Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-808/2025 23.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində bildirir ki, 2023-cü ilin noyabr ayında Maştağa qəsəbəsində olan iribuynuzlu heyvanların mal bazarında Cavabdeh ilə həm tanış olmuş və ondan bir ədəd yanı buzovlu sağılan inəyi 2000 (iki min) manata satın almışdır. Aldığı inək az süd verdiyi üçün İlkinlə əlaqə saxlamışdır ki, inəyi geri qaytarırlar. İlkin isə ondan da yaxşı inəklər olması əsası ilə iddiaçını və ailəsini dilə tutmuş və xarici görkəmcə iri inəyi onlara məsləhət görmüşdür. Sözü gedən inəyin görkəmcə böyük olması əsası ilə, əlavə ödəniş edilməsi tələbini qoymuşdur. Əlavə pul tələbi olaraq 1500 (min beş yüz) manat istənilsə də , sonradan 1350 (min üç yüz əlli) manata razılaşmışlar. Oğlu Elşən 1350 (min üç yüz əlli) manatı və az süd verən inəyi “Qazel” markalı maşına mindirib, Biləsuvar rayonu, Cəfərzadə küçəsində, Cavabdeh yaşadığı evin həyətinə gətirmişdir. O, öz həyətində “Qazel”dən düşən inəyi görən kimi başa düşmüşdür ki, Cavabdeh onları aldatmışdır. Xəstə inəyi zorla Cavabdeh sifarişlərini yerinə yetirən “Qazel” markalı maşınla aparıb özünə təhvil vermişdir. İlkin isə 3350 (üç min üç yüz əlli) manatın əvəzində başqa inəklər təklif etsə də, onlar onu heç bir təklifini qəbul etməmiş və ona təkidlə bildirmişlər ki, ona verdikləri məbləği geri qaytarsın, Cavabdeh onların pulunu qaytarmamış, ona və həyat yoldaşına müxtəlif vədlər verməklə aldatmağa başlamışdır. Sonda isə məcburiyyət qarşısında qalaraq Biləsuvar Rayon Polis Şöbəsinə ərizələr yazmış, ərizələri 30 dekabr 2024-cü il və 16 aprel 2024-cü il tarixli məktublarla cavablandırılmışdır. İddiaçının tələbi: 3350 (üç min üç yüz əlli) manat pul məbləğinin Cavabdeh Əsgər oğlundan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi çıxış edən X2 izahatında bildirmişdir ki, İddiaçı onun əridir. Birlikdə Maşatağa bazarına getdiklərini orada İlkin adlı şəxslə tanış olduqlarını, İlkindən 2000 (iki min) manat dəyərində inək aldıqlarını bildirmişdir. Lakin aldıqları heyvanın iki litrdən az süd verdiyini gördüklərində bu barədə İlkinə bildirmişlər. İlkin də onlara yenisi ilə əvəz etməyin mümkün olduğunu bildirmişdir. Yenidən əlavə pul ödəyərək başqa heyvan almışılar. Yenə də aldıqları inək İlkinin dediyi kimi süd verməmiş, əksinə xəstə çıxmışdır deyə şahid X2 öz izahatında bildirmişdir. Məhkəmədə şahid kimi çıxış edən X3 izahatında bildirmişdir ki, atası və anası ilə birlikdə Maşatağa bazarına süd verən inək almağa getmişlər. Orada İlkin adlı şəxslə tanış olmuşlar. Ondan əvvəlcə 2000 (iki min) manat dəyərində inək almışlar. İnəyin az süd verdiyini görüb İlkinə bildirmiş, İlkin də öz növbəsində inəyi yenisi ilə dəyişəcəyini bu inəyin daha çox süd verəcəyini bildirmişdir. Lakin aldıqları yeni inək də süd verməmiş, əksinə xəstə çıxmışdır deyə X3 izahatında bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Polis Şöbəsinin 33514 nömrəli materialına əlavə edilmiş Cavabdeh Ələsgər oğlunun izahatından görünür ki, İlkin 3200 (üç min iki yüz) manat qarşılığında satdığı heyvanın pulundan 2800 (iki min səkkiz yüz) manatını qaytardığını, qalan 400 (dörd yüz) manatını qaytaracağını bildirmişdir. Biləsuvar Rayon Polis Şöbəsinin 16 aprel 2024-cü il tarixli 3-13-69/2-A-10798/11/24 saylı İddiaçı ünvanadığı məktubun surətindən görünür ki, borcla bağlı tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. 04 aprel 2025-ci il tarixli, 1-861783331 nömrəli nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia ərizəsi ilə iddia qaldırmaq üçün 53.90 (əlli üç manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu ödənişi etmişdir. Məhkəmə iclasında CD diskə baxış keçirilən zaman mübahisə predmeti ilə bağlı olan inəklərin fotoşəkillərdən, həmçinin səs yazılarından məlum olur ki, iddiaçı və onun həyat yoldaşı dəfələrlə cavabdeh İlkinlə əlaqə saxlamış, aldıqları inəklərin qüsurlu olmasını və digər iradlarını bildirmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir; 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, heyvanların alqı-satqı müqaviləsi üzrə tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi formada heyvanların alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada heyvanların alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə üzrə iddiaçıya malın adətən istifadə edildiyi məqsədlərə yarayan heyvan verməmiş (MM 581), cavabdeh tərəfindən verilmiş heyvanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş (MM 587), nəticədə iddiaçı alıcı tərəf olaraq əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, aralarında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklə əlaqədar qaytarılmalı olan məbləği ödəməmişdir. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıdan müqavilə üzrə əldə etdiyi məbləği İddiaçı geri qaytarmalıdır (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı satdığı malın ödənişini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın aradan qaldırıla bilməyən qüsuru nəticəsində aldığı məbləğin iddiaçıya qaytarılmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında satdığı heyvanların ödənişini almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvanların qüsuru ilə əlaqədar onların dəyərinin qaytarmalı olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilənin şərtləri üzrə öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar tələbin əsaslı olduğunu təsdiq edir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Polis Şöbəsinin 33514 nömrəli materialına əlavə edilmiş Cavabdeh Ələsgər oğlunun izahatından görünür ki, görünür ki, cavabdeh ilə iddiaçı arasında şifahi formada heyvanların alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin iddiaçıya satdığı heyvanlar qüsurlu olmuş, iddiaçı həmin heyvanları cavabdehə qaytarmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları iş materiallarına əlavə edilmiş sənədlər, eləcə də şahid ifadələri ilə sübuta yetirə bilmişdir. Cavabdeh tərəfindən isə müvafiq pul məbləğinin iddiaçıya qaytarılmasını sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3350 (üç min üç yüz əlli) manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3350 (üç min üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-808/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-808/2025
23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver