Məhkəmə qərarları › İş №2(022)-678/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-678/2025

20.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-678/2025 20.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlak etmədən enerjiyə görə ödənilmiş 332 (üç yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən xeyrinə alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, istehlak etmədiyi elektrik enerjisinə görə əsassız ödətdirilmiş 332 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışıdır ki, fərdi yarayış evinə quraşdırılmış öncədən ödəniş edilən smat tipli sayğacda nasazlıq yarandığına görə 06 iyun 2024-cü il tarixdə X1 getmiş və rəsmi ərizə ilə məlumat vermişdir .Həmin tarixdə, yəni 06 iyun 2024-cü il tarixdə Biləsuvar EŞ-dən Əmirov Elmar, Ağayev Elşən və Ədalət adlı işçilər onların ünvanına gəlmiş, sayğaca baxış keçirdikdən sonra sayğacın istismara yararsız olduğu qərarına gəlmişlər və bu barədə 06 iyun 2024-cü il tarixli 338065 nömrəli akt tərtib etmişlər və aktda da qeyd etmişlər ki, yeni sayğac quraşdırılsın və müvəqqəti olaraq sayğacdankənar xətlə evinə elektrik enerjisi verlişini bərpa etmiş və bunu aktda da qeyd etmişlər. 25 iyun 2024-cü il tarixdə cənub REYSİ-nin nümayəndələri yaşadığı ünvana gələrək fərdi yaşayış evinə sayğacdankənar (sayğac dövriyəyə qoşulmadan) elektrik enerjisi verildiyini görüb 25 iyun 2024-cü il tarixli 338401 nömrəli akt tərtib etmişlər. 27 iyun 2024-cü il tarixdə Biləsuvar EŞ-nin nümayəndələri fərdi yaşayış evini yeni sayğacla təmin etmişlər. Fərdi yaşayış evinə quraşdırılmış və bir neçə ildən sonra istismara yararsız olmuş sayğac və hazırda quraşdırılmış sayğac öncədən ödənişli sayğaclardır. Yəni o, istehlakçı olaraq öncədən pul ödəyir və ödədiyi pulun müqabilində enerji istehlak edir .Belə olan halda Biləsuvar EŞ-in ona 332 manat pulu hansı hesaba və nə səbəbə ödətdirməsini bilmir. O, dəfələrlə Biləsuvar EŞ rəhbərliyinə müraciət etmiş, “Azərişıq'' ASC-nin Regional araşdırılaraq cavab veriləcəyini bildirmişdir. Cavabdehin təsiri ilə ona ödətdirilmiş 332 manat məbləğində pulun nə səbəbə və hansı hesaba ödənilməsi barədə rəsmi sənəd ona verilməmişdir. O, borcu haradan yaranması barədə sənədlərin surətlərini cavabdehdən ala bilmir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 802880 saylı protokoldan görünür ki, İddiaçı məxsus **********27 saylı MP106 tipli, A5(80) V220 göstərici 29561 olan sayğac çıxarılaraq, p**********7 saylı MP106E tipli A 5(100) V 220 göstərici 0.00 olan yeni sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 25 iyun 2024-cü il tarixli AKT R №338401 saylı aktından görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış evinə quraşdırılmış abonent kodu **********00794 olan sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılıb, elektrik enerjisindən sayğacdan kənar istifadə edilir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli AKT R №338065 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış evinə quraşdırılmış abonent kodu **********00794 olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının çıxış faza sıxacı əzilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbindən görünür ki, iddiaçı yaşayış evinə quraşdırlımış elektrik sayğacının nasaz olması səbəbindən cavabdehin əməkdaşları tərəfindən sayğacdan kənar xətt çəkilməklə elektrik enerjisindən istifadə etdiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-dən istehlak etmədən enerjiyə görə ödənilmiş 332 (üç yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən xeyrinə alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlak etmədən enerjiyə görə ödənilmiş 332 (üç yüz otuz iki) manat pul vəsaitinin cavabdehdən xeyrinə alınması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar