Məhkəmə qərarları › İş №2(022)-66/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-66/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-66/2025 23.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, 02 noyabr 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, 02 noyabr 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikha qeydi pozulmuş, birgə nikahlarından 26 yanvar 2006-cı il tarixdə doğulmuş X3 və 02 noyabr 2009-cu il tarixdə X1 üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin uşaqlar böyüdüyü, tələbatları artıdığı və yaşayış çətin olduğu üçün 108 manat məbləğində aliment ehtiyaclarını ödəmir. Hazırda 26 yanvar 2006-cı il təcəllüdlü Uğur adlı oğlu yetkinik yaşına çatmışdır. Lakin o, Ömür adlı uşağının saxlanmasında çətinlik çəkir və oğlunun təhsil xərcləri, məşğələlərinin ödənilməsi yalnız olduğuna görə onun üçün çox çətindir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Yəni qanuna əsasən əvvəlki illərdə 235 manatdan az məbləğdə aliment alan şəxslər müəyyən edilmiş alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Buna görə də o, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə təyin edilmiş 108 manat məbləğində alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, İddiaçı Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, 02 noyabr 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barəəd qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 21 yanvar 2025-ci il tarixdə İddiaçı məhkəməyə teleqramla müraciət edərək, 23 yanvar 2025-ci il tarixə təyine dilmiş məhkəmə iclasında iştirak edə biməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etiraz ərizəsində iddianı qəbul etməyərək göstərmişdir ki, o, 2019-cu ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla, evlənmiş və onların birgə nikhından 2020-ci ildə Ləman adlı uşaqları doğulmuşdur. O, Cavabdeh ikinci arvadı olmuş, sonuncu ondan əvvəl İddiaçı ilə evli olmuşdur. Tərəflərin birgə nikahından iki uşaqları var. Cavabdeh və İddiaçı 2015-ci ildə rəsmi şəkildə boşanmışlar və Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqlarının iddiaçının yanında saxlanması müəyyən edilmişdir. Həmçinin həmin qətnamə ilə həmin uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə mürcaiət edərək, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 235 manat kimi müəyyən edilməsini tələb etsə də, həmin şəxs aliment atırılması barədə ərizəsinə həmin məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavbadehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması barəəd heç bir sübut əlavə etməmişdir. Belə ki, Cavabdeh iddiaçı ilə birgə nikhaları dövründə yüksək məbləğlərdə banklardan kredit götürsə də, hazırki tarixədək həmin borclarımı tam olaraq ödəyə bilməmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh ayrıldıqları vaxt sonuncu birgə nikahları dövründə Bakı şəhəri, Binəqədi rayonunda aldıqlar torpaq sahəsindəki payından iddiaçının xeyrinə imtina etmişdir. Cavabdeh 2022-ci ildən hazırki tarixədək “Hepatit B” xəstəliyindən və yüksək qan təzyiqindən əziyyət çəkir və kifayət qədər çox xərc tələb edən müalicələr etdirir. Həmçin cavabdeh əvvəllər taksiçiliklə məşğul olsa da, xəstəliyi ilə əlaqədar fəaliyyətini dayandırmış və həmin şəxs hazırda işsizdir. Hazırda Cavabdeh “Vətən müharibəsi”ndə iştirak etdiyi üçün cəmi 80 manat məbləğində müavinət alır və həmin şəxsin başqa heç bir gəlir mənbəyi yoxdur. Onlar Bakı şəhərində onun valideynlərinə məxsus evdə yaşayırlar və o, valideynlərinin maddi dəstəyi ilə uşağının və ərinin ehtiyaclarını güclə təmin edir. O, müxtəlif iaşə obyektlərində günlük tələbatlarını ödəmək üçün qabyuyan, xadimə və ya şirniyyatçı kimi çalışır. Həmçinin əvvəllər cavabdehin iddiaçıya olan aliment borcunu əri Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməməsi üçün o, öz qızıl-zinyət əşyalarını sataraq ödəmişdir. Hazırda isə onun və cavabdehin İddiaçı tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Onların da bir övladı var və o, öz övladının yemək və təhsil xərclərini belə qarşılaya bilmir. Beləliklə, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi qəbul edildikdən hazırki tarixədək cavabdehin maddi vəziyyətində hər hansı diqqətəlayiq dəyişiklik olmamış, əksinə sonuncunun maddi vəziyyəti xəstəliyi ilə əlaqədar olaraq kifayət qədər pisləşmişdir. Buna görə də o hesab edir ki, iddianın tmin edilərək, təyin edilmiş aliment miqdarının artırılması üçün əsaslar yoxdur. Sonda, Nümayəndə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərərk, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 03 fevral 2006-cı il tarixli nikah qeydinin pozulması, 26 yanvar 2006-cı il tarixdə X3 və 02 noyabr 2009-cu il tarixdə X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 333041 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Nümayəndə 10 may 2019-cu il tarixdə 1 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikah bağlamışlar. Mülki iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 517910 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Həmin uşağın atası Cavabdeh, anası Nümayəndədır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki iddiaçı öz iddia tələbini əsaslandırmaq məqsədi ilə Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində diqqətəlayiq dəyişiklik olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız məhkəmə qətnaməsinin qəbul edildiyi ilə nisbətdə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun miqdarının artırılaraq, 235 manat məbləğində müəyyən edilməsinə istinad etmişdir. Halbuki, cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Cavabdeh maddi vəziyyətinin xeyli pisləşdiyini və müxtəlif banklara borcları olduğunu, o cümlədən cavabdehlə onun bir uşağının doğulduğunu, habelə hazırda Cavabdeh “Hepatit B” virusu xəstəliyindən əziyyət çəkdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Cavabdeh maddi vəziyyətində müsbət istiqamətdə diqqətəlayiq dəyişiklik olmamış, əksinə həmin şəxsin ailə vəziyyətində dəyişiklik baş vermiş, ikinci nikaha daxili olmuş və həmin nikahdan bir uşağı doğulmuşdur, həmçinin cavabdeh “Hepatit B” virusu xəstəliyindən xəstəliyinə yoluxaraq, yüksək xərc tələb edən müalicələr almışdır. Buna görə də məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artırılması məhkəmə qərnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırıllması üçün əsas hesab edilə bilməz. Həmçinin aliment tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra iddiaçının maddi və ailə vəziyyətində yaxşılaşmağa doğru hər hansı diqqətəlayiq hal baş vermədiyinə görə cavabdehdən tutulması qət edilmiş alimentin məbləğinin dəyişdirilməsinə əsaslar yoxdur və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-2-ci bəndində məhkəmələr izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndinə görə isə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün iddiaçı V.A.Soltanovdan cavabdehin xeyrinə aliment tutulması barədə Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi olduğu üçün, həmçinin həmin qətnamə qəbul edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair məhkəməyə heç bir sübut təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, hazırda alimentin məbləğinin dəyişdirilməsinə əsaslar yoxdur və iddiaçı X.Q,Qurbanovaya izah edilməlidir ki, o, birgə nikahdan olan uşağın saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması məqsədilə həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə ərizə verməyə, həmin nisbət müəyyən edildikdən sonra isə məhkəmə qətnaməsini icra edən orqandan alimentin indeksasiya olunmuş məbləğ üzrə tutulmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilərək, 02 noyabr 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. İddiaçı izah edilsin ki, o, birgə nikahdan olan uşağın saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(022)-1697/2015 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin indeksasiyasının aparılması məqsədilə həmin məbləğin minimum əmək haqqı məbləğinə nisbətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə ərizə verməyə, həmin nisbət müəyyən edildikdən sonra isə məhkəmə qətnaməsini icra edən orqandan alimentin indeksasiya olunmuş məbləğ üzrə tutulmasını tələb edə bilər. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar