Məhkəmə qərarları › İş №2(022)-604/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-604/2024

16.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-604/2024 16.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2640 (iki min altı yüz qırx) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh həmkəndli olmala uzun müddətdir ki, bir-birilərini yaxından tanıyırlar. 2021-ci ilin sentyabr ayında Cavabdeh ona yaxınlaşaraq xeyir işlə əlaqədar ona 3000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, nişan məclisinin vaxtının müəyyən edildiyini, lakin qarşı tərəfin tələb etdiyi qızıİları almağa pulu çatmadığını bildirmişdir. Cavabdeh həmin borcu xeyir işdən sonra yığılacaq məbləğdən qaytaracağını bildirmişdir. Cavabdeh həmkəndlisi kimi həmişə onun dükanından alver edir və borcu olanda da vaxtında ödəyirdi.Həmkəndlisi kimi çox səmimi münasibətləri vardır. Onların dükanın tikintisində cavabdehin atası usta kimi işləmişdir. Bundan da başqa onun bütün ailə üzvləri və qohumları onlarla daim alver etmişlər. Hazırda da qohumları yenə də əvvəlki kimi dükanından alver edirlər. Aralarında olan uzun müddətli səmimi münasibətə və cavabdehin xeyir iş etmək məqsədinə görə ona 05 oktyabr 2021-ci il tarixdə 2640 (iki min altı yüz qırx) manat məbləğində pulu borc olaraq vermişdir.Cavabdeh öz təşəbbüsü ilə iddiaçıya yazılı formada həmin borcu qəbul etməyini təsdiq edən qəbzi yazaraq vermişdir.Cavabdeh qəbzdə almış olduğu 2640 manat məbləğində borcunu bir ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin müdddət başa çatdıqdan sonra cavabdeh almış olduğu borcu qaytarmamışdır. Borcu tələb edəndə isə «nişanın pozulduğunu, ona görə də toy etmədiyini, amma çalışaraq borcunu ödəyəcəyini» bildirmişdir. Cavabdeh beləcə vədlər verməklə borcu ödəməmişdir. Sonradan yenə də cavabdehdən almış olduğu 2640 manat məbləğində borcunu ödəməsini tələb etmiş, cavabdeh yenə də əvvəlki kimi vədlər verməklə borcu qaytarmamışdır. Cavabdehə bu haqda xx.xx.2023-cü il tarixdə xəbərdarlıq etmiş, lakin məktubu almasına baxmayaraq heç bir cavab verməmişdir. Hazırda Cavabdeh ona 2640 (iki min altı yüz qırx) manat məbləğində borcu vardır. Həmin borcu qaytarmaqdan əsassız şəkildə boyun qaçırır. Ona görə də Cavabdeh 2640 (iki min altı yüz qırx) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X2 iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında iddiaçıdan 05 oktyabr 2021-ci il tarixdə 2640 manat borc olaraq pul aldığını, lakin həmin borcdan faiz ödəməklə qaytarsa da, hazırda iddiaçıya cəmi 320 manat borcu qaldığını bildirmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 05 oktyabr 2021-ci il tarixdə 2640 (iki min altı yüz qırx) manat borc pul aldığını və həmin borcunu bir ay müddətinə qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh izahatında iddiaçıdan 2640 (iki min altı yüz qırx) manat borc olaraq pul aldığını göstərsə də, hazırda iddiaçının ondan 2640 manat pul tələbinə qarşı etiraz edərək iddiaçıya həmin puldan faiz ödəməklə qaytardığını, lakin tam olaraq qaytarmadığını, hazırda iddiaçıya 320 (üç yüz iyirmi) manat borclu qaldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 2640 (iki min altı yüz qırx) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 80 (səksən) qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2640 (iki min altı yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumuna görə 46 (qırx altı) manat 80 (səksən) qəpik pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar