Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-730/2024 19.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, iddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin 2(048)171/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsinə əsasən 27 iyun 2016-ci il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh fərdi əməklə məşğul olur və yüksək gəlir əldə edir. Bu səbəbdən iddiaçı hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azdır və uşaqlarını saxlaya bilmədiyini qeyd edir. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyun 2016-ci il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 (iki yüz əlli) manat cəmi 500 (beş yüz) manat olmaqla sabit pul məbləğində alimentin, mediasiya şurasına ödənilmiş 55 manat məbləğin və bununla əlaqədar çəkilmiş 5 manat məbləğində poçt xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən 15 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh ərizəsində iddiaçının X3 Hüseyn küçəsi ev 33 ünvanında cavabdehin valideyinlərinə məxsus evdə və cavabdehin anası ilə birlikdə yaşadığını, həmçinin ailə üzvləri tərəfindən ata evinə gələrkən hər zaman evə və uşaqlara köməklik olunduğunu, iddiaçının aldığı 200 manat alimenti öz şəxsi ehtiyacları üçün istifadə etdiyini, buna baxmayaraq iddiaçı Biləsuvar Rayon Məhkəməsinə aliment miqdarının artırılması tələbi ilə qaldırmasını və bu iddia tələbini qəbul etməməsini və rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi üzrə tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 27 iyun 2016-cı il təvəllüdlü X1 AZ-İİİ 901704 nömrəli, və 17 avqust 2018-ci il təvəllüdlü X2 AZ-İV 189096 nömrəli doğum haqqında şəhadətnamələrinə əsasən, onların atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞL/MT014/2024-00541 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 55 (5 manat poçt xərci) manat mediasiya xərci ödəmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-171/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin olunması, tərəflərin birgə nikahlarından olan 27 iyun 2016-cı il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, 27 iyun 2016-cı il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının: 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§14). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (§21) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§12). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§13), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə cavabdehin rəsmi iş yeri barədə məlumatın olmamasını, uşağın mənafeyini və uşaq üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 27 iyun 2016-cı il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə, eyni zamanda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün yaşayış minimumu həddində, 235 manat sabit pul məbləğində alimentin tutulmasını ilk növbədə uşağın, daha sonra tərəflərin mənafelərinə uyğun hesab edir. Məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də məhkəmə məsrəflərinə aiddir. Məhkəmə hesab edir ki, İddiaçı mediasiya xərci olaraq ödədiyi 55 manat məbləğində pul vəsaiti və bununla əlaqədar 5 mant poçt xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(048)171/2022 saylı qətnaməsi ilə 27 iyun 2016-cı il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 27 iyun 2016-cı il təvəllüdlü X1 və 17 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 55 manat və bununla əlaqədar 5 manat poçt xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-730/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-730/2024
19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver