Məhkəmə qərarları › İş №2(022)-785/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-785/2024

17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-785/2024 17.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 5.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X1 Şükran Fərhad oğluna qarşı borc kimi alınmış vəsaitin əvəzi 5.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı 11 iyun və 26 avqust 2024-cü il tarixli etiraz ərizələrində göstərmişdir ki, onun İddiaçı ilə uzaqdan və ya yaxından heç bir tanışlıq əlaqəsi olmamışdır. İddiaçı Biləsuvar rayonunda sələmçiliklə məşğul olur. O, ehtiyacı olduğu üçün həmin şəxsdən hissə-hissə olmaqla 4.350 manat məbləğində borc pul almışdır. O, iddiaçıdan heç bir girov müqaviləsi bağlamadan və ya heç bir sənəd girov qoymadan 4.350 manat pul vəsaitini faizə götürmüşdür. İddiaçı faizə pul vediyi üçün ona tərtib etdirdiyi 02 iyun 2023-cü il tarixli borcun etirafına dair qəbzdə 4.350 manat məbləğində pulu 5.500 manat kimi qeyd etdirmişdir. O özü də İddiaçı aldığı borcun əvəzi qismində 5.500 manat pul qaytarmağa razı olmuşdur. Həmin vaxt o, borcun ödənilməsinin təminatı olaraq əmək haqqı kartını iddiaçıya təqdim etmişdir. O, İddiaçı və onun yaxın qohumu Şahid iddiaçıya olan borcunun əvəzi qismində 5.722 manat qaytarmışdır. Belə ki, Şahid onun əmək haqqı kartından 30 yanvar 2023-cü il tarixdə 400 manat, 09 fevral 2023-cü il tarixdə 511 manat, 04 aprel 2023-cü il tarixdə 1.198 manat, 31 avqust 2023-cü il tarixdə 400 manat, 05 sentyabr 2023-cü il tarixdə 352 manat və 13 noyabr 2023-cü il tarixdə isə 361 manat, cəmi 3.222 manat məbləğində pul vəsaitini “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə məxsus bankomatdan çıxarmışdır. Həmçinin o, 07 iyul 2023-cü il tarixdə 100 manat və 31 iyul 2023-cü il tarixdə 430 manat, cəmi 530 manat məbləğində pul vəsaitini Şahid məxsus bank kartına köçürmüşdür. Bundan başqa, o, ayrı-ayrı vaxtlarda parkda 800 manat, “Zamin Bank” açıq səhmdar cəmiyyətinin binasında isə iki dəfə 435 manat və 300 manat, cəmi 1.970 manat məbləğində pulu İddiaçı təqdim etmişdir. İddiaçı ona hissə-hissə ödədiyi pul vəsaitlərini Şahid qaytarmağı özü tapşırmış və buna görə də o, İddiaçı olan borcunu sonuncunun yaxın qohumu Şahid hissə-hissə ödəmişdir. 2023-cü ilin noyabr ayında onun əmək haqq kartına pul köçürülmədiyi üçün Şahid ona əmək haqqı kartını geri qaytarmışdır. O, onun kartından çıxarılmış pul vəsaitlərinin məbləğini və çıxarış tarixlərini özündə əks etdirən rəsmi sənədi də “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən almışdır. Bundan başqa, o, onun kartından Şahid pul vəsaitlərini çıxardığı vaxtlara dair görüntüləri həmin bankdan tələb etsə də, bank əməkdaşları belə bir səlahiyyətlərinin olmadığını ona bildirərək, görüntüləri ona verməkdən imtina etmişlər. Həmin görüntülə ortaya çıxdığı təqdirdə onun əmək haqqı kartının Şahid olduğu və sonuncunun onun əmək haqqı kartından pul çıxardığı təsdiq ediləcəkdir. İddiaçı və onun qohumu Şahid “Zamin Bank” açıq səhmdar cəmiyyəti adı ilə, qanunsuz olaraq, heç bir lisenziyaya malik olmadan Biləsuvar rayonu ərazisində sələmçiliklə məşğul olurlar və onun kimi ehtiyac içində olan insanlardan sui-istifadə edərək, həddən artıq yüksək faizlə pul alırlar. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Cavabdeh Biləsuvar rayonu ərazisində orta məktəb binalarının tikintilərində öz briqadası ilə işlər görən və ayrıca mağazası olan imkanlı şəxs kimi tanımışdır. O, əvvəllər həmin şəxsə bir neçə dəfə borc pul vermiş və sonuncu da ona olan borcunu vaxtında geri qaytarmışdır. Sonuncu dəfə Cavabdeh 02 iyun 2023-cü il tarixdə onun yanına gələrək, özünə torpaq sahəsi almaq məqsədilə ondan borc istəmişdir. O, cavabdehin vəziyyətini başa düşmüş və buna görə də qısa müddət ərzində qaytarmaq şərti ilə, üzərində olan 4.350 manat pul vəsaitini Cavabdeh borc vermişdir. Cavabdeh borcun etirafına dair öz xətti ilə yazılı qəbz tərtib edərək ona təqdim etmişdir. Həmin qəbzdə cavabdeh ona olan borcunu 5.500 manat kimi qeyd edərək, ona 4.350 manat məbləğində borcun əvəzində 5.5000 manat pul vəsaiti qaytaracağını bildirmişdir. O, cavabdehə faktiki 4.350 manat məbləğində borc versə də, həmin şəxsin yazılı qəbzində borcun məbləğini 5.500 manat kimi qeyd etməsinə etiraz etməmişdir. Çünki, həmin qəbzlə cavabdeh ona borcun əvəzi qismində 5.500 manat qaytaracağını öhdəsinə götürmüşdür. Həmin qəbzə görə cavabdeh ona olan borcunu 22 dekabr 2023-cü il tarixə kimi qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Belə ki, o, cavabdehdən ona olan borcunu qaytarmasını dəfələrlə tələb etsə də, borclu əvvəlcə bankdan kredit götürüb, ona 5.700 manat pul verəcəyini ona bildirmişdir. O, cavabdehə ona 5.700 manat pulun lazım olmadığını bildirərək, sonuncudan ona olan 5.500 manat borcunu ödəməsini tələb etmişdir. Həmin vaxtdan 2 ay sonra o, təkrarən Cavabdeh borc verdiyi pulunu tələb etmiş, lakin həmin şəxs yenə də müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Lakin 24 aprel 2024cü il tarixdə Cavabdeh ona +**********06 mobil nömrəsindən SMS yazaraq, borcunu qaytara bilməyəcəyini, ancaq yayda həmin borcu ödəyəcəyini, işlətdiyi mağazanın bağlandığını, ziyanda olduğunu bildirmiş və məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Bir müddət sonra isə artıq cavabdeh onun tələblərinə əhəmiyyət verməmişdir. Buna görə də o, həmin borcun məcburi qaydada cavabdehdən alınıb ona verilməsi məqsədi ilə 2024-cü ilin may ayında məhkəməyə müraciət etmişdir. Həmçinin o, Cavabdeh borc verdiyi vaxt, təminat vasitəsi olaraq sonuncunun əmək haqqı kartını almamışdır. Belə ki, cavabdeh məhkəmə ünvanladığı yazılı etiraz ərizəsində də göstərmişdir ki, Cavabdeh heç bir girov qoymadan və ya girov müqaviləsi bağlamadan ondan borc almışdır. Bundan başqa, cavabdeh ona olan borcunu onun həmkəndlisi, faktiki uzaq oğey qohumu Şahid ödədiyini bildirsə də, o, Şahid Cavabdeh olan olan borcunu hissə-hissə almaq səlahiyyəti verməmişdir. Onun heç vaxt smartfon telefonu olmamışdır və o, adi mobil telefona yüklənməsi mümkün olmayan “Votsap” proqramı vasitəsilə cavabdehlə heç vaxt mesaj yazışmamış və həmin şəxsə hər hansı tapşırıq verməmişdir. O, cavabdehdən heç vaxt əmək haqqı kartının almamış və həmin kartdan heç bir vəsait götürməmişdir. Cavabdeh ondan faktiki 4.350 manat məbləğində borc pul alsa da, həmin şəxs yazılı qəbz tərtib edərək ona həmin məbləğin əvəzində 5.500 manat qaytaracağını vəd etmişdir. Buna görə də o hesab edir ki, Cavabdeh ona vəd etdiyi 5.500 manat pulu qaytarmalıdır. Sonda, İddiaçı iddianın təmin edilməsini və Cavabdeh onun xeyrinə borc qismində 5.500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək, bildirdi ki, o, Biləsuvar rayonu, Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsində gözətçi kimi çalışır və onun aylıq əmək haqqı 409 manatdır. Həmiçinin o, fərdi sahibkarlıqla məşğul olaraq mağaza işlətmişdir. O, İddiaçı sələmçiliklə məşğul olan Biləsuvar şəhər sakini kimi tanımış və həmin şəxslə onun heç bir münasibəti olmamışdır. O, əvvəllər dəfələrlə İddiaçı kiçik məbləğlərdə faizlə borc pul almış və həmin borclarını qaytarmışdır. Ehtiyacı yarandığı üçün 2022-ci ilin dekabr ayından başlayaraq o, İddiaçı hissə-hissə olmaqla, 4.350 manat məbləğində borc pul almışdır. Lakin borcu aldığı vaxtdan təxminən bir il sonra, yəni 2023-cü ilin noyabr ayında İddiaçı onu yanına çağıraraq ondan borcun etirafına dair qəbz yazmasını tələb etmiş və o, həmin qəbzi öz xətti ilə yazaraq iddiaçıya təqdim etmişdir. Həmin qəbzin tarixini isə iddiaçı ona 02 iyun 2023-cü il tarixi kimi qeyd etdirmişdir. O, savadsızlığına görə həmin qəbzdə iddiaçıdan 02 iyun 2023-cü il tarixində borc aldığını və qəbzi həmin tarixdə tərtib etdiyini qeyd etmişdir. İddiaçı ona faizlə borc vediyi üçün ona tərtib etdirdiyi 02 iyun 2023-cü il tarixli borcun etirafına dair qəbzdə 4.350 manat məbləğində borcun məbləğini 5.500 manat kimi qeyd etdirmişdir. O özü də İddiaçı aldığı borcun əvəzi qismində 5.500 manat pul qaytarmağa razı olmuşdur. O, borcunu qaytarmaq üçün öz əmək haqqı iddiaçıya vermiş və iddiaçı həmin kartdan bir neçə dəfə onun əmək haqqını çıxarıb götürdükdən sonra 2023-cü ilin noyabr ayında həmin kartı ona qaytarmışdır. O, növbəti aylarda da əmək haqqı alsa da və iddiaçı onun hələ də borclu olduğunu desə də, onun əmək haqqı kartını ona geri qaytarmasının səbəbini bilmir. Həmçinin o, 07 iyul 2023-cü il tarixdə 100 manat və 31 iyul 2023-cü il tarixdə 430 manat, cəmi 530 manat məbləğində pul vəsaitini İddiaçı qohumu Şahid məxsus bank kartına köçürmüşdür. Bundan başqa, o, ayrıayrı vaxtlarda iddiaçıya cəmi 1.970 manat məbləğində pul vəsaitini nəğd şəkildə ödəmişdir. İddiaçı olan borcundan hissə-hissə ödədiyi pul vəsaitlərini Şahid bank kartına köçürməsini iddiaçı özü “Votsap” proqramı vasitəsilə ona mesaj yazmaqla tapşırmış və buna görə də o, İddiaçı olan borcunu sonuncunun yaxın qohumu Şahid hissə-hissə ödəmişdir. Lakin o, həmin mesajı saxlamamışdır. O, İddiaçı və sonuncunun qohumu Şahid öz əmək haqqı kartını hər dəfə bir günlük vermiş və həmin şəxslər kartdan pul məxaric etdikdən sonra həmin kartı ona qaytarmışlar. O, niyə həmin kartdan pul vəsaitini özünün şəxsən çıxarıb iddiaçıya ödəməməsinin və pulu çıxarmaları üçün əmək haqqı kartını iddiaçıya və ya həmin şəxsin qohumuna verməsinin səbəbini hazırda izah edə bilmir. O, onun kartından çıxarılmış pul vəsaitlərinin məbləğini və çıxarış tarixlərini özündə əks etdirən rəsmi sənədi də “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən alaraq məhkəməyə təqdim etmişdir. Bundan başqa, o, onun kartından pul vəsaitlərini çıxarılmasına dair görüntüləri həmin bankdan tələb etsə də, bank əməkdaşları belə bir səlahiyyətlərinin olmadığını ona bildirərək, görüntüləri ona verməkdən imtina etmişlər. Həmin görüntülərdə onun əmək haqqı kartından məxaric edən şəxsin İddiaçı olduğuna əmin olmasa da, həmin görüntülərdə həqiqətən də kartdan pul çıxaran şəxsin o, olmadığı məlum olacaqdır. Həmin görüntülər ortaya çıxdığı təqdirdə onun əmək haqqı kartının iddiaçıda olduğu və sonuncunun onun əmək haqqı kartından pul çıxardığı təsdiq ediləcəkdir. Hazırda onun hesablamalarına görə onun iddiaçıya təxminən 1000-1.500 manat məbləğində borcu qallmışdır. Buna görə də iddiaçıya olan qalıq 1500 manat məbləğində borcunu etiraf edir və həmin borcu hissə-hissə ödəməyə razıdır. Həmçinin Cavabdeh bildirdi ki, özünün istifadə etdiyi +**********06 mobil nömrəsindən iddiaçıya məxsus telefona 2024-cü ilin aprel ayında qısa mesaj yazaraq borcunu etiraf etməsinin səbəbini indi izah edə bilmir. Sonda, Cavabdeh iddianın qismən qəbul edilməsini və ödənilməmiş borcun əvəzində ondan 1.500 manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə tərəfləri və şahidi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirdi ki, İddiaçı onun həmkəndlisi və uzaq ögey qohumudur, Cavabdeh isə o, həmyerlisi kimi tanımışdır. Cavabdeh 2023-cü ildə ondan təxminən 800-1.200 manat məbləğində borc alsa da, sonradan ona olan borcunu hissə-hissə qaytarmışdır. O, cavabdehin ondan borc aldığını belə unutmuşdu. O, 2 aydır ki, sinir xəstəliyindən əziyyət çəkir və evdə müalicə alır. Bu gün səhər Cavabdeh onun mobil telefonuna zəng edərək, təzyiq göstərməyə başlamışdır. Belə ki, cavabdeh ondan məhkəmədə İddiaçı olan borcunu əslində ona qaytardığını israrla bildirməklə, ona təzyiq etmişdir. Halbuki, o, cavabdehdən heç vaxt heç bir bank kartını almamış və heç bir kartdan heç vaxt pul çıxarmamışdır. Həmçinin Cavabdeh 2023-cü ildə yalnız ona olan borcunu hissəhissə ödəmişdir. Cavabdeh İddiaçı olan borc öhdəliyinin icrası məqsədi ilə ona pul verməmişdir və onun həmin şəxslər arasında borc münasibətlərindən məlumatı olmamışdır. O, yalnız cavabdehin bu gün səhər onun mobil telefonuna etdiyi zəngdən sonra və İddiaçı israrlı xahişi ilə, xəstə olduğu halda, məhkəmədə şahid qismində ifadə verməyə razı olmuşdur. İş materiallarında olan Cavabdeh adından tərtib edilmiş 02 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 02 iyun 2023-cü il tarixdə 5.500 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş və borcunu 22 dekabr 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı məhkəmə təqdim etdiyi, mobil telefonun görüntüsündən görünür ki, 23 aprel 2024-cü il tarixdə +**********06 mobil nömrəsindən iddiaçıya “Salam dayi pul alnmr yayda olacaq hec cur alnmr ya gözde yayda yada ver mehkemeye vallah yoxdu zyadaym tüknda baglandi” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı verdiyi izahatında Cavabdeh faktiki olaraq 4.350 manat məbləğində borc verdiyini, lakin tərəflər arasında borc müqaviləsi bağlanmadığını, Cavabdeh tərəfindən borcun etirafına dair yazılı qəbz tərtib edildiyini, həmin qəbzə uyğun olaraq cavabdehin ümumilikdə ona 5.500 manat məbləğdə pul vəsaiti ödəməsi nəzərdə tutulduğunu, buna görə də 02 iyun 2023-cü il tarixli qəbzdə Cavabdeh İddiaçı, həmin tarixdə faktiki borc verilmiş 4.350 manat əvəzinə, 5.500 manat məbləğində pul vəsaitini borc almasının qeyd edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh İddiaçı faktiki olaraq 4.350 manat məbləğində borc aldığını və onun adından tərtib edilmiş 02 iyun 2023-cü il tarixli borc müqaviləsinin (qəbzin) məhz cavabdehin özü tərəfindən öz xətti ilə tərtib edildiyini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı Cavabdeh faktiki olaraq borc qismində 4.350 manat məbləğində pul vəsaiti versə də, tərəflər arasında yazılı formada hər iki tərəfin imzaladığı borc müqaviləsi tərtib olunmamışdır və cavabdeh özünün borcun etirafına dair tərtib etdiyi yazılı qəbzi borc müqaviləsi adlandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında hər hansı yazılı borc müqaviləsi olmadığı halda, yəni müqavilə əsası olmadan Cavabdeh 02 iyun 2023-cü il tarixdə İddiaçı cəmi 4.350 manat məbləğində pul vəsaitini borc qismində almış və halhazıradək həmin borcunu iddiaçıya geri qaytarmamışdır. Belə ki, cavabdeh iddiaya etiraz ərizələrində və məhkəmə iclasında verdiyi izahatında borcunu hissə-hissə şəklində, yəni bir dəfə 800 manat, iki dəfə 435 manat və 300 manat, cəmi 1.970 manat olmaqla, iddiaçıya şəxsən təqdim etdiyini bildirsə də, lakin cavabdeh borcunu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut və ya şahid təqdim etməmişdir. Bundan başqa, Cavabdeh iddiaçıya olan borcuna görə onun əmək haqqı kartından 30 yanvar 2023-cü il tarixdə 400 manat, 09 fevral 2023-cü il tarixdə 511 manat, 04 aprel 2023-cü il tarixdə 1.198 manat məbləğində pul vəsaitlərinin Şahid tərəfindən çıxarıldığını bildirsə də, Cavabdeh mübahisə predmeti olan həmin ödənişlərin niyə borcun faktiki alınığı və borcu etirafına dair qəbzin tərtib edildiyi tarixdən, yəni 02 iyun 2023-cü il tarixindən əvvəl edildiyini əsaslandırmamış və bu barədə məhkəməyə heç bir dəlil və ya sübut təqdim etməmişdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan borc qismində pul aldığı 02 iyun 2023-cü il tarixindən bir neçə ay əvvəl, yəni 30 yanvar 2023-cü il, 09 fevral 2023-cü il və 04 aprel 2023-cü il tarixlərdə həmin borca görə ödəniş etməsi inandırıcı deyil. Bundan başqa, Cavabdeh iddiaya etiraz ərizələrində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının tapşırığı ilə sonuncuya olan borcunu Şahid ödədiyini bildirsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmiş, İddiaçı və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid isə həmin xüsusatı təkzib etmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433-cü maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Buna görə də məhkəmə hesab edir ki, 02 iyun 2023-cü il tarixdə cavabdehin iddiaçıdan müqavilə əsası olmadan faktiki olaraq aldığı və əsassız varlanma obyekti hesab olunan 4.350 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 11 manat 50 qəpik məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 63 manat 50 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 4.350 (dörd min üç yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəinin əvəzi qismində 63 (altmış üç) manat 50 (əlli) qəpik, cəmi 4.413 (dörd min dörd yüz on üç) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar