Məhkəmə qərarları › İş №2(022)-98/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-98/2025

30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-98/2025 30.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızının sədrliyi, X1 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh Baratəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Baratəli oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı NovruzovTofiq Baratəli oğlu Cavabdeh Baratəli oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Baratəli oğlundan 3 (üç) ton arpanın və ya 1500 (min beş yüz) manat dəymiş ziyanın və iddia ərizəsi verilərkən ödənilmiş 115 manat dövlət rüsümunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məxsus çöl pay əkin torpaq sahəsində 65 sot arpa əkmişdir. Qalan sahəyə, yəni 80 sota buğda əkmişdir. Ailə üzvləri olaraq hər bir ailənin üzvünə 3.56 sot torpaq sahəsi düşmüşdür. Torpaq islahatı zamanı ailəsinə bütövlükdə 3.28 hektar yer verilmişdir. 9 nəfər ailə üzvünə hər birinə 36.40 torpaq sahəsi verilmişdir. Qardaşı Cavabdeh Baratəli oğlu 2010-cu ildən ona məxsus olan 36.40 sot torpaq sahəsini əkib becərir. Belə ki. Cavabdeh Baratəli oğlu öz yerindən əlavə olaraq 50 sot torpağı özbaşına biçərək ona 1500 manat ziyan vurduğunu bildirmişdir. Cavabdehin etirazı: Cavabdeh Baratəli oğlu tərəfindən iddiaya qarşı yazılı etiraz və ya hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Baratəli oğlu iddia ərizəsini qəbul etməyərək, bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən bütün faktlar əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon Poli X2 Bölməsinin 3-13-69/2-N-913/11/24 saylı, 05 iyul 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının şikayətinə baxılaraq müəyyən olunmuşdur ki, əkin sahəsinə dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə mülki xarakterli olduğundan araşdırılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Qeyd olunan xüsusatda cinayət hadisəsi və inzibati hüquqpozma faktı aşkar olunmamışdır. Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahatı Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 31 nömrəli qərarına əsasən, 3.28 hektar kənd təsərrüfatı məhsulları istehsalına yararlı torpaq sahəsi iddiaçı və onun hər bir ailə üzvünə məxsusdur. Mülkiyyətə verilmiş torpaq sahəsinin cizgisinə dair sənədin surətindən görünür ki, ümumi torpaq sahəsi 3.28 hektardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096, 1097.1-ci maddəslərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı qeyd etdiyi iddianı sübut etmək üçün heç bir şahid və tutarlı əsaslar gətirə bilmir. Bundan əlavə, iddiaçı cavabdehin ona dəymiş ziyanın 1500 manat olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Belə ki, iddiaçı şifahi şəkildə baş vermiş hadisəni görən və eşidən şahidlərin adlarını çəkərək, onların bu faktı təsdiq edəcəyini iddia etsə də, məhkəmə bu sübutu iddiaçının baş verməsini iddia etdiyi deliktdə cavabdehin təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunamüvafiq qaydada sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Baratəli oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh Baratəli oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar