Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-93/2025 16.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Rahim oğluna qarşı vurulmuş ziyanını ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Rahim oğluna və X2üna qarşı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və onun öz evində çoban kimi saxladığı X1 ona dəymiş ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində ziyanın və dövlət büdcəsinə ödənilmiş 56 manat məbləğində rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirməsi barədə ərizə verərək göstərilmişdir ki, o, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır və Biləsuvar rayon ərazisində istifadəsində olan torpaq sahələrinə yonca bitkisi əkib-biçməklə və kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini saxlayır. 2024-cü ilin mart ayında ona və ailə üzüvlərinə məxsus olan 4 hektar ərazisi olan torpaq sahəsində (yonca bitkisi olan ərazidə) 50-60 baş xırda buynuzlu qoyun-quzunun otladığını görmüşdür. O, həmin qoyun-quzuların kimə məxsus olduğu ilə maraqlandıqda bilmişdir ki, həmin xırda buynuzlu qoyun-quzuların sahibi Biləsuvar rayonu Muğankənd kənd sakini Cavabdeh Rahim oğludur. Bu minvalla Cavabdeh ona və ailə üzüvlərinə məxsus torpaq sahəsini (yonca bitkisi olan ərazidə) xırda buynuzlu heyvanlarla otarmaqla dəfələrlə ona ziyan vurmuşdur. Bunun nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Bu barədə o, dəfələrlə “102” Xidməti-Zəng mərkəzinə məlumat vermişdir. Bütün bunlara baxmayaraq Cavabdeh Rahim oğlu ona təxminən 3500 (üç min beş yüz) manat dəyərində ziyan vurmuşdur. Cavabdeh Rahim oğluna məxsus xırda buynuzlu qoyun-quzular onun torpaq (yonca bitkisi əkdiyim ərazidə) sahəsində olarkən onun tanışları video çəkilişlər aparmışlar. O, bu barədə “102” Xidməti-Zəng mərkəzinə məlumat verdikdən sonra, Biləsuvar rayon Polis Şöbəsinə dəvət olunmuş, orada izahat vermişdir. Eyni zamanda cavadeh də Polis Şöbəsinə dəvət olunmuş və orada izahatını vermişdir. Lakin Biləsuvar rayon Polis Şöbəsində ona bildirilmişdir ki, əkin sahəsinə dəymiş ziyanla bağlı iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh Rahim oğlu onun əkin sahəsində xırda buynuzlu qoyunları otarmaqla ona xeyli miqdarda maddi ziyan vurmuşlar. Sonda iddiaçı Cavabdeh Rahim oğlundan ona dəymiş ziyana görə 3500 (üç min beş yüz) manat və dövlət büdcəsinə ödənilmiş 56 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Rahim oğlu məhkəmə iclasında izahatında göstərmişdir ki, onun şəxsi təsərrüfatında 80 baş xırda buynuzlu heyvanları vardır. Həmin heyvanları otlaq sahəsinə aparan zaman onlara nəzarət etməsinə baxmayaraq iddiaçının əkin sahəsinin yol kənarında yerləşməsi səbəbindən heyvanlar nəzarətdən çıxaraq iddiaçıya məxsus əkin sahəsinə daxil olsa da, həmin heyvanları əkin sahəsindən çıxarırlar. Ona görə də iddiaçının ondan vurulmuş zərərə görə pul tələbini əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını iş materiallarında olan sübutlar əsasında araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin Bilsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində 1.7655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024) ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 2024-cü il tarixli № 5-39-16/2-719/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh şəxsi təsərrüfatında 10 baş iri buynuzlu və 80 baş xırda buynuzlu mal-qarası vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iclasında iş mateirallarına əlavə edilmiş videoçəkilişə baxış zamanı Cavabdeh Rahim oğlu iddiaçının yonca sahəsinə daxil olmaqla otlayan qoyun və quzulardan ibarət xırda buynuzlu heyvanların ona məxsus olduğunu, lakin əkin sahəsinin yol kənarında yerləşməsi səbəbindən heyvanların nəzarətdən çıxaraq əkin sahəsinə girdiyini, iddiaçının əkin sahəsini otarmaqla ona ziyan vurmaq niyyətinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh Rahim oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh Rahim oğlundan vurulmuş maddi zərərə görə 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 56 (əlli altı) manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Rahim oğlundan vurulmuş maddi zərərə görə 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 56 (əlli altı) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-93/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-93/2025
16.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver