Məhkəmə qərarları › İş №2(022)-60/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-60/2025

19.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-60/2025 19.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızının sədrliyi, X2 məhkəmə-iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: 15 iyun 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “BMW-745 minik” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Ağalıkənd kəndində asfalt yoldan təxminən 6-7 metr kənarda, İddiaçı məxsus fərdi yaşayış evinin darvazasının qarşısında saxladığı mülkiyyət hüququ əsasında özünə məxsus olan "Niva VAZ-21214" markalı, 99- UN- 925 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt cavabdeh asfalt örtüklü yolda yüksək sürətlə hərəkət edərək, idarə etdiyi avtomobillə əvvəlcə yolda hərəkət edən traktorun arxasında olan ot bağlayan qurğu ilə toqquşmuş, daha sonra hadisə yerindən yayınmaq məqsədilə sürətini aşağı salmadan hərəkətə davam etmiş və təxminən 100 metr getdikdən sonra avtomobili Biləsuvar rayonu, Ağalıkənd kəndində asfalt yoldan təxminən 6-7 metr kənarda, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında saxladığı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan "Niva VAZ- 21214 markalı", **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq, ona məxsus avtomobili yararsız hala salaraq, ona maddi ziyan vurmuşdur. Bundan başqa cavabdehin idarə etdiyi avtomobil ona məxsus darvazaya, darvazanın yanında yağış sularının axıdılması üçün quraşdırılmış əl işi olan navalçaya dəyərək, darvazaya zərər vurmuş, navalçanı isə tamam sıradan çıxarmış, yoldan 6-7 metr kənarda əkib min bir əziyyətlə becərdiyi küknür ağacını kökündən qıraraq, məhv etmişdir. İddiaçı qeyd edir ki, ona məxsus avtomobil darvazasının qarşısında dayanmış vəziyyətdə cavabdehin idarə etdiyi avtomobillə vurulmuşdur. Hadisə həyətinin önündə quraşdırılmış kamera vasitəsilə qeydə alınmışdır. Hadisədən təxminən beş dəqiqə əvvəl o, ailə və uşaqları ilə birgə avtomobili park edərək, avtomobildən düşmüşlər. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında material əsasında Biləsuvar Rayon Məhkəməsi 31 iyul 2024-cü il tarixli, 3(022)-619/2024 saylı qərarı ilə Cavabdeh 15 iyun 2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati təhbeh tədbiri tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsindən sonra 24 iyun 2024-cü il tarixdə avtomobilə mütəxəssis tərəfindən baxış keçirilmiş və avtomobilin təmiri üçün 8745 (səkkiz min yeddi yüz qırx beş) manat pul vəsaiti tələb olunduğu müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması ilə bağlı mütəxəssis X3 (VÖEN **********) tərəfindən verilmiş kassa mədaxil order qəbzindən görünür ki, avtomobilin saz vəziyyətə gətirilməsi üçün ümumilikdə 8745 (səkkiz min yeddi yüz qırx beş) manat pul vəsaiti tələb olunduğu müəyyən edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən sonra sığorta təşkilatı tərəfindən İddiaçı 5000 (beş min) manat pul vəsaiti sığorta ödənişi olaraq ödənilmişdir. Hazırda ona vurulmuş ziyandan 3745 (üç min yeddi yüz qırx beş) manat ödənilməmişdir. İddiaçının tələbi: Vurulmuş ziyana görə 3745 (üç min yeddi yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz və ya hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı şifahi şəkildə telefon vasitəsilə məhkəmə-iclas katibini məlumatlandıraraq, üzürlü səbəblərdən məhkəmənin 19 iyun 2025-ci il tarixli baxış iclasında iştirak eləyə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, həqiqətən də hadisə nəticəsində cavabdehə zərər vurduğunu, lakin, sığorta ödənişi qismində iddiaçıya 5000 (beş min) manat ödənildiyini bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Ağalıkənd kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 10 sentyabr 2024-cü il tarixli, 5-39-20/2-699/2024 nömrəli arayışından görünür ki, Ağayev X1 rayonu, Ağalıkənd kəndində yaşayır. AD seriyalı 684111 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Niva Vaz-21214” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Dəymiş ziyanın hesablanması ilə bağlı mütəxəssis X3 (VÖEN **********) tərəfindən verilmiş kassa mədaxil order qəbzindən görünür ki, avtomobilin saz vəziyyətə gətirilməsi üçün ümumilikdə 8745 (səkkiz min yeddi yüz qırx beş) manat pul vəsaiti tələb olunur. Biləsuvar Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 3(022)-619/2024 saylı qərarından görünür ki, Cavabdeh 15 iyun 2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati təhbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/10217 saylı rəyindən görünür ki, 2014-cü il buraxılışlı, “Niva Vaz- 21214” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4395 (dörd min üç yüz doxsan beş) manat müəyyən edilmişdir (dəyişilməsi hissələrinin qiyməti-2495 (iki min dörd yüz doxsan beş) manat, təmir-bərpa işlərinin qiyməti-1900 (min doqquz yüz) manat). Hadisənin görüntülərini əks etdirən CD formatlı məlumat daşıyıcısına məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həqiqətən də cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlakına ziyan vurulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096, 1097.1-ci maddəslərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən bir şəxsin digər şəxsə vurduğu zərərdən (delikt) irəli gələn öhdəlik münasibətləri təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 15 iyun 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “BMW-745 minik” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Ağalıkənd kəndində asfalt yoldan təxminən 6-7 metr kənarda, İddiaçı məxsus fərdi yaşayış evinin darvazasının qarşısında saxladığı mülkiyyət hüququ əsasında özünə məxsus olan "Niva VAZ-21214" markalı, 99-UN- 925 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı zərər vurma faktını etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Məhkəmənin 19 iyun 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçıya hadisə nəticəsində vurduğu zərəri etiraf etmiş, lakin tələb olunan məbləğ ilə razılaşmadığını göstərmişdir. Məhkəmə zərərin məbləğinin obyektiv müəyyən edilməsinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş icbari sığorta haqqında sənədlərə əsasən zərərin məbləği üzrə iddiaçıya 5000 (beş min) manat sığorta ödənişi edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fərdi sahibkar X3 (VÖEN **********) tərəfindən verilmiş kassa mədaxil order qəbzindən görünür ki, avtomobilin saz vəziyyətə gətirilməsi üçün ümumilikdə 8745 (səkkiz min yeddi yüz qırx beş) manat pul vəsaiti tələb olunur. Məhkəmə iddiaçının təqdim etdiyi sübutu və cavabdehin bu sübuta münasibətdə zərərin məbləğinin miqdarı ilə razı olmamasını nəzərə alaraq, çəkişmə prinsipinə əsaslanmaqla, həqiqətə nail olunması məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/10217 saylı rəyinə əsasən 2014-cü il buraxılışlı, “Niva Vaz-21214” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 4395 (dörd min üç yüz doxsan beş) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsaslanaraq ekspertin rəyi məhkəmədə tədqiq olunmuş və digər sübutlarla yanaşı qiymətləndirilmişdir. İddiaçı tərəfindən ekspert rəyində göstərilən məbləğə münasibətdə ekspertin səthi yanaşmasını irəli sürərək avtomobilin bəzi hissələrinin qiymətləndirilməməsi əsası ilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, məhkəmə tərəfindən isə həmin vəsatət əsassız olduğundan məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilmişdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən təkrar məhkəmə ekspertizası ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda keçirilir. Həmçinin, iddiaçının vəsatəti ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəsatəətdə göstərilmiş avtomobil hissələri (yük terinin qapısının şüşəsi, arxa işıqlar, avtomobilin hər iki tərəfinin ayaqaltıları, yük yerinin rezinləri) iddiaçı tərəfindən mütəxəssis rəyi olaraq təqdim olunmuş sənəddə, həmçinin icbari sığortaya dair ödənişin həyata keçirilməsinə əsas olan qüsur aktında belə öz əksini tapmamışdır. Belə ki, hadisə nəticəsində dəyən ziyan “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən sığorta aktı əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, 15 iyun 2024-cü il tarixdə baş vermiş hadisənin nəticəsində heç bir sənəddə, avtomobilin həmin hissələrinə (yük terinin qapısının şüşəsi, arxa işıqlar, avtomobilin hər iki tərəfinin ayaqaltıları, yük yerinin rezinləri) məhz göstərilən qəza ilə əlaqədar ziyanın vurulması öz əksini tapmadığından və iddiaçı öz tələbinin əsası kimi göstərdiyi bu halı sübut etmədiyindən, tələb bu hissədə əsaslı hesab edilə bilməz. Yekun olaraq məhkəmə toplanmış sübutları təhlil edərək hesab edir ki, mübahisə ilə bağlı bir tərəfin (iddiaçının) təqdim etdiyi mütəxxəsis rəyi ilə iştirakçılara münasibətdə tərəfsiz hesab olunan ekspert rəyinin müqayisəli qiymətləndirilməsinə subyektiv olaraq bir tərəfə münasibətdə deyil, obyektiv olaraq göstərilmiş zərər məbləği (4395 (dörd min üç yüz doxsan beş) manat) əks olunmuş rəy mötəbər subut kimi qiymətləndirilməlidir. Hadisə nəticəsində sığorta ödənişi olaraq iddiaçıya ödənilmiş məbləğ (5000 maat) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 9/10217 saylı rəyinə əsasən verilmiş (4395 manat) məbləğdən kifayət qədər artıq olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından həmin məbləğ iddiaçıya aid edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılan tədqiqatın dəyəri kimi 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən dövlət mədaxilinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar