təmiz ailədirlər. O, da razılıq vermiş və onlar Cavabdeh ilə görüşmüşlər. Nazilə xanım da eyni məqsədlə torpağı satmaq istədiyini və ailə üzvlərinin hamısının torpaq sahəsinin satılmasına razı olduqlarını bildirmişdir.Onlar bu məqsədlə yaşadıqları Nəsimi kənd icra nümayəndəliyinə getmişlər. Məqsədlərini Nümayəndəliyin rəhbərliyinə bildirmişlər. Nümayəndəlik hər iki tərəfi dindirəndən sonra xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə onun arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Nazilə xanım öhdəsinə götürmüşdür ki, o, özünün və ailə üzvlərinin istifadəsində olan 4.32 ha kənd təsərrüfatı əkini üçün nəzərdə tutulmuş pay torpaq sahəsini 20 il müddətinə (yəni 2011-2031-ci illər üçün) ona icarəyə verir və əvəzində ondan 2860 manat pul alır, eyni öhdəliyi 2-ci tərəf kimi o da qəbul etmişdir. Beləliklə də o, Nazilə xanıma 2860 manat pul verib ondan 4.32 ha pay torpaq sahəsini icarəyə götürmüşdür. Müqaviləyə hər ikisi imza etmiş və bundan əlavə Nazilə xanımın bütün ailə üzvləri, daha doğrusu Torpağa mülkiyyət hüququna dair JN-396 nömrəli kod 80800078 olan Dövlət Aktında adları göstərilən şəxslərin hamısı müqaviləyə imza etmiş, pay torpaq sahəsinin ona verilməsinə razı olduqlarını bildirmişlər. Müqavilə həm də kənd İcra Nümayəndəliyinin gerbli möhürü və ştampı ilə təsdiq edilmişdir. O, da böyük sevinclə torpaq sahəsini qəbul etmiş və 7 nəfərdən ibarət olan ailə üzvlərini torpaq sahəsindən əldə etdiyi gəlirlə bir qədər də yaxşı dolandıracağına ümid etmişdir. Aldığı torpaq sahəsi həqiqətən də çox narahat sahə olduğundan bulduzer vasitəsilə hamarlama işlərini aparmış, torpağın bir neçə dəfə şumlanması, arat üçün suvarma kanallarının çəkilməsi, şoranlaşmanın təmizlənməsi, torpağı münbit hala salmaq üçün xeyli işlər görmüşdür. Bu işlər həm də böyük xərc tələb edirdi. Lakin buna baxmayaraq torpağa yaxşı qulluq etmişdir. 1 il arpa əkmiş, sonra beyin əməliyyatı keçirdiyindən, onkoloji xəstə olmuş, 2-ci qrup əlil olmuş və torpaqdan yaxşı istifadə edə bilməmiş, bundan əlavə torpağı alandan bir neçə il sonra cavabdehin oğlu Mustafayev Mustafa ona tez-tez zəng edərək, torpaqdan istifadə etməməyini, güya onlar torpağı ona verməkdə böyük səhv etdiklərini və.s bildirmişdir. O, da öz növbəsində “əgər səhv etmisinizsə pulunu vermələrini, torpağı əvvəlkindən də qat-qat yaxşı vəziyyətə saldığını və torpağı onun pulunu qaytarmaq şərti ilə qaytaracağını bildirmişdir.” Hər dəfə o bu təklifi edəndə Mustafa pulun xərcləndiyini bildirmişdir. Bu barədə anası cavabdeh Naziləyə bildirmiş, cavabdeh isə torpaq işinə Mustafanın baxdığını, onunla söhbət etməsini, onu narahat etməməsini demişdir. Artıq bir ildən də çoxdur ki, onu ümumiyyətlə sahəyə buraxmırlar və əkin əkməyi birmənalı olaraq ona qadağan etmişlər. Halbuki, müqavilə bağlayanda hamı imza etmiş, hətta Mustafa ayrıca qəbz yazıb etirazı olmadığını bildirmişdir. Hazırda həmin torpaqdan istifadə edə bilmir, onu hədələyirlər, qorxur ki, ona və ailə üzvlərinə xəsarət yetirsinlər. Çünki özü xəstə, yetkinlik yaşına çatmayan 4 qızı var. Onlar isə böyük tayfadır. Bir sözlə onlardan qorxur, cavab verməyə belə adamı da yoxdur. O, vaxti ilə RPŞ-nə müraciət etsədə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh nə pulunu qaytarmır, nə də onu torpaq sahəsinə buraxmır. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu və bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Biləsuvar rayonu Nəsimi kənd sakini Cavabdeh özünün və ailəsinin adına olan 4.32 ha pay torpağını 2011-2031-ci ilin kənd təsərrüfatı əkini üçün qarşılıqlı razılaşma əsasında Biləsuvar rayonu Nəsimi kənd sakini İddiaçı 20 il müddətinə icarəyə verdiyini və onun müqabilində İddiaçı 2860 manat icarə haqqı ödədiyi göstərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, özünə və ailə üzvlərinə məxsus 4.32 ha pay torpaq sahəsini İddiaçı 2860 manata satdığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınamz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlə mübahisə olunan 4,32 ha torpaq sahəsinin alqı-satqısı barədə razılaşma əldə etdiyini (müqavilədə isə icarə müqaviləsi bağladıqlarını göstərmişlər) və həmin razılaşmaya uyğun olaraq cavabdehə 2860 manat pul verdiyini, lakin cavabdehin razılaşma şərtini pozaraq onu torpaq sahəsindən çıxardığını göstərmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, tərəflər arasında daşınmaz əmlakın qanunla müəyyən edilmiş qaydada əldə edilməsi qaydasına əməl edilməmişdir. Ona görə də cavabdehin iddiaçıdan ona torpaq sahəsini satması və ya onunla icarə müqaviləsi əsasında verməsini göstərməklə 2860 manat pul alması onun əsassız olaraq varlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə dair pul vəsaitinin əvəzi qismində 49 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2860 (iki min səkkiz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində ödədiyi 49 (qırx doqquz) manat məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar