Məhkəmə qərarları › İş №2(022)-981/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-981/2024

16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-981/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Kamal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Əliyeva X1 rayonunda yaşadığını, əsasən məişət əşyalarının satışı olmaqla, qanunamüvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 1450 manat dəyərində AUX markalı paltaryuyanı nisyə almış və aralarında tərtib edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh 100 manat ilkin ödəniş etmiş və 12 ay müddətinə ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh ilkin ödənişdən sonra ümumiyyətlə götürdüyü malın pulunu dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq ödəməmişdir. Aralarında olan müqaviləyə əsasən Cavabdeh hər gecikdirilən günə görə İddiaçı ödənilməyən məbləğin 0.1 faizi pul ödəməlidir. Hazırda Cavabdeh müqavilə üzrə 5 ay, yəni 150 gündür ki borcu gecikdirmiş və borcunu ödəməmişdir. Ödənilməyən məbləğ 1350 manat, 0,1 faizi 1 manat 35 qəpik etdiyinən, 5 aylıq 202 manat təşkil edir. İddiaçı, Cavabdeh ona əsas borca görə 1350, faiz borca görə isə qismən, yəni 202 manat borcu qaldığını bildirmişdir. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat əsas borc, 202 manat faiz borcuna görə, cəmi 1552 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğl iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı AUX markalı paltaryuyan almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 113 manat (sonuncu ay 107 manat) pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1450 (min dörd yüz əlli manat) manat məbləğindədir. Cavadbeh Cavabdeh 09 iyun 2023-cü il tarixli müqavilənin bütün şərtləri qəbul edilmiş və müştəri öz imzası ilə təsdiq etmişdir. 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhviltəslim aktına əsasən Cavabdeh tərəfindən AUX markalı paltaryuyan təhvil alınmışdır. İddiaçı "ABC Telecom" Məhdud Məsuliyyətlinin 19 iyul 2024-cü il tarixli pretenziya məktubuna əsasən, Cavabdeh öhdəliklərin icrası ilə əlaqədar öhdəliyə riayət olunmasını, əks təqdirdə, müqavilənin 5.2-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən (ilkin ödəniş 100 manat olmaqla) 1450 manat dəyərində “AUX” markalı paltaryuyan vermiş, malın verilməsi borcalan Cavabdeh tərəfindən imzalanmış 09 iyun 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ilə sübuta yetirilir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1552 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmə və digər xərclərlə bağlı tələb olmadığından çəkilmiş xərclər iddiaçının özünə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1350 manat əsas borc, 202 manat faiz borcu olmaqla, cəmi 1552 (min beş yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar