Məhkəmə qərarları › İş №2(022)-780/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-780/2025

07.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-780/2025 07.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 3.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 6.185 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 84 manat və iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borc kimi alınmış vəsaitin əvəzi qismində cəmi 3.500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iş üzrə məhkəmə xərclərinin isə ona aid edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında azaldılmış iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, 11 ildir ki, Biləsuvar şəhəri ərazisində yerləşən “Al Telecom” telefon mağazasında satıcı işləyir. O, Cavabdeh ilə satıcı işlədiyi vaxt tanış olmuşdur. Cavabdeh onun işlədiyi mağazanın müştərisi olmuş və həmin mağazadan 2021-ci ildə 3 dəfə nisyə şəkildə mobil telefon almışdır. Həmin mobil telefonlardan ən bahalısı “Samsung A32” markalı telefon olmuşdur. Cavabdeh həmin telefonların aylıq ödənişini onun işlədiyi mağazanın müdiri X3 məxsus bank kartı hesabına köçürmüşdür. Cavabdeh aldığı telefonların dəyərini A.T.Ağayevə tam şəkildə ödəmişdir. O, cavabdehlə iş yerindən ona verilmiş mobil nömrə vasitəsilə əlaqə saxlamış və onlar “WhatsApp” mobil tətbiqində də yazışmışlar. Lakin onun cavabdehlə heç bir yaxın münasibəti olmamışdır, lakin onlar arasında səmimiyyət və inam formalaşmışdır. Buna görə də Cavabdeh 2022-ci ildə ondan bir neçə dəfə borc pul istəmiş, o da həmin şəxsə inanaraq, sonuncuya ayrı-ayrı vaxtlarda cəmi 1.525 manat məbləğində, sonuncunun kart hesabına ödəniş terminalı vasitəsilə yollamaqla, borc vermişdir. Lakin həmin borcun alınmasından uzun müddət keçsə də, cavabdeh ona olan borcunu qaytarmamışdır. Onun Cavabdeh həmin 1.525 manat məbləğində borcu verməsinə dair hər hansı sübutu yoxdur. O, həmin şəxsdən ona olan borcunu qaytarmasını tələb etdiyi zaman isə Cavabdeh lotoreya oynadığını ona bildirərək, lotereya qoşulmasını ona təklif etmişdir. O, cavabadehin təklifini qəbul edərək, 2022-ci ilin avqust ayında həmin lotereya oyununa qoşulmuşdur. O, lotereyaya qoşulduğu birinci qrup üzrə hər ay 50 manat Cavabdeh kart hesabına köçürmüşdür. Lakin ona növbə çatdığı vaxt cavabdeh ona lotereya oynayan şəxslərdən birinin bütün pulları götürərək, qaçdığını bildirmişdir. İkinci qrup üzrə isə o, hər ay bir dəfə 200 manat və 250 manat olmaqla, cəmi 450 manat məbləğində pulu cavabdehin kart hesabına köçürmüşdür ki, həmin şəxs qeyd edilən vəsaiti lotereya oynayanlara versin. Lakin 2022-ci ilin oktyabr ayında Cavabdeh lotereya oynanılan qrupun rəhbərinin oğlunun öldüyünü bildirərək, ondan iki ay gözləməsini istəmişdir. İki ay sonra isə həmi şəxs ona qrupun rəhbərinin pulu götürüb-qaçdığını, Bakı şəhərində hüquq-mühafizə orqanına onların pulunu ələ keçirmiş şəxs barəsində şikayət ünvanlasa da, həmin şəxsin tapılmadığını bildirmişdir. Həmin müddət ərzində lotereya oynamaq niyyəti ilə o, “Milliön” ödəniş terminalları vasitəsilə Cavabdeh məxsus kart hesabına cəmi 2.410 manat məbləğində pul göndərmişdir. Bundan sonra isə Cavabdeh ondan lombardda qızıl-zinyət əşyalarının qaldığını və evinin kirayəsini ödə bilmədiyini bildirərək, 1 ay ərzində qaytarmaq şərtilə ondan daha 2.500 manat məbləğində borc istəmişdir. O, həmin şəxs inanaraq, sonuncuya bankdan kredit götürərək, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “Bravo” marketin yaxınlığında 2.500 manat pul borc vermişdir. Həmin vaxt cavabdeh onun borcunu ödəyəcəyini vəd etsə də, həmin vədinə də xələf çıxaraq, onun banka olan borcunu ödəməmişdir. Ümumilikdə, o, cavabdehə cəmi 6.435 manat məbləğində pul borc vermişdir. Onunla Cavabdeh arasında qarşılıqlı inam olduğuna görə o, cavabdehə borc verməsinə dair sonuncu ilə hər hansı borc müqaviləsi və ya borcun etirafına dair hər hansı qəbz tərtib etməmişdir. Lakin həmin şəxs ona olan borcunu tam şəkildə ödəməmiş və ona olan borcundan cəmi 250 manat qaytarmışdır. O, dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, sonuncu onun çağırışlarına əhəmiyyət verməmişdir. Buna görə də o, məcbur qalıb cavabdehin onun pulunu dələduzluq yolu ilə keçirməsi haqqında Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir, lakin araşdırma materialları Bakı şəhəri Xətai rayon polis idarəsinə baxılması üçün göndərilmişdir. Bundan sonra isə o, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, X1 adlı şəxsi tanımır. O, cavabdehə ona olan borcunu A.T.Ağayevə qaytarmasına və ya həmin şəxsin bank kartı hesabına köçürməsinə dair hər hansı tapşırıq verməmişdir. Həmçinin o, Biləsuvar rayon şöbəsində cavabdehin ona cəmi 1.200 manat pul qaytarmasına dair izahat verməsinin səbəbini hazırda xatırlamır. Lakin mülki işin məhkəmə baxışı zamanı ona məlum oldur ki, iddiasının tam edilməsi üçün kifayət qədər sübutları yoxdur və buna görə cavabdehlə mübahisəni qarşılıqlı razılıq əsasında həll etmək qərarına gəlmişdir. Məhkəmə məhkəmədə o, cavabdehlə borcları barədə üzləşmə aparmış və cavabdehin ona cəmi 3.500 manat borcu qalması aşkar olmuşdur. Buna görə də o, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə mıhkəməyə müraciət etmişdir və hazırda Cavabdeh onun xeyrinə cəmi 3.500 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Həmçinin o, cavabdehdən məhkəmə xərcləri qismində ödədiyi pulun onun xeyrinə tutulmasını istəmir. Sonda, İddiaçı iddianın təmin edilməsini və cavabdehdən onun xeyrinə borc qismində 3.500 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə azaldılmış iddia tələbini müdafə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə, azaldılmış iddia tələbini etiraf edərək bildirdi ki, o, İddiaçı müxtəlif vaxtlarda 5.000 manat məbləğində pul borc almış və hazırki tarixədək həmin borcundan iddiaçıya 1.500 manat qaytarmışdır. O, maddi imkanı olmadığı üçün iddiaçıya olan qalan borcunu ödəyə bilməmişdir. Buna görə də o, 3500 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasına razıdır. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə tərəfləri və iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 avqust 2022-ci, 19 avqust 2022-ci, 26 avqust 2022ci, 01 sentyabr 2022-ci, 04 sentyabr 2022-ci, 06 sentyabr 2022-ci, 08 sentyabr 2022-ci, 11 sentyabr 2022-ci, 16 sentyabr 2022-ci, 23 sentyabr 2022-ci, 29 sentyabr 2022-ci, 05 oktyabr 2022-ci, 13 oktyabr 2022-ci, 18 oktyabr 2022-ci il tarixli, 21 oktyabr 2022-ci, 11 noyabr 2022ci və 02 dekabr 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, 18 avqust 2022-ci, 19 avqust 2022-ci, 26 avqust 2022-ci, 01 sentyabr 2022-ci, 04 sentyabr 2022-ci, 06 sentyabr 2022-ci, 08 sentyabr 2022-ci, 11 sentyabr 2022-ci, 16 sentyabr 2022-ci, 23 sentyabr 2022-ci, 29 sentyabr 2022-ci, 05 oktyabr 2022-ci, 13 oktyabr 2022-ci, 18 oktyabr 2022-ci il tarixli, 21 oktyabr 2022-ci, 11 noyabr 2022-ci və 02 dekabr 2022-ci il tarixlərdə Cavabdeh məxsus 416973******5482 nömrəli bank kartı hesabına müvafiq olaraq 50 manat, 450 manat, 50 manat, 50 manat, 110 manat, 300 manat, 50 manat, 450 manat, 50 manat, 50 manat, 50 manat, 50 manat, 50 manat, 500 manat, 50 manat, 50 manat və 50 manat, cəmi 2.410 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki işdə olan Biləsuavr rayon polis şöbəsinin 15 fevral 2024-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində sonuncunun lotereya oyunu oynamaq adı ilə onun 1.700 manat məbləğində pulunu ələ keçirməsi barədə şikayəti üzrə toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon polis idarəsinə göndərilmişdir. İşdə olan Biləsuvar aryon Məhkəməsinin sübutların təmin edilməsi haqqında 12 iyun 2025-ci il tarixli, 2(022)-780/2025 saylı qərardadından görünür ki, Cavabdeh məxsus olan, “BirKart Umico” növlü, 416973******5482 nömrəli kart hesabından 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2024-cü il tarixədək olan müddət ərzində hansı bank hesablarına, hansı tarixlərdə və hansı məbləğlərdə pul vəsaitlərinin köçürülməsi, həmin vəsaitlərin köçürüldüyü hesabların kimə məxsus olması, həmçinin Cavabdeh məxsus, “Kapital Bank” açıq səhmdar cəmiyyətinə aid olan, “BirKart Umico” növlü, 416973******5482 nömrəli kart hesabına 01 yanvar 2022-ci tarixdən 30 dekabr 2024-cü il tarixədək müddət ərzində hansı bank hesablarından, hansı tarixlərdə və hansı məbləğlərdə pul vəsaitlərinin köçürülməsi, vəsait köçürən hesabların kimə məxsus olması barədə məlumatların Biləsuvar rayon Məhkəməsinə təqdim edilməsi “Kapital Bank” açıq səhmdar cəmiyyətinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Cavabdeh məxsus “Birkart Umico” növlü, 416973******5482 nömrəli bank kartı hesabına dair 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2024-cü il tarixədək dövrü əhatə edən 01 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, 30 iyul 2022-ci il tarixdə İddiaçı məxsus 523915******5162 nömrəli bank kartı hesabından 100 manat və 27 oktyabr 2022-ci il tarixdə İddiaçı məxsus 416973******7642 nömrəli bank kartı hesabından 50 manat məbləğində pul vəsaitləri Cavabdeh məxsus kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə isə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan cəmi hissə-hissə şəklində və ayrı-ayrı borc müqavilələr üzrə ümumilikdə 5.000 manat məbləğində borc almış və sonradan cavabdehin həmin borclar üzrə iddiaçıya ödənilməmiş ümumi borcu 3.500 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan borc kimi aldığı borcun ödənilməmiş hissəsi qismində 3.500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikdə, məhkəmə həmin razılığa uyğun qərar qəbul etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər iş üzrə məhkəmə xərclərinin iddiaçıya aid edilməsi barədə razılaşma əldə etdiklərinə görə iş üzrə ödənilmiş dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş vəsait iddiaçıya aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 52, 191, 220, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar