Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-679/2025 13.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “qərarın ləğv edilməsi tələbi” barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “qərarın ləğv edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməyərək iddiaya cavab verməli olan hər hansı şəxsi və ya orqanı cavabdeh qismində qoymamaqla müvafiq iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddia ərizəsində cavabdeh kimi inzibati orqan göstərilməsə də, ərizənin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələb irəli sürmüşdür. Məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Mübahisələrin ümumi, mülki, kommersiya və.s məhkəmələrə aid olması əsasları qanunvericiliklə imperativ olaraq tənzimlənmişdir. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit edilmişdir. Həmin normaya əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi ümumi məhkəmələrdə baxılan mübahisələr üzrə tərəflər bərabər olmaqla biri digərinə qarşı hakimiyyət səlahiyyətini tətbiq etmir. Lakin hazırki halda isə iddiaçı inzibati orqana qarşı müəyyən tələblər irəli sürmüşdür. Halbuki inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və bu qanun inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Fiziki şəxslərin inzibati orqanların faktiki xarakterli hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, həmin orqanlar tərəfindən vurulmuş ziyanın ödənilməsi və.s ilə bağlı tələblərinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanlar mülki dövriyyənin iştirakçısı qismində hərəkət etdikləri hallarda onlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış mübahisələr ümumi məhkəmənin araşdırma predmetinə daxil ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdə isə iddiaçının Daxili İşlər Nazirliyinə qarşı tələbinin onlar arasında sonuncunun mülki dövriyyənin iştirakçısı olaraq bağladığı müqavilələrdən və ya hərəkətlərdən (hərəkətsizlikdən) irəli gəldiyi müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan, buna görə tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “qərarın ləğv edilməsi tələbi” barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-679/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-679/2025
13.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver