Məhkəmə qərarları › İş №2(022)-915/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-915/2024

16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-915/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İsehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olsa da, hazırda oğluna məxsus olan Biləsuvar şəhəri, N.Tusi küçəsi, ev 6-da ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda oğluna məxsus olan yaşadıqları ev 2015-ci ilə kimi iddiaçının mülkiyyətimdə olmuşdur. 2015-ci ildə isə “Express” banka borcu olduğu üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən məcburi şəkildə ailə üzvləri ilə birlikdə evdən çıxarılmışdır. Həmin vaxt iddiaçının qazdan istifadəyə görə 195 manat borcu olsa da, qaz sayğacına iddiaçı və ailə üzvləri tərəfindən qeyri-qanuni hər hansı bir müdaxilə edilməmişdir. Onlar məcburi şəkildə evdən çıxarıldıqdan dərhal sonra bankın vəsaiti hesabına təhlükəsizlik kameraları və siqnalizasiya qurasdırılmışdır. 2024-cü ilin may ayında onlar həmin evi “Express” bankdan borclarını tam şəkildə ödəyərək almış və həmin ev oğlu X4 mülkiyyətinə verilmişdir. Evi aldıqdan sonra onlar “Azəriqaz" X1 filialına 2015-ci ilə kimi, yəni məcbur evdən çıxarıldıqları vaxta kimi olan borclarını ödəyib qaz xəttinin bərpa edilməsi üçün müracit etdikdə onlara məlum oldu ki, iddiaçının adına 790 manat məbləğində cərimə yazılmışdır. Beləliklə, “Azəriqaz” İstehsalat Birliyinin 018306 nömrəli aktı əsasında iddiaçıya yazılmış cərimə qeyri-qanunidir. Çünki, evə daxil olan qaz xətti iddiaçının adına olsa da, o 2015-ci ildə həmin evdən banka borclu olduğu üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən çıxarılmışdır. Cərimə isə iddiaçı və ailə üzvlərinin evdən çıxarıldıqdan 3 il sonra yazılmişdır. Borclarını tam ödəmədikləri müddət ərzində istəsələr belə onlar evə daxil ola bilməmişlər. Çünki ev xüsusi siqnalzasiya və görüntü kameraları ilə qorunub. Buna görə də cavabdehin iddiaçıdan 790 manat tələb etməsi tamamilə qanunsuzdur. İddiaçının tələbi: İddiaçı “Azəriqaz” X5 X9 İdarəsi tərəfindən tərtib olunmuş 28 sentyabr 2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əsassız olaraq hesablanmış 799 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh “Azəriqaz” İsehsalat Birliyi tərəfindən İddiaçı iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilən xüsusatları təsdiq edərək və iddiaçının tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X6 iddia tələblərini qəbul etməyərək, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirildiyi vaxt sayğacın kənar fiziki təsir nəticəsində “sayğacın ekranının deşilməsi” faktı aşkar edilmiş və sayğacın dəyərinin və itirilmiş qazın bərpası üçün hesabanmış dəymiş ödənilməsi müəyyən edilmişdir. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2018-ci il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının maksimal qaz sərfi 1.2 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 3996 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. **********02680 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 799 manat 20 qəpik təşkil edir. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 14 iyun 2024-cü il tarxili, 5-39-18/2-655/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Kərimova X2 rayon Əsgərbad kəndində yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun: 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********02680 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Əlsgərbad kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış sayğac əsasında istifadə etmişdir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. Belə ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 sentyabr 2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğaca baxış keçirildiyi vaxt sayğacın ekranının deşilməsi müəyyən edilmiş və 28 sentyabr 2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 799 manat 20 qəpik məbləğində cərimə tətbiq edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən “Azəriqaz” İstehsalat Birliyinin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, “Azəriqaz” İstehsalat Birliyi dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı cavabdeh “Azəriqaz” İsehsalat Birliyi iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respubıikasənən Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üç il keçdikdən sonra qüvvəsini itirir. Mülki iş materiallarından görünür ki, mübahisəli tələblə bağlı hesablanmış borc məbləği 28 sentyabr 2018-ci il tarixində qeydə alınmışdır. Bu baxımdan qeyd edilən borc məbləğinin cavabdeh təşkilat tərəfindən tələb edilməsi müddət baxımından qüvvəsini itirmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş cavabdeh tərəf, 28 sentyabr 2018-ci il tarixində 799,20 manat məbləğində borc hesablandığı bildirsə də, həmin borcun hansı aylar üzrə hansı əsaslarla yarandığını sübuta yetirə bilməmişdir. Bundan əlavə, cavabdeh iddiaçı şəxsdən hazırkı günədək həmin borcun ödənilməsi ilə bağlı heç bir hüquqi tədbir görməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1i ünvanda yerləşmiş, İddiaçı məxsus olmuş mənzilə dair Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 sentyabr 2018-ci il tarixli, ******* nömrəli akta əsasən **********02680 saylı abonent hesabına yazılmış 799 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdeh "“Azəriqaz” İsehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2i ünvanından iddiaçıya məxsus olmuş mənzilə dair cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 28 sentyabr 2018-ci il tarixli, ******* nömrəli akta əsasən **********02680 saylı abonent hesabına yazılmış 799 (yeddi yüz doxsan doqquz) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar