Məhkəmə qərarları › İş №2(022)-67/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-67/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-67/2023 17.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, “Azərpambıq aqrar sənaye kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18.750 manat 93 qəpik, cərimə qismində 3.750 manat 19 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 157 manat 50 qəpik, cəmi 22.658 manat 62 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı 21 yanvar 2020-ci il tarixli, 338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 18.750 manat 93 qəpik, cərimə qismində 3.750 manat 19 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 157 manat 50 qəpik, cəmi 22.658 manat 62 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında 21 yanvar 2020-ci il tarixdə bağlanmış 2020-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair 338 saylı müqaviləyə əsasən cavabdeh 40,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam şəkildə pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti müqavilə öhdəliklərinə əməl etməklə, Cavabdeh avans olaraq 41.145 manat 15 qəpik məbləğində ödəniş etmişdir. Lakin Cavabdeh iddiaçıya cəmi 15.202 manat məbləğində 30.527 kiloqram xam şəkildə pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitə görə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə kartla da 7.192 manat 22 qəpik ödəniş etsə də, halhazıradək 18.750 manat 93 qəpik məbləğində borcu qalmışdır. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti müqavilə öhdəliklərinin məhkəmədənkənar qaydada həlli üçün cavabdehə şifahi və yazılı xəbərdarlıqlar etsə də, heç bir nəticə əldə olunmamışdır. Sonda F.Ə.Quliyev 21 yanvar 2020-ci il tarixli, 338 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 18.750 manat 93 qəpik, cərimə qismində 3.750 manat 19 qəpik, cəmi 22.658 manat 62 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 157 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, bildirdi ki, o, orta məktəbdə müəllimə işləsə də, mərhum əri Vasif Əmirov onun tapşırığı və vəkaləti əsasında mülkiyyətində olan 40 hektar torpaq sahəsində pambıq əkini aparmış, lakin 2020-ci il mövsümündə quraqlıq olduğuna görə tələb olunan məhsul əldə edə bilmədiklərinə görə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə 18.750 manat 93 qəpik məbləğində borc yaranmışdır. Onun əri V.Əmirov artıq bir ildən çoxdur ki, vəfat edib. Buna görə də o,müqavilə üzrə iddiaçıya heç bir ödəniş edə bilməmişdir. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti borcun fors-major səbəblərdən baş verməsini, yəni quraqlıq mövsümünə görə normadan az məhsul götürülməsini və əkin işləri ilə məşğul olmuş ərinin vəfat etməsini nəzərə almadan ondan cərimə qismində də 3.750 manat 19 qəpik məbləğində pul tələb edir. O, iddiaçıya olan əsas borc qismində 18.750 manat 93 qəpik məbləğində pul vəsaitini ödəməyə razı olsa da, cərimə tələbi hissəsində iddianı qəbul etmir. Sonda Cavabdeh iddianın qismən təmin edilməsini, cərimə qismində 3.750 manat 19 qəpik məbləğində pul vəsaitinin tutulması hissəsində iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini və cavabdeh dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2020-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair 21 yanvar 2020-ci il tarixli, 338 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh 40,0 hektar sahədə pambıq əkməyi istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş «Xam-pambığın yığılması və tədarükü üzrə təlimat»ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar filialında saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan 21 yanvar 2020-ci il tarixli, 338 saylı müqavilə üzrə 06 iyul 2021-ci il tarixli üzləşmə aktından və ona əlavə edilmiş hesabdan çıxarışdan, habelə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş qaimə-fakturaların və iş aktlarının surətlərindən görünür ki, «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh 41.145 manat 15 qəpik məbləğində avans verilmiş, Cavabdeh tərəfindən «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinə cəmi 15.202 manat məbləğində 30.527 kiloqram xam şəkildə pambıq təhvil vermiş və kartla da 7.192 manat 22 qəpik ödəniş etmiş, lakin ödənilməmiş 18.750 manat 93 qəpik məbləğində borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 21 yanvar 2020-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 18.750 manat 93 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 3.750 manat 19 qəpik təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 21 yanvar 2020-ci il tarixli, 338 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 18.750 manat 93 qəpik, cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 35 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 122 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq olunsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 21 yanvar 2020-ci il tarixli, 2020-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair 338 saylı müqavilə üzrə əsas borc qismində 18.750 (on səkkiz min yeddi yüz əlli) manat 93 (doxsanüç) qəpik, cərimə qismində 50 (əlli) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 122 (bir yüz iyirmi iki) manat 50 (əlli) qəpik, cəmi 18.923 (on səkkiz min doqquz yüz iyirmi üz) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti tutulsun. «Azərpambıq aqrar sənaye kompleksi» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar