Məhkəmə qərarları › İş №2(022)-944/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-944/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-944/2023 15.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(022)- 785/2020-ci il tarixli qətnaməsinə əsasən 28 iyun 2020-ci ildə doğulmuş Nuray adlı uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə tutulması müəyyən olunmuş hər ay 100 manat məbləğində alimentin miqdarının hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(022)-785/2020 sayli qətnaməsinə əsasən 28 iyun 2020-ci il tarixdə doğulmuş Nuray adlı uşağın saxlanması üçün hər ay 100 manat cavabdehdən aliment tutularaq ona verilməsi qət edilmişdir.Hazırda özünün maddı vəziyyəti həddən artıq ağırdır. Uşağın 3 yaşı vardır. Hər ay cavabdeh tərəfindən verilən 100 manat pul vəsaiti uşağın tələbatını təmin etmir.Uşağı saxlamaqda çətinlik çəkir. Səhətində problemlər vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Hazırda cavabdehin maddi imkanı yüksəkdir. Lakin uşağa əlavə heç bir yardım etmir.Odur ki, Biləsuvar rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2(022)- 785/2020-ci il tarixli qətnaməsinə əsasən 28 iyun 2020-ci ildə doğulmuş Nuray adlı uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə tutulması müəyyən olunmuş hər ay 100 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, yəni iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı № 734318 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında X4, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)- 785/2020 saylı qətnaməsindən görünür ki, 28 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment sabit pul məbləğində hər ay 100 (yüz) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam yüzdə qırx) misli miqdarında müəyyən edilmiş və həmin alimentin cavabdeh X1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01423 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının iştirak etmiş və 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin, X4 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-785/2020 saylı qətnaməsi ilə cavabdeh X1 28 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam yüzdə qırx) misli miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 28 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin bir hissəsinin əvəzi qismində - 45 manat məbləğdə pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(022)-785/2020 saylı qətnaməsi ilə cavabdeh X1 28 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam yüzdə qırx) misli miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 28 iyun 2020-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh X1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar