Məhkəmə qərarları › İş №2(022)-761/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-761/2024

19.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-761/2024 19.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, iİddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “0404354 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində özünə məxsus mənzildə yaşadıyır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişlərini vaxtında ödəyir və qaz sayğacına onun tərəfindən heç zaman müdaxilə olunmamışdır. İddiaçının evindən 150 metr aralıda yol kənarında mal-qaranın keçdiyi, iddiaçının şəxsi tikintisinin divarına qüsurlu, standartlara uyğun olmayan şəraitdə quraşdırılmış qaz sayğacı yerləşir. Həmin sayğaca bir neçə dəfə yoldan keçən iri buynuzlu inəklər sürtünərək borunu zədələmiş və həmin vaxtı qaz itkiyə səbəb olmuşdur. Qaz itkiyə getdiyi üçün yerli qaz istismar idarəsinin işçilərinə məlumat verilmiş və onlar gələrək borunun zədələnmiş hissəsini qaynaqla bərpa etmişlər. Buna baxmayaraq standartlara uyğun çəkilməyən dəmir qaz borusuna dəmir qırıntıları bərpa etmişdirlər ki, inəklər sürtünməsin. Təmirdən bir müddət sonra iddiaçını onun təsərrüfatına məxsus inəyi qaz borusuna qaynaq edilmiş dəmir parçasına sürtünərək qarın nahiyəsindən yarılmışdır. Qaz idarəsinin əməkdaşlarının kor təbii qaynaq etdikləri dəmir parçasına görə inəyin müalicəsi təmin olunmuş, lakin heyvan tələf olmuşdur. Bununla əlaqədar ona 1500 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəymiş ziyanla bağlı “Azəriqaz” İB-nin 104 Qəza xidmətinə zəng edərək hadisəni bildirmişdir. Əməkdaşlar gələrək baxış keçirmişdir. Bu qəzadan dörd ay sonra qaz işçiləri ona cərimə yazıldığını bildirmişlər. İddiaçıya məlum olmuşdur ki, inəyin sayğacın çıxışının zədələnməsi ilə qaz itkisi hesablanmış və buna görə də ona akt tərtib edilmiş, borc yazılmışdır. Qaz idarəsindən onu X1 İdarəsinə yönəltmişlər. Ondan idarə inəyin şəkillərini, baytarlıqdan dəymiş ziyanla bağlı arayışı, polisin qərarını və hadisə yerinin şəkillərini, qaz idarəsinin işçilərinin turbaya quraşdırdıqları kəsici dəmir parçalarının şəkilləri tələb edilmiş və iddiaçı adıçəkilən sənədləri təqdim edilmişdir. Qaz borusuna ziyanı yoldan keçən, iddiaçının sahibliyində olmayan inəklər tərəfindən vurmasına baxmayaraq, hazırkı günədək iddiaçının adına yazılan cərimə hələdə qüvvədə saxlanılmışdır. İddiaçının tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “0404354 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2023-cü il tarixli ******* saylı Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 6480 kub metr qaz sərfiyatına görə 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi 16 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 16 avqust 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı “plasmas boru yivli birləşmədən çıxıb” səbəbinə görə götürülmüşdür. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 avqust 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın kənar təsir nəticəsində “deformasiyaya uğraması və plasmas boru oturacağından aralanıb çıxması” faktı aşkar edilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 avqust 2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x12x90=6480 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. **********05310 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 777 manat 60 qəpik təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun: 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin hissənin birinci cümləsinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 18-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq kimi vəzifələri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, 28 avqust 2023-cü il tarixdə qaz sayğacına vizual baxış keçirildiyi vaxt “sayğacın kənar təsir nəticəsində deformasiyaya uğraması və plasmas boru oturacağından aralanıb çıxması” faktı aşkar olunduğundan akt tərtib edilərək abunəçiyə qaz itkisi ilə bağlı 777,60 manat məbləğində cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, 16 avqust 2023-cü il tarixdə İddiaçı məxsus evin təbii qaz xəttinə quraşdırılmış 12526650 nömrəli sayğacın şəxsin öz təsərrüfatına məxsus kənar müdaxilə nəticəsində plasmas boru yivli birləşmədən çıxmışdır. Bundan sonra dərhal “Azəriqaz” İBnin Qəza xidmətinə zəmg edilərək məlumat verilmiş və əməkdaşlar hadisə yerinə baxış keçirmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********05310 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış sayğac əsasında istifadə etmişdir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 16 avqust 2023-cü il tarixdə qaz sayğacının plasmas borusu yivli birləşmədən çıxdığı üçün abonentin tələbi ilə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən xətdən açılmışdır. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 16 avqust 2023-cü il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının “plasmas boru yivli birləşmədən çıxdığına görə” götürüldüyü göstərilmişdir. Lakin həmin tarixdən 12 gün sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 avqust 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın kənar müdaxiləsi nəticəsində deformasiyaya uğraması və və plasmas boru oturacağından çıxması müəyyən edilmiş və 30 avqust 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 777 manat 60 qəpik məbləğində cərimə tətbiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən “Azəriqaz” İstehsalat Birliyinin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, “Azəriqaz” İstehsalat Birliyi dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görnüdüyü kimi qaz sayğacının gövdəsinin deşilməsi nəticəsində istehlakçı kimi İddiaçı öz üzərinə düşən bütün öhdəliklərini icra etmiş – dərhal qaz istismarı sahəsinin əməkdaşlarına məlumat vermiş və həmin gün qaz sayğacı dəyişdirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş iddiaçı tərəfindən də həmin qaz sayğacının həqiqətən də 16 avqust 2023-cü il tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən dəyişdirilərək, yenisi ilə əvəz edildiyi və bununla bağlı 16 avqust 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın tərtib edildiyi öz təsdiqini tapsa da, iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30 avqust 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” hesabat müddətinin 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 6480 m3 qaz itkisinin olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan Biləsuvar rayonu Aşağı Cürəli kəndi ünvanına dair abonent kodu **********05310 olan İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat atlmış qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 3i ünvanına dair abonent kodu **********05310 olan İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat atlmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar