Məhkəmə qərarları › İş №2(022)-602/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-602/2024

25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-602/2024 25.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7.260 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 7.260 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh İddiaçı həmkəndlisidir və həmin şəxs iddiaçının qardaşı ilə sinif yoldaşı olmuşdur. Buna görə də tərəflər arasında münasibətlər həmişə yaxşı olmuşdur. 10 fevral 2022-ci il tarixdə cavabdeh İddiaçı şəxsi ehtiyacı olduğu üçün 8.000 manat məbləğində borc istəmişdir. İddiaçı Cavabdeh 7.260 manat məbləğində borc pul verə biləcəyini bidlirmişdir. Cavabdeh iddiaçının təklifi ilə razılaşdığı üçün o, həmin məbləğdə pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə Cavabdeh borc kimi vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq İddiaçı təqdim etmişdir. Həmçinin cavabdeh həmin vaxt borcunu özünəməxsus mal-qaranı və torpaq sahəsini sataraq, qayatracağına dair iddiaçıya söz vermişdir. Həmin qəbzə görə cavabdeh İddiaçı olan borcunu 1 ay ərzində qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Həmin şəxs hazırki tarixədək müxtəlif bəhanələrlə olan borocunu qaytarmamış və borcun qaytarılmasına dair iddiaçının tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Habelə cavabdeh zamanla İddiaçı ilə olan münasibətini də kəsmişdir. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, Nümayəndə iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 7.260 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddia tələbini qismən etiraf edərək, bildirdi ki, İddiaçı onun həmkəndlisidir. 2022-ci ildə o, iddiaçının yanına gedərək, şəxsi ehtiyacları üçün, İddiaçı 7.260 manat məbləğində borc pul istəmişdir. İddiaçı ona həmin pul vəsaitini qısa müddətdə qaytarmaq şərtilə borc vermiş və o, öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, sonuncuya təqdim etmişdir. O, həmin qəbzdə iddiaçıya olan borcunu qısa müddətdə qaytaracağını vəd etsə də, səhhətinə görə işləyə bilmədiyinə görə iddiaçıya olan borcunu tam şəkildə və vaxtında qaytara bilməmişdir. Hazırda onun İddiaçı olan borcundan ödənilməmiş 3.609 manat borcu qalmışdır. O, iddiaçıdan borc alarkən yaazılıq qəbz versə də, borcu qaytararkən iddiaçıdan bu barədə heç bir yazılı qəbz almamış, yalnız iddiaçı öz özünə məxsus dəftərdə qeydlər aparmışdır. Buna görə də o, hazırda iddianın yalnız 3.609 manat məbləğində hissəsinin təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin qismən təmin olunmasına razı olduğunu, həmçinin iddianın qismən etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf olunması təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 10 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10 fevral 2022-ci il tarixdə 7.260 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 1 ay müddət ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh iş materiallarında olan 10 fevral 2022-ci il tarixli yazılı qəbzin onun tərəfindən yazılıb imzalandığını və həmin tarixdə iddiaçıdan 7.260 manat məbləğində borc aldığını etiraf etdi. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi 10 fevral 2022-ci il tarixli yazılı qəbzin onun tərəfindən tərtib edilərək, imzalamasını etiraf etməsi iddiaçını həmin faktı sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı faktı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 7.260 manat məbləğində borc aldığını etiraf etsə də, həmin borcun hər hansı bir hissəsini qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 10 fevral 2022-ci il tarixdə iddiaçıdan 7.260 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması faktını məhkəmə hazırlıq iclasında etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 7.260 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 92 manat 60 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 7.260 (yeddi min iki yüz altmış) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 92 (doxsan iki) manat 60 (altmış) qəpik, cəmi 7.352 (yeddi min üç yüz əlli iki) manat 60 (altmış) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar