Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-880/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclası katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1975 manat borcun silinməsi və bununla bağlı tərtib olunmuş aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşamaqla yaşadığı həyət və oradakı ev onun mülkiyyətindədir. Hər ay elektrik enerjisindən istifadə edir və istifadə etdiyi enerjiyə görə pulunu ödəyir. Onun yaşayış evindən istifadə olunmamaqla heç kim yaşamır. 2024-cü ilin sentyabr ayında işıq idarəsinin işçiləri gəlib həmin evdə elektrik sayğacını dəyişdirmişlər. Onun barəsində tərtib edilmiş aktda sayğacın işləmədiyini göstərmişlər. Bundan sonra evə yeni elektrik sayğac qoyulmuşdur. Bu günlərdə ona məlum olmuşdur ki, "xxxx" ASC həmin sayğaca görə barəsində akt yazmaqla onu 1975 manat cərimə etmişdir. O, həmin aktın surətini cavabdeh təşkilatdan aldıqdan sonra ona məlum olmuşdur ki, sayğaca baxış zamanı "sayğacın dövrədən keçən enerjini qeyd etmədiyi, düzgün işləmədiyi" göstərilmişdir. Halbuki, onun elektrik sayğacına hər hansı formada müdaxiləsi olmamışdır. Odur ki, əsassız hesablanmış 1975 manat borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli R 361405 saylı akta əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı bir ay oxunma dövründə 24685 kv/s enerji qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bədinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus yaşayış evində elektrik sayğacının düzgün işləməməsi göstərilsə də, lakin həmin halın iddiaçının təqsirli hərəkətləri səbəbindən baş verməsi, bundan əlavə, iddiaçının hüquqa zidd hərəktələrinin araşdırılmaqla onun inzibati xəta hadisəsi törətməsi və yaxud elektrik enerjisinin talanması ilə əlaqədar cinayət faktı ilə bağlı hər hansı araşdırmanın nəticəsinə dair material iş materialları ilə müəyyən olunmur. Məhkəmə işin qeyd olunan hallarını, habelə maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli R 361405 nömrəli akt əsasında hesablanmış 1975 manat borc İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli R 361405 nömrəli akta əsasən hesablanmış 1975 (min doqquz yüz yetmiş beş) manat borc İddiaçı abonent hesabından silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-880/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-880/2025
03.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver