Məhkəmə qərarları › İş №2(022)-689/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-689/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-689/2024 08.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Biləsuvar rayon Çaylı Bələdiyyəsinə qarşı pul vəsaitinin qaytarılması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1, İddiaçı3, İddiaçı4 və Məmmədov X1 rayon Çaylı Bələdiyyəsinə qarşı pul vəsaitinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Biləsuvar rayonunun Çaylı kəndində yaşayırlar. 30 dekabr 2020-ci il tarixdə Çaylı bələdiyyəsinin 15 saylı qərarı ilə hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı bələdiyyə tərəfindən onlara qərarlar, seçim aktı, yerin sxematik planı rəsmi qadada verilmişdir. Bunun müqabilində hər biri bələdiyyənin hesabına bələdiyyə sədrinin göstərişi ilə eyni gundə, yəni xx.xx.2021-ci il tarixdə 1200 manat pul vəsaiti köçürmüşlər. Sonradan ayrılmış torpaq sahəsinin sənədləşdirilməsini tələb etdikdə müəyyən edilmişdir ki, onlara ayrılmış torpaq sahəsi yaşayış yeri deyil, bələdiyyənin onlara həyətyanı torpaq sahəsi kimi verdiyi torpaq sahəsi örüş sahəsidir. Ona görə də DƏDRX torpaq sahəsinin onların adına sənədləşdirilməsindən imtina etmişdir. Ona görə də dəfələrlə bələdiyyədən torpaq sahəsinə görə köçürdükləri pul vəsatinin qaytarılmasını tələb etsələr də bələdiyyə sədri bundan imtina etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, hazırki ərizəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yolverilməz olduğuna görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 inzibati orqanın, Çaylı Bələdiyyəsinin 30 dekabr 2020-ci il tarixdə 15 saylı qərarı ilə hər birinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin müvafiq qaydada sənədləşdirilməsi mümkün olmadığından, yəni bələdiyyənin qərarı ilə verilmiş torpaq sahəsinin örüş təyinatlı torpaq sahəsi olması səbəbindən həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına hər birinin köçürdüyü 1200 manat pul vəsaitinin bələdiyyə tərəfındən qaytarılımalı olduğunu göstərmişlər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 2.2.4 və 2.2.5-ci maddələrinə görə isə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı çərçivəsində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatına” görə bələdiyyələr inzibati orqanlar hesab olunur. Habelə, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsinin fərqli qiymətləndirilməsi, bu sahədə qanunvericiliyin dəqiq tətbiq edilməməsi son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılara izah edilməlidir ki, onlar pul vəsaitinin qaytarılması tələbi ilə əlaqədar Biləsuvar rayon Çaylı Bələdiyyəsinin vəzifəli şəxslərinin qərar, hərəkət və hərəkətsizliyi barəsində iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Biləsuvar rayon Çaylı Bələdiyyəsinə qarşı pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçılara izah edilsin ki, pul vəsaitinin qaytarılması ilə əlaqədar Biləsuvar rayon Çaylı Bələdiyyəsinin vəzifəli şəxslərinin qərar, hərəkət və hərəkətsizliyi barəsində iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar